Qazax xalqının görkəmli söz, fikir adamlarından biri də şair, yazıçı, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayev olub.  Onun adı Türk dünyasının mütəfəkkir ədibləri sırasında hörmətlə çəkilir. Təsadüfi deyil ki, ədibin 175 illik yubileyi münasibətilə TÜRKSOY tərəfindən 2020-ci il “Abay Kunanbayev İli” elan edilmişdi.

O, yaradıcılıq fəaliyyəti dövründə qazax ədəbiyyatına yeni ictimai məzmun verib. Şeirlərində əsasən ülvi və saf məhəbbəti tərənnüm edib. Dövrün ictimai-siyasi proseslərini diqqətlə izləyərək cəmiyyətdəki çatışmazlıqları tənqid edən əsərlər qələmə alıb. 59 illik ömründə gələcək nəsillərə 200-ə yaxın şeir, üç poema, 45 nəsr əsəri yadigar qoyub.

İbrahim (Abay) Kunanbayev 1845-ci ildə Qazaxıstanın Semey (keçmiş Semipalatinsk) vilayətinin Jidebay kəndində dünyaya göz açıb. İbtidai təhsilini mollaxanada alır. Sonra atasının tövsiyəsi ilə 1857-ci ildə Semipalatinskdə Əhməd Rza mədrəsəsinə gedir. Ərəb, fars dillərini öyrənir. Şərq ədəbiyyatı klassiklərinin əsərləri ilə yaxından tanış olur. Ancaq mədrəsədən ayrılaraq rus məktəbində təhsilini davam etdirir. O, eyni zamanda poeziyaya maraq göstərir. Hazırcavablığı və məntiqli düşüncəsinə görə yoldaşları onu “Abay” (diqqətli, ehtiyatlı) deyə çağırırlar. Sonralar o, elə bu adla da tanınır.

Hələ məktəbli ikən ilk qələm təcrübəsi olan “Dəvə qovan” şeirini yazır. Sonra “Dövlətlinin bir dərdi var”, “Xoş söz eşitmədim mən” və “Mal-qaranı qoruyub firavan gün sürür bəy” kimi şeirlərini qələmə alır, varlı və tamahkar bəyləri tənqid edir.

Şairin erkən yaradıcılığında qazax folklorunun təsirləri aydın görünür. Araşdırmalarda qeyd olunur ki, Abay Kunanbayev yaradıcılığının çiçəkləndiyi bir vaxtda ağır faciə ilə üzləşir. İki oğlunu birdən itirir. “Gəlinim Məhişə başsağlığı” şeirində Allahın ona əlacsız dərd verdiyini söyləyir.

Abay Kunanbayev yaradıcılıq fəaliyyəti dövründə lirik və satirik şeirlər, lirik-epik poemalar və maarifçi-realist nəsr əsərləri ərsəyə gətirib. Əsərləri ilə tanışlıqdan hiss edirsən ki, o, milli ruhlu şeirin yaradıcılarından biri kimi ədəbiyyata gəlib. Əsərlərində maarifçiliklə xəlqilik üzvi surətdə bir-birini tamamlayır. O, əsərlərini daha çox ictimai ədalətsizliklərin tənqidinə, nadanlıq və cəhalətin aradan qaldırılmasına, elm və maarifin təbliğinə həsr edib. Əsərlərinin xeyli hissəsi xalqı azadlıq uğrunda mübarizəyə ruhlandıran maarifçi-didaktik çağırışlardan ibarətdir. Müəllif “Qara söz” kitabında yazır:

Bilinmir bu dünyada
Yalan harda, düz harda?
Nədi zülmət, nədi nur?
Güclü güclünü udur.
...Yazıq xalq parçalanıb,
Ümidlər haçalanıb.
... Xalq talanıb, soyulub,
Top ağzına qoyulub.
... Nəymiş mənim yanmağım,
Xalqı belə anmağım.
İnam, inad, bu səbir?
Xalq yerində dayanıb,
Xalq ayılıb-oyanıb
Bir hərəkət işləmir.

