Sosial Tədqiqatlar Mərkəzinin araşdırmaları əsasında hazırlanan kitabın təqdimatı

 

İyulun 4-də “Tarixi Azərbaycan torpaqlarındakı maddi-mədəni irsimiz” kitabının təqdimatı keçirilib. Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən ərsəyə gətirilən kitabda ermənilərin Cənubi Qafqaza kütləvi köçürülməsi, tarixi torpaqlarımızda maddi-mədəni irsin ermənilər tərəfindən qəsb edilməsi, 1988-1989-cu illər deportasiyası barədə ətraflı söz açılır.

Təqdimat mərasimində çıxış edən Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, Vətən müharibəsində Qələbə təkcə gələcəyimizə deyil, həm də keçmişimizə, tariximizə həssas münasibətə, onu yenidən qiymətləndirməyə fürsətlər yaradır. Bu Zəfər sayəsində yeni siyasi kimlik qazanan xalqımız indi İrəvana və Zəngəzura, Göyçəyə və bütün tarixi torpaqlara gedən yolları inşa edir, çoxəsrlik qan yaddaşını qaytarır və mədəni-mənəvi intibahının yeni mərhələsinə qədəm qoyur. Prezident İlham Əliyevin “İrəvana qayıdacağıq, lakin dinc yolla” çağırışı hər hansı sülh razılaşmalarını gerçəkləşdirmək üçün taktiki təzyiq planından çox, uzağa gedən strateji dövlət kursudur.

Vurğulanıb ki, “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” kitabı təkcə hazırkı Ermənistanda azərbaycanlılara məxsus irsin məhv edilməsi və yer üzündən silinməsinin miqyasını, statistikasını göstərmir, həm də abidələrin daşıdığı yaddaşı, əfsanələri, inanc və hekayələri onların pasportu, ruhi və fiziki kimliyi ilə yenidən bərpa edir.

Məlumat verilib ki, kitabda 244 abidənin tarixi hərtərəfli araşdırılır və düzgün elmi təsnifata uyğun onların reyestri verilir. 49 pir, ocaq və ziyarətgah, 40 məscid, 38 qəbirüstü abidə, 15 məbəd, 13 qala, 19 alban kilsəsi, 13 karvansara, 8 türbə, 6 etnoqrafik-arxeoloji abidə, 6 günbəz, 5 qəbirüstü heykəl, 5 körpü, 3 məqbərə, 3 sərdabə, 3 arxeoloji abidə, 3 daşüstü yazı, 2 mədrəsə, 2 məhəllə, 2 imarət, 9 qayaüstü təsvir, qədim yaşayış məskənləri haqqında yerli və xarici mənbələrdən toplanan məlumatlar ilk dəfə aşkarlanaraq mövcud siyahıya əlavə edilib. Yüzlərlə xarici və mötəbər ədəbiyyat sənədlərinə, etibarlı, nüfuzlu mərkəzlər tərəfindən qəbul olunan müəlliflərə istinad olunub.

Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov qonşu ölkələrdə Azərbaycan tarixi və irsi ilə bağlı arxiv sənədlərinin araşdırılmasına başlanıldığını diqqətə çatdırıb. Bildirib ki, Mədəniyyət Nazirliyi tərəfindən bu istiqamətdə müvafiq iş aparılır. Bu layihə çərçivəsində qonşu dövlətlərdə olan arxiv sənədləri əsasında əzəli yurd yerlərimiz olmuş İrəvanda və Zəngəzurda Azərbaycana aid tarix-mədəniyyət abidələri haqqında tədqiqatın həyata keçirilməsi, bunun nəticəsində nəşrlərin çap edilməsi və beynəlxalq səviyyədə təbliği nəzərdə tutulub.

Nazir qeyd edib ki, Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycan xalqına məxsus olan maddi və mədəni irsin dağıdılıb məhv edilməsinə görə məsuliyyət daşıyır. Bildirib ki, bu il fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə UNESCO-nun Azərbaycana və Ermənistana missiya göndərməsi məsələsi gündəmə gəlib. Əldə edilmiş razılığa əsasən, Ermənistana missiyanın həyata keçirilməsinə UNESCO tərəfindən hər hansı reaksiya verilməyib. Azərbaycan tərəfi dəfələrlə bu məsələni UNESCO müstəvisində qaldırıb. Bununla yanaşı, Azərbaycan vətəndaş cəmiyyətləri, QHT-ləri Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılması ilə bağlı çoxsaylı materiallar UNESCO komitəsinə təqdim edilib: “Ümid edirik ki, UNESCO bu çoxsaylı faktlara səssiz qalmayıb, belə texniki missiyanın həyata keçirilməsinə başlayacaq. Burada Azərbaycan tərəfinin, cəmiyyətimizin, QHT-lərin üzərinə böyük məsuliyyət düşür”.

Anar Kərimov xatırladıb ki, uzun illər boyu Azərbaycan torpaqlarının işğal altında olması nəticəsində orada olan tarixi mədəniyyət abidələrimizin qəsdən dağıdılması və bu haqda əldə etdiyimiz çoxsaylı fotofaktlar UNESCO-ya təqdim edilib. Lakin təşkilat faktiki olaraq bu əyani sübutlara göz yumub, işğalçı tərəfə yönəlik bəyanat səsləndirməyib.

