Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ölkəyə qrup halında gələn turistlərə güzəşt tariflərinin tətbiq olunması təklifi ilə müvafiq qurumlara müraciət edib. Nazirliyin Turizm şöbəsinin müdir müavini, Daxili turizm sektorunun müdiri Mahir Qəhrəmanovun sözlərinə görə, hazırda təkliflər araşdırılır. Təkliflərdə güzəşt tariflərinin Azərbaycan üçün prioritet olan ölkələrdən \"Azərbaycan Hava Yolları\" (AZAL) şirkətinin təyyarəsi ilə qrup halında gələn turistlərə şamil edilməsi qeyd olunur: «Hazırkı tariflər bazara müvafiqdir. Ancaq biz istəyirik ki, heç olmasa, qrup şəklində gələnlərə güzəşt tətbiq olunsun. Bu, beynəlxalq təcrübədə də tətbiq edilir».
M.Qəhrəmanov güzəşt tarifinin tətbiqi ilə bağlı təkliflərin hazırlanmasında əsas məqsədin ölkəyə gələn turistlərin sayını artırmaq olduğunu vurğuladı. Qiymətlərdə güzəştlərin nə qədər olmasına gəlincə, həmsöhbətimiz bildirdi ki, “qiymətlər bazara uyğun olacaq».
Qeyd edək ki, bu ilin sonuna qədər Azərbaycana 2 milyon 100 min nəfər turistin gələcəyi gözlənilir. Növbəti 5 ildə Azərbaycana gələn turistlərin sayının 3 milyona çatdırılması qarşıya məqsəd qoyulub.
Fəxriyyə Abdullayeva