Bayburtda Dədə Qorqud Mədəniyyət və Sənət Festivalı davam edir

 

Xəbər verdiyimiz kimi, 18-23 iyul tarixində Türkiyənin Bayburt şəhərində 26-cı Beynəlxalq Dədə Qorqud Mədəniyyət və Sənət Festivalı keçirilir.

Festival çərçivəsində “Dədə Qorqud Türk dünyasının mənəvi mirası” mövzusunda panel təşkil edilib. Tədbirə Azərbaycandan da alimlər qatılıblar.

Panelin birinci hissəsinə professor Alpaslan Ceylan, ikinci hissəsinə professor Zakir Avşar sədrlik ediblər.

Azərbaycandan filologiya elmləri doktoru, türkoloq Firudin Ağasıoğlu, qorqudşünas alim Nailə Əskər, eləcə də Türk dünyasının digər tanınmış alimləri Ahmet Bican Ercilasun, Metin Ekici, Mutlu Türkmen, Fatih Kirişçioğlu və Kenan Çarboğa Dədə Qorqudun tarixi şəxsiyyət kimi türk xalqlarının dəyərlərinin qorunmasına təsiri, ona aid hadisələrin coğrafiyası, bu sahədə qədim irsin tədqiqi, Dədə Qorqud dastanlarında adıçəkilən şəxslər və coğrafi adlar barədə fikirlərini bölüşüblər.

Professor Alpaslan Ceylan diqqətə çatdırıb ki, Dədə Qorqud hekayətləri ilə əlaqədar Azərbaycan başda olmaqla, bütün Türk dünyasında ortaq tarixi irsimizin dərindən araşdırılmasına ciddi ehtiyac var.

Ümummilli lider Heydər Əliyevin müvafiq fərmanı ilə 2000-ci ildə Azərbaycanda “Kitabi-Dədə Qorqud” eposunun 1300 illik yubileyinin keçirildiyini xatırladan professor Zakir Avşar bu istiqamətdə görülən bütün işlərin ortaq türk tarixinə və mədəniyyətinə töhfələr verdiyini deyib.

Dədə Qorqud irsinin türk xalqlarının müasir düşüncəsinə təsir imkanlarının geniş olduğunu ifadə edən natiqlər indiki Ermənistan ərazisindəki yerlər və tarixi mədəniyyət abidələri ətrafında müzakirələr aparıblar. Bildirilib ki, bu coğrafiyadakı bütün tarixi və mədəni izlər, insan amili ilə bağlı irs türk mənşəlidir.

Alimlər Azərbaycanda Dədə Qorqud irsi ilə bağlı aparılan tədqiqatları xüsusi qeyd ediblər. Qeyd olunub ki, türk dövlətləri arasında bu sahədə daha sıx əməkdaşlıq ortaq tariximizin və mədəniyyətimizin inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

***

Festival çərçivəsində Türk Dünyası Yazıçılar və Sənətçilər Fondu (TÜRKSAV) tərəfindən mükafatlandırma mərasimi də keçirilib. TÜRKSAV-ın sayca 24-cü “Türk dünyasına xidmət” mükafatlarının təqdimatında Bayburtun rəhbər şəxsləri, festival iştirakçıları, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Bayburt Bələdiyyəsinin başqanı Hükmü Pekmezci, Bayburt valisinin müavini Göksel Yüksel, TÜRKSAV-ın rəhbəri Yavuz Gürler çıxışlarında ənənəvi Dədə Qorqud festivalının önəmini, Türk dünyası qarşısında böyük xidmətləri ilə seçilən elm adamlarının davamlı olaraq mükafatlandırılmasını yüksək dəyərləndiriblər.

Laureatların həyat və fəaliyyətini əks etdirən fotoslaydlar göstərilib.

Sonra tanınmış alimlər Firudin Ağasıoğlu, Ahmet Bican Ercilasun, Alpaslan Ceylan və Fatih Kirişçioğluya mükafatlar təqdim olunub. TRT AVAZ telekanalı da mükafata layiq görülüb.

Mehparə Sultanova
Ankara