Urfan Cəfərov “Carnegie Hall”da solo çıxış edəcək

 

Nyu-Yorkda “American Protege International Vocal Compeition – 2022” beynəlxalq opera ifaçılarının müsabiqəsi keçirilib.

Müsabiqədə ölkəmizi təmsil edən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, respublika və beynəlxalq müsabiqələr laureatı, opera ifaçılarının Avropa birincisi Urfan Cəfərov I yerə layiq görülüb.

Müsabiqədə ABŞ, Azərbaycan, Avstriya, Bosniya və Herseqovina, Kanada, Çin, Danimarka, Hindistan, İndoneziya, İran, Yaponiya, Litva, Malayziya, Yeni Zelandiya, Sinqapur, Cənubi Koreya, BƏƏ, ümumilikdə 21 ölkədən ifaçılar iştirak edib.

Səsi və səhnə mədəniyyəti ilə münsifləri heyran edən Urfan Cəfərov bu nəticə ilə Nyu-Yorkun məşhur “Carnegie Hall” konsert zalında keçiriləcək vokalçıların müsabiqəsinin final mərhələsinə birbaşa vəsiqə qazanıb. O, eyni zamanda bu səhnədə solo ifa edəcək.

Qeyd edək ki, sözügedən müsabiqə çox rəqabətli mühitdə özlərini sınamaq istəyən müğənnilər üçün nəzərdə tutulub. Eyni zamanda vokalçılar üçün unikal tramplin hesab olunan yarışma gənc ifaçıların dünya şöhrətli səhnədə solo konsertini keçirmək imkanı olan azsaylı platformalardan biridir.

Xatırladaq ki, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görkəmli opera müğənnisi, Xalq artisti, professor Xuraman Qasımovanın tələbəsi olmuş Urfan Cəfərov gənclər mükafatı laureatıdır.

Lalə