XX əsrin əvvəllərində xalqın maariflənməsi yolunda böyük xidmətləri olan vətənpərvər ziyalı nəslin görkəmli nümayəndələrindən biri şair, nasir, tərcüməçi, həkim Abbas Səhhət olub. Ədibin “Əhmədin qeyrəti” poeması, uşaqlar üçün yazdığı “Cücələrim”, “Qaranquş balaları”, “Vətən”, “Yaz”, “Quşlar”, “Ayı və şir” kimi şeirləri, eləcə də dünya ədəbiyyatından etdiyi tərcümələr bu gün də oxucular tərəfindən maraqla qarşılanır.
Abbas Əliabbas oğlu Mehdizadə (Abbas Səhhət) 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya göz açıb. İbtidai təhsilini molla məktəbində alır, sonra mədrəsədə oxuyur. Ərəb, fars və rus dillərini öyrənir. Ali təhsil ardınca İrana gedir. Tehran Universitetinin Tibb fakültəsinə qəbul olunur. Burada fransız dilini də öyrənir. 1900-cü ildə təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra Parisdə xəstəxanaların birində tibbi təcrübə keçir.
Tanınmış tədqiqatçı Salman Mümtaz araşdırmasında yazır: “Səhhət Nasiriyyə mədrəsəsinin klinikasında işlədiyi vaxt Hülaku nəslindən olan bir cavan xan gözlərini müalicə etdirmək üçün ora gəlir. Sonra həmin cavan xan Parisə getməli olur. Orada gözlərinə qulluq eləmək üçün bir nəfərə ehtiyac duyur. Professor Mirzə Abdullanın mərufluğu ilə həmin xan Səhhəti özü ilə Parisə aparır. Xan orada bir il müalicə olur. A.Səhhət də Paris xəstəxanalarının birində təcrübə keçir. Xanın müalicəsi başa çatdıqdan sonra hər ikisi İrana qayıdır”.
1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhət peşəsi üzrə xalqa xidmət etməyə çalışır. Çar hökuməti isə onun İran mənşəli tibb diplomunu etibarlı hesab etmir. Bütün bunlara baxmayaraq o, yenə də bu sahədəki bilikləri ilə insanlara xidmət göstərir. Şairin dostu, pedaqoq Cəmo Cəbrayılbəyli xatirələrində Səhhətin çox insanpərvər olduğunu qeyd edir: “Kim olursa-olsun, dərhal xəstə üstünə gedir, müalicə edir, təsəlli və ümid verirdi. Çox zaman öz pulu ilə dərman alar və yaxud evindən gətirərdi...”.
Müntəzəm ədəbi yaradıcılıq fəaliyyəti göstərən şair dövri mətbuatla da sıx təmasda olur. İlk şeiri 1904-cü ildə “Şərqi-Rus” qəzetində dərc edilir. 1905-ci ildə isə “Yeni poeziya necə olmalıdır?” adlı məqaləsi, daha sonra “Poetik nitq”, “Azadlığa mədhiyyə”, “Oyanışın səsi” şeirləri mətbuatda işıq üzü görür. Gündən-günə ədəbi aləmdə tanınan və sevilən şair “Yeni üslublu məktəblər” ideyasının tərəfdarı kimi çıxış edir.
Bədii yaradıcılığı Əli bəy Hüseynzadənin öncüllüyündə formalaşan romantizm ədəbi cərəyanı istiqamətinə yön alır. Bakıda nəşr olunan bir çox jurnal və qəzetlərdə mütəmadi olaraq əsərləri işıq üzü görür. Eyni zamanda qələmini tərcüməçilik sahəsində də sınayır. Rus, fransız şair və yazıçılarından M.Lermontov, A.Puşkin, İ.Krılov, M.Qorki, V.Hüqonun əsərlərini Azərbaycan dilinə tərcümə edir.
Şairin 1912-ci ildə şeirlərindən ibarət “Sınıq saz” və Avropa şairlərindən tərcümə etdiyi “Məğrib (qərb) günəşləri” adlı şeirlər toplusu işıq üzü görür. Bir qədər sonra “Əhmədin şücaəti” adlı poeması, 1916-cı ildə isə “Şair, muza və şəhərli” romantik poeması nəşr olunur.
A.Səhhət bədii yaradıcılığında Nizami Gəncəvi, Sədi Şirazidən daha çox təsirlənib. O, xüsusilə Tofiq Fikrət yaradıcılığına rəğbət bəsləyib. Şair Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə edib. İslam dəyərlərindən imtinaya qəti etirazını bildirib. Əsərlərində “ümummüsəlman qərbçiliyi” ideyasının tərəfdarı olduğunu göstərib.
Abbas Səhhətin yaradıcılığında vətən mövzusu xüsusi yer tutur. Şairin “Vətən” şeiri bu mənada diqqətəlayiq nümunələrdəndir. Müəllif Vətənin müqəddəsliyini əcdadlarımızın orada dəfn olunması, övladlarımızın yaşadığı məkan kimi dəyərindən göstərib.
Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir...
Abbas Səhhət şeirdə Vətəni ana ilə müqayisə edir. Vətən onu sinəsi üstə böyütdüyü kimi, o da Vətəni gözləri üstə saxlayacağını deyir: “Ölərəm əldən əgər getsə Vətən”. Şair şeirin sonunda daha qəti hökm verir:
Vətəni sevməyən insan olmaz,
Olsa, ol şəxsdə vicdan olmaz.
Vətənpərvər şair ana dilində danışanlara yuxarıdan baxan və yaxud bu dildə danışmağa utananları “Müsəlman ürəfaları” adlı şeirində tənqid edir:
Yeri düşsə əgər müsəlmandır,
Vaxt olur ya İvan, ya Vartandır.
O nə bundan, düzü, nə ondandır,
Yeni bir şey, əcaib insandır.
Geyinir “en qrand”, gəzir “ala-şiq”,
Başda bir şapka, əldə bir zontik.
Rus, firəng ləhcəsi deyir “bon”dur,
Türk dilini sevməyir: “moveton”dur.
Abbas Səhhət bütün fəaliyyətində Vətənə və millətə sədaqət nümunəsi göstərib, maarif və mədəniyyətin inkişafı, gənc nəsillərdə milli ruhun oyanması, vətənpərvərlik tərbiyəsinin yüksəlməsi və dünyagörüşünün genişlənməsi üçün daim çalışıb. Dövrün mətbuat orqanlarından “Şərqi-Rus”, “Həyat”, “İrşad” “Füyuzat”, “Dəbistan”, “Rəhbər”, “Zənbur”, “Məlumat”, “Yeni irşad”, “Tərəqqi”, “Kəlniyyət”, “Məktəb”, “Molla Nəsrəddin”, “İqbal”, “Yeni iqbal”, “Son xəbər”, “Bəsirət”, “Yeni məktəb”, “Qurtuluş”, “Açıq söz” və digər qəzet və jurnallarda yorulmadan çıxışlar edib.
Şair, nasir və tərcüməçi Abbas Səhhət 11 iyul 1918-ci ildə Gəncə şəhərində dünyasını dəyişib.
Savalan Fərəcov