Mədəniyyət Nazirliyinin bu ilin yazından həyata keçirdiyi “Yeni adlar” layihəsi milli musiqimizin, ifaçılıq sənətimizin inkişafı və təbliği istiqamətində diqqətəlayiq addımlardan biridir. Gənc ifaçıların tanınmış dirijorların rəhbərliyi altında simfonik, kamera və xalq çalğı alətləri orkestri ilə konsertlərinin keçirilməsi onların sənət yolunda inkişafına mühüm zəmin və təkandır.

İlk konserti aprelin 20-də keçirilən “Yeni adlar” layihəsinin yaz-yay mövsümündə axırıncı musiqi axşamı iyulun 8-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında gerçəkləşdi.

Musiqi axşamında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri dirijor Mustafa Mehmandarovun müşayiəti ilə gənc ifaçılar Atabala Manafzadə (piano) və Osman Mustafazadə (violin) öz mükəmməl ifaları ilə musiqisevərlərin könlünü oxşadılar.

Beynəlxalq müsabiqələr laureatı Atabala Manafzadə konsertdə P.Çaykovskinin “Fortepiano və orkestr üçün 1 nömrəli konsert”ini, Gənclər mükafatçısı Osman Mustafazadə isə İ.Bramsın “Violin və orkestr üçün konsert” əsərlərini təqdim etdilər.

Gənc ifaçıların dahi bəstəkarların əsərlərinə fərdi yanaşmaları, öz üslub və texnikaları tamaşaçıları səhnəyə bağlaya bildi. İti barmaqlar, həzin yanaşma və ciddi akkordlar hər iki ifaçının böyük sənətə sevgisindən xəbər verirdi. Orkestrin və dirijor Mustafa Mehmandarovun solistlərlə birlikdə həmahəng çıxışlarına isə söz ola bilməzdi. Onların peşəkar ifaçılığı həmin konsertdə bir daha gənclərimizin geniş auditoriyaya hər zaman hazır olduqlarını sübut etdi.

Atabala İkram oğlu Manafzadə 1998-ci ildə musiqiçi ailəsində anadan olub. 2015-ci ildə G.Şaroyev adına 35 nömrəli Musiqi məktəbini bitirərək Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bakalavr pilləsinə qəbul olunmuş, 2019-cu ildə təhsilini fərqlənmə diplomu ilə bitirib, magistraturaya daxil olub. Atabala Manafzadə təhsil müddətində A.Ragone, Y.Boqdanov, A.Əliyeva, A.Duran, E.Podlodski və digər dünya şöhrətli pianoçulardan ustad dərsi alıb. Gənc pianoçuların II respublika müsabiqəsində I dərəcəli, Polşanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Uşaq və gənclər üçün F.Şopen müsabiqəsində II dərəcəli, Serbiyanın paytaxtı Belqradda keçirilən IX “Davorin Jenko” beynəlxalq müsabiqəsində iki yaş qrupunda (B, C) yarışaraq hər iki kateqoriya üzrə I dərəcəli, İstanbulda təşkil olunan “VII Pera Piano” müsabiqəsi və s. birinci yerə layiq görülüb. O, həmçinin Aleksandr Skryabinin əsərinin ən yaxşı ifaçısı nominasiyasını qazanıb, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılaraq Prezidentin aylıq təqaüdünə layiq görülüb.

Osman Mustafazadə 2002-ci ildə Bakı şəhərində anadan olub. 2019-cu ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin violin sinfini bitirib. Həmin ildə BMA-nın bakalavr pilləsinə daxil olub. Bir çox respublika və beynəlxalq müsabiqələrin qalibi olan gənc violin ifaçısı 2018-ci ildə Gənclər və İdman Nazirliyinin Gənclər mükafatına layiq görülüb. 2021-ci ildə Y.Mikeladze adına violinçilərin beynəlxalq müsabiqəsində Qran-pri mükafatını qazanmış gənc istedad 2020-ci ildən Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Kamera Orkestrinin üzvüdür.

Hər iki musiqiçinin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Qeyd edək ki, bu ilin aprel-iyul aylarında “Yeni adlar” layihəsi üzrə Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində ümumilikdə 7 konsert proqramı təqdim olunub.

Lalə