Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğulları haqqında məlumat verməyə davam edirik. Bu yazıda Vətən müharibəsinin şəhid baş leytenantı Emil Əsədovu xatırlayacağıq.

Emil Balaqardaş oğlu Əsədov 1998-ci il yanvarın 11-də Salyan rayonunun Çuxanlı kəndində hərbçi ailəsində anadan olub. Emilin atası da hərbçi kimi Birinci Qarabağ müharibəsində iştirak edib. 1994-cü ildə ordudan tərxis olunub.

İlk təhsilini Ziyad Həmidov adına Çuxanlı kənd tam orta məktəbində alan Emil 2012-ci ildə C.Naxçıvanski adına Hərbi liseyə daxil olur. 2015-ci ildə liseyi bitirərək, motoatıcı ixtisası üzrə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirir. 2019-cu ildə təhsilini başa vuraraq leytenant rütbəsində Qusar rayonundakı N saylı hərbi hissədə xidmətə başlayır.

Vətən müharibəsinin ilk günlərində tank əleyhinə taqım komandiri olaraq döyüşlərə qatılan Emil Hadrut, Füzuli, Qubadlı, Xocavənd və Şuşanın azadlığı uğrunda döyüşlərdə fəal iştirak edir. Döyüşlər zamanı düşmənin onlarla canlı qüvvəsini məhv edir, xeyli sayda döyüş texnikasını sıradan çıxarır. İki dəfə yaralansa da, yenə döyüşür. Dəfələrlə yoldaşlarını mühasirədən çıxarır, buna görə də “Qaya 11” ləqəbini qazanır. Emil Əsədov noyabrın 7-də, Zəfərə üç gün qalmış Xocavənd istiqamətində döyüşlərdə şəhadətə yüksəlir.

Şəhidin anası Təranə Əsədova Emilin istedadlı olduğunu deyir: “Oğlum yeddi il hərb sənətini oxumuşdu. Vətən müharibəsində göstərdiyi şücaətə görə baş leytenant hərbi rütbəsi verilmişdi. Sevinirəm ki, Emilin qanı yerdə qalmadı. Allah bütün şəhidlərimizə rəhmət eləsin...”.

Bacısı Emiliya Əsədova bildirir ki, Emil uşaqlıqdan Vətənə sevgi, düşmənə nifrət hissləri ilə böyüyüb: “Çünki özü də hərbçi oğludur. Atam da I Qarabağ müharibəsi veteranıdır. Emillə bağlı o qədər danışa bilərəm ki... Anadan olmağını, 1998-ci ilin qarlı, boranlı 11 yanvarını, adını mənim qoymağımı... Xəstəxana həyətində nənəm və atamla gözləyirdim balaca qardaşımın gəlməyini. Öz adımı anam bəyənərək Emiliya qoymuşdu, mən də adıma uyğun qardaşımın adı Emil olsun dedim... Xatırlayıram, hələ uşaq ikən taxtadan silahlar düzəldib guya düşməni məhv edirdi”.

Emiliya xanım söyləyir ki, qardaşının üzgüçülük, balıq tutmaq kimi hobbisi olub: “Yay gələn kimi dostları ilə həmişə evimizin yanından axan Kür çayında çimməyə gedərdilər. Elə orda da balıq tutardılar. Çox sevirdi balıq tutmağı. Çaydan çıxardığı balıqlarla çoxlu şəkilləri var...”.

Vətən müharibəsi zamanı ölkədən kənarda olan bacısı deyir ki, Emilin müharibədə iştirakından xəbərləri olmayıb: “27 sentyabr günü həyat həmişəki axarı ilə davam edirdi. Səhərdən anama mesaj yazmışdım, amma, çatmamışdı. Sonra digər qohumlara yazdım. Narahat olmağa başladım. Çünki heç kimə mesaj çatmırdı. Günorta anamdan belə bir mesaj gəldi ki, müharibə ilə bağlı internet məhdudiyyəti var. Əlim-qolum bağlandı o an. Bəs Emil? Emil haradadır? Nə zənglərə, nə mesajlara cavab vermirdi. Anam yazdı ki, əlaqə saxlamışıq narahat olma, iş yerindədir dedi. Axşam Emil mənə də zəng etdi. “Qusardayam, narahat olma, hər şey yaxşıdır, sadəcə, başım qarışıqdır, telefona baxmağa imkan yoxdur” dedi. Əlimdə telefon bütün günü xəbərləri oxuya-oxuya keçirdi günlərim. Deməli, Vətəndən uzaqda olduğum üçün qardaşım narahat qalmayım deyə məndən döyüşlərdə olduğunu gizlədirmiş. Tez-tez xəbər linklərini göndərirdim ki, bax, Ordumuz filan yeri azad edib. Daha haradan biləydim ki, özü şəxsən o döyüşlərdə iştirak edir. Cəbrayıl rayonu azad olunanda “Halal olsun Azərbaycan əsgərinə, möhtəşəmsiniz!” – deyə mesaj yazdım. Emil yenə heç nə yazmadı. Sən demə, döyüşlərdə yaralanıbmış. Sonra yazdı ki, “Əlbəttə, güclüyük, çox az qalıb. Ordumuz düşməni qovub Qarabağdan çıxaracaq...”.

Emiliya xanım qardaşı ilə son dəfə noyabrın 4-də səhər saatlarında əlaqə saxladığını deyir: “Yazdı ki, hər şey yaxşıdır, narahat olma. Bu onun bizə son mesajı, son yazdığı cümlə idi. Noyabrın 9-u Emilin şəhid xəbəri gəldi. Mənə deməyə heç kəs ürək etməmişdi. O günü, o anı, o çarəsizliyi yaddaşım elə möhürləyib saxladı ki, hüceyrələriməcən hər gün o anları yaşayıram. 22 illik həyatında qısa, amma çox şərəfli ömür yaşadı qardaşım. Kəlmələrin yetərsiz qaldığı elə məqama ucaldı ki, biz yaşadıqca, o, hər zaman yaşayacaq. Bilirəm ki, qardaşımın ruhu şaddır. Sən rahat uyu yatdığın torpaqda, Emil. Ancaq hərdən yuxularımıza qonaq gəl...”.

Emil Əsədov noyabrın 9-da doğulduğu Çuxanlı kəndində torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, Xocavənd, Cəbrayıl və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.

Ruhu şad olsun.

Nurəddin