Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Ankaradakı katibliyində tanınmış qazax şairi Muxtar Şahanovun anadan olmasının 80 illiyi qeyd edilib.
Tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Raev, Türk Dil Qurumunun prezidenti Gürer Gülsevin, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Qazaxıstan, Azərbaycan və Qırğızıstanın Türkiyədəki səfirləri Yerkebulan Sapiyev, Rəşad Məmmədov, Kubaniçbek Ömuraliyev və digər qonaqlar iştirak ediblər.
Baş katib Sultan Raev tədbiri açaraq Muxtar Şahanovun təkcə müasir qazax ədəbiyyatının deyil, Türk dünyasının tanınmış şairi olduğunu vurğulayıb: “O həm də 11 il Qazaxıstanın Qırğızıstandakı səfiri kimi fəaliyyət göstərib, “Manas” dastanının bütün dünyada tanınmasına misilsiz töhfələr verib, Türk dünyası xalqları ilə daim yaxın əlaqələr saxlayıb. Muxtar Şahanovun 80 illik yubileyin TÜRKSOY-da qeyd etməkdən çox məmnunuq...”.
Sonra çıxış edən Muxtar Şahanov “Həyatım boyu həmişə doğru bildiyimi söyləmişəm. Ədəbiyyat sahəsində çoxlu mükafatlar almışam, amma bu barədə danışmağı sevmirəm. Otuzdan çox dilə tərcümə olunan əsərlərim hər gün mənim adımdan danışır” deyib.
Yubilyar şair tədbirin təşkilinə görə TÜRKSOY-un rəhbərliyinə, eləcə də bütün iştirakçılara təşəkkürünü bildirib.
Azərbaycan, Qazaxıstan və Qırğızıstanın Türkiyədəki səfirləri də çıxış edərək yubilyara təbriklərini çatdırıblar.
Sonra Sultan Raev TÜRKSOY-un ali təltifi olan “Qızıl medal”ı Muxtar Şahanova təqdim edib.
Tədbir Muxtar Şahanovun ədəbi irsinə həsr olunmuş konfransla davam edib. Sonra Kağan etnofolklor ansamblı və “Türküstan ulduzları” qrupu qısa konsert proqramı ilə çıxış edib.
Mehparə Sultanova
Ankara