Mədəniyyət naziri  bərpa-quruculuq işlərinin digər tarixi torpaqlarımızda da davam etdiriləcəyinə inamını ifadə edərək deyib: “Artıq zaman dəyişib. Ermənistan Respublikasının otuz ilə yaxın müddətdə işğal altında saxladığı doğma torpaqlarımız müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən azad edilib. İndi həmin ərazilərdə quruculuq işləri aparılır. İnfrastruktur layihələri ilə bərabər tarixi-mədəni abidələrimiz də bərpa olunaraq əvvəlki simasına qaytarılır. Əminik ki, bu işlər Prezident İlham Əliyevin söylədiyi kimi, bizim tarixi torpaqlarımız olan İrəvan və Zəngəzurda da baş verəcək...”.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli tariximizin indiki mərhələsində əzəli torpaqlarımızda – Ermənistan Respublikasının indiki ərazisində ermənilər tərəfindən dağıdılmış, mənimsənilmiş Azərbaycan abidələrinə, tarixi-mədəni irsimizə həsr olunmuş tədbirin əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd edib ki, uzun illər ərzində həm postsovet məkanında, həm də dünyada Azərbaycan-Ermənistan konfliktinin Qarabağ münaqişəsi kimi çatdırılmasına cəhd olunub. Əslində isə hadisələrin başlanmasının əsas səbəbi ulu öndər Heydər Əliyevin Moskvada mərkəzi hakimiyyətdən kənarlaşdırılması və bundan sonra azərbaycanlıların Ermənistandan deportasiya olunmasıdır: “Təəssüf ki, o dövrdə rəhbər şəxslərin səriştəsizliyi üzündən azərbaycanlıların deportasiyası mövzusu qapalı qaldı. Bundan istifadə edən ermənilər sonra isə Qarabağ mövzusunu önə çəkə bildilər”.

Təqdim olunan kitabın mühüm məsələləri əks etdirdiyini deyən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı nəşrin xarici dillərdə də tərcümə edilməsinin vacibliyini vurğulayıb. “Ermənilər tarixi-dini abidələrimizi saxtalaşdırıblar. Nəinki İslam dininə aid, hətta Qafqaz Albaniyasına aid abidələri də məhv edib, mənimsəyiblər. Biz həmin tarixi-dini abidələrin varisiyik. Bu gün ermənilər Qafqazda olan abidələrin onların olması barədə saxta yazılar nəşr etdirirlər. Tarixi sənədlərə nəzər salsaq görərik ki, orada erməni adlarına rast gəlinmir. Amma ermənilər Azərbaycana məxsus ərazilərin adlarını dəyişiblər. Bu da erməni saxtakarlığının bariz nümunəsidir”, - deyə o əlavə edib.

Milli Məclisin deputatı, Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli 1988-1989-cu illərdəki deportasiyadan başlayaraq Ermənistanda Azərbaycan xalqının tarixi-mədəni, dini irsinə qarşı aparılan total vandalizmdən bəhs edib. Bildirib ki, həmin illərdə Ermənistanın 22 rayonundan (172 sırf azərbaycanlı və 89 ermənilərlə qarışıq yaşayış məntəqələri) 40 min 928 ailə - 250 minə yaxın azərbaycanlı deportasiya edilib. Azərbaycanlıların qoyub getdikləri yaşayış məntəqələrində 234 məktəb, 214 kitabxana, 268 mədəniyyət müəssisəsi, 235 səhiyyə ocağı, 112 uşaq bağçası, 152 məişət evi ermənilərin əlinə keçib. Azərbaycanlılara məxsus 223 qəbiristanlıq, 49 məscid, 68 tarixi, 7 memarlıq abidəsi tədricən erməni vandalları tərəfindən dağıdılıb. Ermənistan qanunverici orqanının qərarları ilə azərbaycanlılara məxsus yaşayış məntəqələrinin, eyni zamanda çayların, göllərin, təpələrin adları dəyişdirilib, tarixi, maddi-mədəni irs tamamilə silinib və ya erməniləşdirilib.

Digər çıxış edənlər Cənubi Qafqazın erməniləşdirilməsi siyasətindən, XIX əsrin əvvəllərində Rusiya, Türkiyə və İran dövlətləri arasında bağlanan Kürəkçay, Gülüstan, Ədirnə və Türkmənçay müqavilələrindən sonra Azərbaycan torpaqlarına ermənilərin kütləvi köçünün başlanmasından danışıblar. Bildiriblər ki, bölgənin erməniləşdirilməsi siyasətinin əsas tutulması ilə buna paralel şəkildə tarixi Azərbaycan torpaqları olan İrəvan, Göyçə, Zəngəzur və Zəngibasar bölgəsində yaşayan azərbaycanlıların öz tarixi yurdlarından deportasiyasına və soyqırımına başlanılıb. Tarixdə ilk erməni dövlətinin 1918-ci il mayın 28-də keçmiş İrəvan xanlığının ərazisində yaradılmasından, Ermənistan adlanan dövlətin tarixi Azərbaycan ərazilərində qurulması haqqında söz açılıb.

Tədbirin sonunda iştirakçılar tərəfindən əsrlər boyu azərbaycanlıların yaşadığı indiki Ermənistan Respublikasındakı ərazilərdə erməni dövlətinin həyata keçirdiyi maddi-mədəni abidələrin məhv edilməsi və erməniləşdirilməsi ilə bağlı UNESCO-nun Baş direktoru Odri Azuleyə müraciət olunub.