Qədim sənət və mədəniyyət mərkəzində bayram bayrama qarışıb

 

2010-cu ildən Şəkidə Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı keçirilir. Pandemiya üzündən iki il ara verilən festivala bu il 11-ci dəfə qədim Şəki ev sahibliyi edir.

Üç gün (7-9 iyul) davam edəcək festivalın zəngin proqramı var. Festival çərçivəsində  Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının heyəti, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, həmçinin “Simurq” muğam ansamblı, “Dərviş” qrupu və Şəkinin “Zirvə” folklor ansamblının iştirakı ilə rəngarəng konsertlər nəzərdə tutulub.

 “Şuşa İli” ilə əlaqədar olaraq konsertlərdə səslənən əsərlərin əksəriyyəti tarixi Zəfərimizə həsr olunub.

Festivalın bədii rəhbəri Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadədir.

Budəfəki festivalın 7 iyulda başlanması da təsadüfi deyil. Üç il əvvəl, 2019-cu ilin 7 iyul tarixində “Şəki Xan sarayı ilə birgə şəhərin tarixi mərkəzi” UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib və bu əlamətdar tarix artıq Şəkidə “Şəhər günü” kimi qeyd olunur.

Bu münasibətlə Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzində təntənəli tədbirlər təşkil edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə reallaşan “Şəhər günü”  səhər saatlarında Şəki şəhərindəki Bəxtiyar Vahabzadə adına parkın qarşısındakı meydanda başlayıb.

Açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək şəhər sakinlərini əlamətdar bayram münasibətilə təbrik edib. Bildirilib ki, zəngin tarixə, qədim mədəniyyətə malik Şəkidə “Şəhər günü” bayramı ikiqat sevinc hissi ilə qeyd olunur. Vətən müharibəsindəki şanlı Qələbə nəticəsində torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz təmin olunub.

Qeyd edilib ki, bütün dövrlərdə Şəki Azərbaycan tarixində mühüm yerə malik olub. Ona görə də şəhər sakinlərinin bu günü bayram etməyə mənəvi haqqı var. Bu gün Şəki Azərbaycan tarixini, mədəniyyətini, mədəni irsini qoruyub saxlayan, milli memarlığın gözəl nümunələrinin olduğu unikal məkandır. Zəngin tarixi-mədəni irsin qorunub saxlanılması nəticəsində Şəki Azərbaycanın mühüm turizm mərkəzinə çevrilib.

Ölkəmizdə mədəni irsin qorunub saxlanılmasına, xalqımıza xas zəngin mədəniyyətin təbliğ olunmasına daim yüksək diqqət və qayğı göstərildiyini bildirən Elxan Usubov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü işlərin əhəmiyyətini xüsusi vurğulayıb.

Diqqətə çatdırılıb ki, 2019-cu il iyulun 7-də Bakıda keçirilən UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Bununla bağlı təşkilatın baş direktoru tərəfindən imzalanan sertifikat 2021-ci il iyulun 7-də Şəkidə keçirilən təntənəli mərasimdə şəhər rəhbərliyinə təqdim olunub. Həmin tədbirdə hər il iyulun 7-nin Şəkidə “Şəhər günü” kimi qeyd olunması qərara alınıb.

Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova çıxışında Şəki şəhərini özündə turizm istiqamətli bir neçə sahəni birləşdirən mədəni irs nümunəsi kimi dəyərləndirib. Qeyd edib ki, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən Şəkinin tarixi hissəsində onlarla abidə var. Ötən il Nazirlər Kabinetinin qərarı ilə daha 58 abidənin dövlət mühafizəsinə götürülməsi Şəkinin mədəni-tarixi irsinin daha dayanıqlı şəkildə qorunması, ümumbəşəri dəyərlərinin mühafizəsi baxımından önəmlidir.

Bildirilib ki,  Şəki şəhərinin tarixi hissəsini əhatə edən “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində bir neçə tarixi binada təmir-bərpa işləri həyata keçirilir, növbəti illərdə bu istiqamətdə işlərin mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulub.

Rəsmi hissədən sonra Dövlət Sərhəd Xidmətinin hərbi orkestri konsert proqramı ilə çıxış edib.

Sonra bayram tədbiri “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində, qədim Qala divarlarının daxilində davam etdirilib. Burada yerli sahibkarların hazırladığı məhsulların sərgi-satış yarmarkası keçirilib, şəhərin tarixi mərkəzində milli tamaşalardan səhnəciklər təqdim olunub, konsert proqramları təşkil edilib, yerli sənətkarların, rəssamların əl işləri nümayiş etdirilib. Pəhləvanlar öz məharətlərini göstəriblər.

“Şəhər günü”nə həsr olunan silsilə tədbirlər çərçivəsində günorta saatlarında “Marxal” kompleksində Qida festivalı keçirilib. Festival Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, İqtisadi və Sosial İnkişaf Mərkəzi, “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi tərəfindən icra olunan layihə çərçivəsində təşkil edilib.

Avropa İttifaqının nümayəndəsi Viktor Ginner çıxışında Azərbaycanın olduqca zəngin mədəniyyətə və mətbəx nümunələrinə malik olduğunu diqqətə çatdırıb.

Milli Məclisin deputatları Vüqar Bayramov və Vüqar İskəndərov Şəkinin Azərbaycanda festivallar şəhəri kimi tanındığını, hər il burada keçirilən “İpək Yolu” Beynəlxalq musiqi və digər festivalların şəhərin turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynadığını vurğulayıblar.

İyulun 7-də axşam saatlarında “Yuxarı Karvansara” mehmanxana kompleksinin həyətində “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Dərviş” ansamblı çıxış edib. Axşam “Marxal” kompleksinin Yay teatrında “İpək Yolu” festivalının təntənəli açılış mərasimi olub.