Ən yaxın tarixdə film istehsalının qadağan olduğu Səudiyyə Ərəbistanı 2030-cu ilədək Yaxın Şərqin ən böyük kinematoqrafına malik olmaq iddiasındadır.
ÜDM-in həcminə görə dünyada 12-ci, Körfəzin ərəb ölkələri arasında isə birinci yeri tutan Səudiyyə Ərəbistanı kino istehsalı üzrə bum yaratmaq niyyətindədir. Artıq ölkədə 10 kinostudiya fəaliyyət göstərir və onların ən böyüyü olan “Al Ula” studiyası beynəlxalq miqyasda bir neçə layihəyə imza atıb.
Ölkənin İnvestisiya Nazirliyi bəyan edib ki, 2030-cu ilədək 100 bədii və sənədli filmə maliyyə vəsaiti ayrılacaq. Eyni zamanda “Al Ula Kral Komissiyası” kinostudiyaların ən müasir texnika və avadanlıqla təchiz olunması, habelə telefilm sənayesi üçün yeni layihələrin reallaşdırılması məqsədilə xüsusi proqram hazırlayıb.
Hollivud da “Al Ula” studiyasında beynəlxalq miqyasda rezonans doğuran birgə filmlər istehsal edir. Bunun ən bariz nümunələri kinostudiyanın ərazisində qurulmuş Əfqanıstan pavilyonunda lentə alınan “Qəndəhar” filmidir. “Al Ula” studiyasında ingilis kinematoqrafçıları tərəfindən “Stiv Bəkşolun ekspedisiyası” çoxseriyalı televiziya filmi və “National Geographic” telekanalı üçün seriallar da lentə alınır. Kinorejissor Tevfik Əlzaidinin çəkilişləri davam edən “Norah” bədii filminin isə beynəlxalq arenada əks-səda doğuracağı ehtimal olunur. Tarixi ekran əsəri UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Al Ula arxeoloji məkanında lentə alınır.