Xəbər verdiyimiz kimi, Almaniyanın Qiesen Universitetinin (Justus Liebig University Giessen) dosenti, tanınmış türkoloq alim Mixael Reynhard Hessin “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” kitabı çapdan çıxıb. Bu günlərdə Azərbaycanda olan alim kitabın təqdimat mərasimlərində iştirak edib, görüşlər keçirib.
İyulun 4-də ADA Universitetində Mixael Reynhard Hessin kitabının təqdimatı keçirilib. Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi, Milli Məclisin deputatları, universitetin müəllim və tələbələri, elmi ictimaiyyətin nümayəndələri və Şuşa ziyalıları iştirak ediblər.
ADA Universitetinin prorektoru Fariz İsmayılov Almaniya ilə əlaqələrin ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını, bu əlaqələrin möhkəmlənməsinə xidmət edən hər bir addımın məmnunluq hissi doğurduğunu, alman alimin Şuşa haqqında yazdığı monoqrafiyanın Azərbaycan həqiqətlərinin Avropada yayılmasına sanballı töhfə olduğunu bildirib. O, kitabın ərsəyə gəlməsində müəllifin böyük əmək sərf etdiyini vurğulayaraq monoqrafiyada 1500 sitatdan və 600-dən çox mənbədən istifadə olunmasını mövzuya fundamental elmi yanaşmanın göstəricisi kimi dəyərləndirib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Şuşa haqqında elmi araşdırmalara əsaslanan kitabın yazılmasının əhəmiyyətindən danışıb, alman alimin fəaliyyətinin minnətdarlıq hissi doğurduğunu bildirib.
Xarici İşlər Nazirliyinin Linqvistik təminat idarəsinin rəisi Rizvan Nəbiyev kitabın müəllifi və məzmunu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. M.Hessin türkoloji tədqiqatları, filoloq-alimin xalqımızın ədəbi-mədəni irsinə dərin maraq göstərdiyi, bir sıra türk dilləri ilə yanaşı, Azərbaycan dilini də mükəmməl bildiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, Şuşa şəhərinin mədəni, ədəbi və etnoqrafik baxımdan Azərbaycana məxsusluğunun alman alimi tərəfindən təkzibolunmaz fakt və dəlillərlə sübuta yetirilməsi təqdim edilən kitabın mühüm məziyyətidir.
Azərbaycan dilində çıxış edən M.Hess kitabın mündəricatı haqqında danışıb, onun hər bir bölməsində işıqlandırdığı məsələlərə dair geniş izahat verib, ölkəmizin tarixinə, ədəbi-mədəni irsinə bələdliyini maraqlı fikirləri ilə bir daha nümayiş etdirib.
Milli Məclisin deputatları Etibar Əliyev, Ceyhun Məmmədov, Nurlan Həsənov, Fatma Yıldırım, ADA Universitetinin professoru Nəriman Qasımoğlu, Şuşa ziyalılarından Xalq artisti Yalçın Adıgözəlov, tədqiqatçı-jurnalist Vasif Quliyev, şair-publisist Kərim Kərimli və başqaları çıxış edərək Azərbaycan həqiqətlərinin Avropada tanıdılması və təbliği naminə gördüyü vacib və faydalı işə görə alman alimə minnətdarlıq bildirib, ona bundan sonrakı fəaliyyətində uğurlar arzulayıblar.
***
Mixael Reynhard Hessin “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” kitabının iyulun 5-də Bakı Slavyan Universitetində (BSU) də təqdimatı olub.
Tədbiri BSU-nun rektoru Anar Nağıyev açaraq bildirib ki, kitab təkcə Azərbaycan və Şuşa haqqında, Qarabağ haqqında obyektiv məlumatların çatdırılması ilə deyil, eyni zamanda, Qarabağın, Şuşanın mədəniyyəti və tarixi ilə bağlı obyektiv informasiyaların təhrif olunmasına qarşı elmi mənbə kimi olduqca əhəmiyyətlidir. Belə tədqiqatların dəstəklənməsinin vacib olduğunu deyən rektor kitabın təqdimatının “Şuşa İli”ndə BSU-da keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Milli Məclisin deputatı Nigar Arpadarai kitabın Azərbaycan tarixini öyrənmək istəyənlər üçün dəyərli tədqiqat nümunəsi olduğunu deyib.
Təhsil nazirinin müşaviri Nicat Məmmədli Qərb müəllifləri tərəfindən xarici dillərdə Azərbaycan tarixi ilə bağlı kitabların yazılmasının önəmini qeyd edib.
Xarici İşlər Nazirliyi nümayəndəsi Rizvan Nəbiyev alman alimin Azərbaycanla bağlı olan fəaliyyəti haqqında məlumat verib, “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” kitabında yer alan tarixi faktların əhəmiyyətindən danışıb.
Kitabın müəllifi Mixael Reynhard Hess çıxışında bildirib ki, nəşrin əsas qayəsi Şuşanın və Qarabağın Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixindəki zəngin irsini qərbli oxuculara çatdırmaqdır. Kitabda işğalçıların Şuşanın irsini silmək, təhrif və inkar etmək və bununla da, Azərbaycansız Şuşa və Qarabağ tarixi uydurmaq kimi cəfəng cəhdlərinə qarşı elmi əsaslandırılmış dəlillər ortaya qoyulduğunu diqqətə çatdırıb. Qeyd edib ki, kitab almandilli auditoriyaya, həmçinin Avropa oxucularına ünvanlanıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Şuşa ilə bağlı xaricdə nəşr olunan ilk elmi monoqrafiya kimi kitabın Azərbaycanın tarixi Zəfərinə, “Şuşa İli”nə böyük töhfə olduğunu deyib.
***
Almaniyalı alimlə iyulun 5-də Xarici İşlər Nazirliyində də görüş keçirilib. Mixael Reynhard Hess “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” kitabını nazir Ceyhun Bayramova təqdim edib.
Ceyhun Bayramov Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı xarici mütəxəssislər, elm adamları tərəfindən araşdırmaların aparılmasının vacibliyini vurğulayıb və bu mənada kitabın dəyərinin yüksək olduğunu söyləyib, alimə gələcək fəaliyyətində yeni nailiyyətlər arzu edib.