Şairin poemalarında çətin və acınacaqlı həyatın ağır səhnələri əksini tapıb.  “İskəndər”, “Maqsud” və “Əzim haqqında nağıl” poemaları XIX əsrdə qazax ədəbiyyatında təzə-təzə yaradılan yeni tipli bədii əsərlərdir. “İskəndər” poeması tarixi şəxsiyyət olan Makedoniyalı İskəndərə həsr olunub. Ancaq personajlar və hadisələr İskəndərin həyatının konkret faktları ilə üst-üstə düşmür. Buna baxmayaraq, humanizm və insanpərvərliyin təbliği, müharibə dəhşətləri, istila və qarətə etiraz poemanın mərkəzində dayanaraq oxucuları ibrətləndirir.

Şairin “Maqsud” poemasında isə əxlaqi-didaktik görüşlər fonunda ağıl, tale və nəfs problemlərinə orijinal baxışlar əksini tapıb. O, insan idrakını, şəxsiyyəti cəmiyyətin əsası hesab edir. Ağılsızların hakimiyyətini cəmiyyət üçün faciə kimi qiymətləndirir. Poemada hadisələr ərəb xəlifəsi Harun ər-Rəşidin hakim olduğu Bağdad şəhərində baş verir: Maqsud yolda bir quldurun qoca kişini qarət etdiyini görür və ona kömək edir. Qoca kişi ona sübh çağı sərdabənin həyətinə gəlməsini xahiş edir. Maqsud ora gəlir və qoca kişi sərdabənin həyətində ağ, sarı və qırmızı meyvəsi olan ağacı ona göstərir. Sonra ona istədiyi rəngdə olan bir meyvə seçməsini bildirir. Ağ ağıl, sarı var-dövlət, qırmızı meyvə isə qadın mənasında olur... Şair bununla əsərdə üç əsas prinsip – qüdrət, dövlət və məhəbbətin hansının cəmiyyət üçün vacibliyi məsələsini giqqət mərkəzinə çəkir. Burada ağılın təntənəsinin vacibliyi, insan xoşbəxtliyinin əsasında ağılın dayanması və s. məsələlərdən bəhs olunur.

Abay Kunanbayev qazax poeziyasını həm də yeni formalarla (müsəddəs, müsəlləs, məsnəvi) zənginləşdirib. Müasirləri “Əqliyyə” əsərini onun yaradıcılığının zirvəsi hesab ediblər. Şair bu əsəri cavanlara xitabən qələmə alıb. Əsərdə dövrün çatışmazlıqlarını göstəran şair məhrumiyyətlərə düçar olan xalqının halına yanır və ürək ağrılarını dilə gətirir. Xalqa müraciətlə yazır: “Ey mənim xalqım, bu qədər təbii sərvətimiz olduğu halda niyə yoxsulluq içində yaşayırıq? Xarici varlılar, az da olsa, dövlətin inkişafı, xalqın güzəranının yaxşılaşması üçün nə isə edirlər. Bizim qazax bəyləri isə iki şeyi bacarır: çoxlu ət yeməyi və çoxlu arvad almağı”.

Abay Kunanbayevin əsərlərində çar Rusiyasına müəyyən qədər rəğbət hiss olunsa da, ölkəsinin müstəmləkə altında zülm çəkdiyini də görür. Buna görə də çarizmin işğalçılıq siyasəti ilə barışmır. Bununla belə, xalqın maariflənməsində rol oynayan rus ziyalılarını soydaşlarının qanını içən məmurlarla eyniləşdirmir. O, eyni zamanda qazax mədəniyyətinin rus və Avropa mədəniyyətləri ilə yaxınlaşmasını alqışlayıb.

Ömrü boyu ictimai ədalətsizliklərə qarşı çıxan, xalqın nicat yolunu maariflənməkdə və milli-mənəvi özünüdərkdə axtaran, qazax xalqının “yolgöstərən ulduz”u kimi xarakterizə olunan Abay Kunanbayev 6 iyul 1904-cü ildə vəfat edib.

Savalan Fərəcov