İyulun 4-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Qulam Məmmədlinin yaradıcılığında Cənubi Azərbaycan mövzusu” adlı elmi sessiya keçirilib.
Elmi sessiya görkəmli publisist, teatrşünas, salnaməçi Qulam Məmmədlinin 125 illik yubileyinə həsr olunub.
Tədbiri AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva açaraq Qulam Məmmədlinin Azərbaycan mədəniyyətində böyük xidmətləri olduğunu deyib. Qeyd olunub ki, milli teatr tarixinin nadir bilicilərindən olan Qulam Məmmədli bu sahədə salnaməçilik ənənəsini yaradıb.
Elmi sessiyada Qulam Məmmədliyə həsr olunmuş film nümayiş etdirilib.
Şərqşünaslıq İnstitutunun İran tarixi və iqtisadiyyatı şöbəsinin baş elmi işçisi, tarix üzrə elmlər doktoru Solmaz Rüstəmova-Tohidi “Qulam Məmmədli Azərbaycanın görkəmli ictimai-siyasi və mədəni xadimi kimi” mövzusunda məruzə edib. Məruzədə Qulam Məmmədlinin həyat və fəaliyyəti, yaradıcılığı, Azərbaycan teatr sənətinin inkişafında gördüyü işlər haqqında ətraflı söhbət açılıb.
AMEA-nın Əlyazmalar İnstitutu Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aybəniz Rəhimova Qulam Məmmədlinin təzkirəsi, Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yeganə Hacıyeva görkəmli publisistin əsərlərində Cənubi Azərbaycan tarixi məsələləri haqqında çıxış ediblər.
Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Günay Verdiyevanın Qulam Məmmədlinin Cənubi Azərbaycan ədəbiyyatında ədəbi axtarışları, filologiya üzrə fəlsəfə doktoru Şəmsi Əhmədov Qulam Məmmədlinin “Azərbaycan” dərgisində çap olunmuş iki məqaləsi barədə məruzələri də dinlənilib.
Məruzələr ətrafında müzakirələr aparılıb.