Pandemiya üzündən yaranan ikiillik aradan sonra festival bərpa olunur
7-9 iyul tarixində Şəkidə XI “İpək Yolu” Musiqi Festivalı keçiriləcək. 2010-cu ildə əsası qoyulan festival ikiillik məcburi fasilədən sonra yenidən musiqisevərləri bir araya gətirəcək.
İyulun 4-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) keçirilən mətbuat konfransında layihənin tarixindən söz açıldı, növbəti festivalın proqramı barədə məlumat verildi.
ABİ-nin sədri, festivalın bədii rəhbəri, Xalq artisti, professor Firəngiz Əlizadə bildirdi ki, 2020 və 2021-ci illərdə pandemiya səbəbindən keçirilməyən festival, nəhayət, işini bərpa edir. “İpək Yolu” festivalı bu il on birinci dəfə Şəkidə keçiriləcək.
Qeyd olundu ki, musiqi bayramı hər dəfə yeni ideyalarla zənginləşir. Bu dəfə festival bir az fərqli formatda təqdim olunsa da, əsas məqsəd qorunub saxlanılır: “Bildiyiniz kimi, 10 festivalı böyük uğurla keçirmişik. Bu festivallarda 36 ölkədən kollektivlər, tanınmış musiqiçilər, musiqişünas alimlər iştirak ediblər. Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə müxtəlif mədəniyyətlərin füsunkar təbiət qoynunda qovuşduğu məkanda yenə də Azərbaycan və dünya musiqi sənətinin parlaq nümunələrindən ibarət rəngarəng konsert proqramları təqdim ediləcək. Lakin builki festivalın keçirilməsinə qısa zaman ərzində qərar verildiyinə görə xarici ölkələrdən kollektivlərin dəvət edilməsi mümkün olmadı”.
Firəngiz Əlizadə budəfəki festivalın 7 iyul tarixində başlanmasının da simvolik olduğunu dedi. Bildirdi ki, üç il əvvəl, 2019-cu il 7 iyul tarixində “Şəki Xan sarayı ilə birgə şəhərin tarixi mərkəzi” UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Vurğulandı ki, 2022-ci ilin Prezident İlham Əliyev tərəfindən “Şuşa İli” elan edilməsi ilə əlaqədar festivalın proqramında 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı böyük Zəfəri vəsf edən əsərlərə üstünlük veriləcək.
Mətbuat konfransında diqqətə çatdırıldı ki, üç gün davam edəcək festivalın proqramında Azərbaycan musiqi mədəniyyəti geniş şəkildə təmsil olunacaq. Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, həmçinin “Simurq” muğam ansamblı, “Dərviş” qrupu və Şəkinin “Zirvə” folklor ansamblı rəngarəng konsert proqramı təqdim edəcəklər.
Xalq artisti, dirijor Ağaverdi Paşayev, Əməkdar incəsənət xadimi, rejissor Hafiz Quliyev, “Şimurq” muğam ansamblının rəhbəri, kamança ifaçısı Elnur Mikayılov festivalın proqramı ilə bağlı məlumat verdilər. ABİ-nin katibləri – Əməkdar incəsənət xadimləri Zemfira Qafarova və Cəlal Abbasov Şəki “İpək Yolu” festivalının tarixindən söz açaraq layihənin əhəmiyyətini vurğuladılar.
Bildirildi ki, festivalın uğurları respublikamızda, habelə onun hüdudlarından uzaqlarda böyük əks-səda yaradıb. Xarici ölkələrdən dəvət olunmuş musiqiçilərin festivalda iştirak etməsi, musiqinin bütün millətlər arasında ən anlaşıqlı ünsiyyət dili olduğunu bir daha sübut edir. Bəstəkarlar İttifaqının bir sıra önəmli beynəlxalq layihələrindən olan “İpək Yolu” festivalı qədim tarix və mədəniyyət mərkəzi olan Şəkini Şərq və Qərbi birləşdirən musiqi beşiyinə çevirib. Dünyanın bir çox ölkələrinin kollektivləri ötən on festivalda burada görüşüb müzakirə və mübadilələr aparıb, yaxın və uzaq xarici ölkələrdən gələn qonaqlar Azərbaycanın dilbər guşəsi Şəkini yaxından tanıyıblar.
Sonra media nümayəndələrinin sualları cavablandırıldı.
Qeyd edək ki, festivalın rəsmi açılışı iyulun 7-də saat 21:00-da Şəkinin “Marxal” istirahət kompleksinin “Yay teatrı”nda keçiriləcək. Açılışda F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı (bədii rəhbər və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev) 60 nəfərlik heyətlə konsert proqramı təqdim edəcək. Festivalın ilk günü həmçinin saat 12:00-da Bəxtiyar Vahabzadə adına mədəniyyət və istirahət parkında Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri (dirijor – Əməkdar artist Səməd Vəkilov), saat 19:00-da isə Yuxarı karvansarada “Dərviş” qrupunun konsertləri olacaq.
L.Azəri