Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

453 il əvvəl...

1 iyul 1569-cu ildə Polşa və Litva knyazlıqları birləşərək Reç Pospolita dövlətini yaradıblar. Lyublin uniyası hələ 1385-ci ildən başlanan birləşmə prosesinin yekunu idi. Reç Pospolita XVIII əsrin sonunda Rusiya və Almaniya (Prussiya) tərəfindən bölüşdürüldü.

 

322 il əvvəl...

3 iyul 1700-cü ildə I Pyotrun Azov yürüşlərinin (1695-1696) nəticəsi ilə bağlı Rusiya ilə Osmanlı arasında sülh imzalanıb. İstanbulda imzalanan sazişə əsasən, Azov dənizi sahilindəki limanlarla birlikdə Rusiyanın nəzarətinə keçib. Osmanlı Dneprboyu ərazilər üzərində nəzarətini də itirib.

 

246 il əvvəl...

4 iyul 1776-cı ildə Amerika Birləşmiş Ştatlarının yaranması barədə “Müstəqillik bəyannaməsi” qəbul olunub. Tomas Ceferson tərəfindən hazırlanan sənədə Britaniyanın Amerikadakı müstəmləkəsi olan 13 ştat imza atmışdı. Ştatların Filadelfiyada keçirilən II Kontinental Konqresində qəbul edilən “Müstəqillik bəyannaməsi”ndə o vaxt Avropa üçün görünməmiş dərəcədə insan haqları və bərabərlik prinsipləri önə çəkilmişdi.

 

155 il əvvəl...

1 iyul 1867-ci ildə Kanada dövlətinin yarandığı elan edilib. O vaxtadək Kanada ingilislərin tam müstəmləkəsi idi. Britaniya Parlamentinin qəbul etdiyi qanuna əsasən, Kanada dominion (Britaniya Kralının general-qubernator təyin etdiyi, amma faktiki müstəqil) dövlət statusu aldı. O vaxt Kanadanın 4 vilayəti vardı və ərazisi indikinin üçdəbiri qədər idi.

 

104 il əvvəl...

2 iyul 1918-ci ildə Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr imzalayıb. Bununla Azərbaycan polis orqanlarının əsası qoyulub. Prezident Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə iyulun 2-si Azərbaycanda “Polis günü” kimi qeyd olunur.

 

88 il əvvəl...

1 iyul 1934-cü ildə Almaniya kansleri Adolf Hitlerin əmri ilə onun hakimiyyətinə müxalif ola biləcək yüzlərlə siyasətçi, hərbi və dövlət xadimi məhv edilib. İyunun 30-dan iyulun 1-nə keçən gecə həyata keçirilən cəza əməliyyatı tarixə “Uzun qayçılar gecəsi” adı ilə düşüb.

 

76 il əvvəl...

4 iyul 1946-cı ildə Filippin müstəqilliyini elan edib. Üç əsrə yaxın İspaniyanın müstəmləkəsi olmuş Filippin müstəqilliyini hələ 1898-ci ildə bəyan etmişdi, lakin sonra Amerikanın müstəmləkəsinə çevrilmişdi. 1934-cü ildə ABŞ Filippinə muxtariyyət vermişdi.

 

60 il əvvəl...

3 iyul 1962-ci ildə Fransanın müstəmləkəsi olan Əlcəzair müstəqillik əldə edib. XVI əsrin ortalarından Osmanlının hökmranlığında olan Əlcəzair 1830-cu ildən Fransanın nəzarətinə keçmişdi. 1954-cü ildə Əlcəzairdə müstəmləkəçilik əleyhinə savaş başlamışdı.

 

53 il əvvəl...

1 iyul 1969-cu ildə Şərqi Afrikadakı Ruanda və Burundi ölkələri də müstəqillik əldə ediblər. Hər iki ölkə XIX əsrin sonundan Almaniyanın müstəmləkəsinə çevrilmiş, I Dünya müharibəsindən sonra isə Belçika və Britaniyanın nəzarətinə keçmişdi.

 

49 il əvvəl...

3 iyul 1973-cü ildə Helsinkidə (Finlandiya) Avropa təhlükəsizlik və əməkdaşlıq məsələləri üzrə beynəlxalq müşavirə işə başlayıb. İki ilə yaxın sürən müzakirələr 1975-ci ildə Helsinki Yekun Aktının imzalanması və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM – 1994-cü ildən ATƏT) yaranması ilə başa çatdı.

 

46 il əvvəl...

2 iyul 1976-cı ildə Vyetnamın cənubunda ABŞ işğalçılığının başa çatması ilə ölkə birləşib. Şimaldakı Hanoy şəhəri paytaxt olmaqla Vyetnam Sosialist Respublikasının yarandığı elan edilib. Cənubda amerikapərəst rejimin mərkəzi olmuş Sayqon şəhəri Xoşimin (Vyetnam kommunistlərinin lideri) adlandırılıb.

 

31 il əvvəl...

1 iyul 1991-ci ildə SSRİ və Avropanın sosialist ölkələri (Bolqarıstan, ADR, Rumıniya, Polşa, Macarıstan, Çexoslovakiya) hərbi blokunun – Varşava Müqaviləsinin bütün hərbi strukturlarının buraxıldığı elan edilib. Varşava Müqaviləsi 1955-ci ilin 14 mayında NATO blokuna cavab olaraq yaradılmışdı.

Hazırladı: V.Orxan