Ustad jurnalist Tahir Abbaslının vəfatının ildönümünə
Hər iki başında boyaboy pəncərə olan uzun bir dəhliz. Gün çıxanda işıq aşağı başdakı pəncərədən dəhlizə dolur, gün batanda yuxarı başdakı pəncərədən süzülür. Səhər pilləkənlə beşinci mərtəbəyə qalxaraq dəhlizə bir nəfər daxil olur və asta addımlarla gəlir. Arxasındakı pəncərədən düşən işıqda ortaboylu, arıq bədənli olduğu sezilən adamla qabaq-qənşər qalanda ilk olaraq eynəyi və onun qalın böyüdücü şüşəsindən baxan yorğun gözləri diqqətimi çəkir...
Tahir Abbaslı yadımda belə qalıb. Onunla ilk dəfə görüşəndə necə gördüyümü dəqiq yadıma sala bilmirəm, amma “Mədəniyyət” qəzeti redaksiyasında ünsiyyətdə olduğumuz 11 ili (2010-2021) xatırladıqca təsəvvürümdə öncə bu mənzərə canlanır. İş otaqlarımız dəhlizin yuxarı başında, yanaşı idi. İşə gələndə çox vaxt qapıda rastlaşardıq. Şənbə və bazar günləri redaksiyada iş olmasa da, o, demək olar ki, hər həftəsonu gələrdi. Əslində, qəzetçiliyin gündəlik qaçaqaç-qovhaqovlu, qaynar iş havasından daha çox məhz bu sakit-sükutlu mühitdə onu kənardan seyr etmək, “yazı laboratoriyası”nı görmək imkanım olurdu.
Yazılarının əksəri sükuta qərq olan iş otağında təkbaşına, kağız-qələmlə (son illərdə isə çətinliklə də olsa, “ram etdiyi” kompüterin monitor və klaviaturası ilə) üz-üzə qalanda doğulurdu. Arabir bu sükutu qapının açılıb-örtülməsi pozurdu. Bu zamanlar ya çayı təzələmək üçün çıxırdı, ya da “qəm tütəyi”ni yandırmaq üçün. Papiros tüstüsündə var-gəl etdikcə gözləri bir nöqtəyə zillənir, çox vaxt da yerə baxırdı. Belə vəziyyətdə onu müşahidə edəndə mənə elə gəlirdi ki, o, beynindəki fikirləri, yazacağı cümlələri içinə çəkdiyi tüstünün acısından da keçirərək ərsəyə gətirir, cilalayırdı.
Axır vaxtlar səhhəti əvvəlki kimi işləməyə imkan vermirdi; qəzetdə həftədə, bəzən iki həftədən bir yazıları dərc olunurdu. Amma nə yazılar!... Sərlövhəsindən son nöqtəsinədək oxucunu fikir ümmanının, söz düzümünün, məna dərinliyinin sehrində saxlayan, hər abzası publisistik takt, bədii lövhə, məhək daşı olan mətnlər...
Əslində, onların redaktəyə ehtiyacı yox idi. Düzəliş və dəyişikliklər əsasən texniki xarakterli (bəzi faktların dəqiqləşdirilməsi kimi) olurdu. Hər yazısını iş (vəzifə) gərəyi redaktor kimi oxusam da, özümü daha çox bu mətnlərin ilk oxucusu qismində hiss edirdim.
Yazı ərsəyə gəlib çapa qədər mərhələlərdən (korrektura, səhifələmə) keçənədək onun üzərində əsirdi. Belə zamanlarda istədiyinə nail olmayınca tişəsini yerə qoymayan heykəltəraşa, əlində fırça molbert önündən çəkilməyən rəssama, not vərəqindən ayrılmayan bəstəkara bənzəyirdi. Yəqin ona görə, mövzusu nə olursa-olsun, hər yazısında daxili bir musiqi ecazı, sözlə rəng palitrası, məxsusi kompozisiya effekti vardı.
Onun bədii publisistikasının mövzu və əhatə dairəsi çox geniş idi: əsrlərin o üzündə qalmış tarixdən şahidi olduğumuz günlərə, mədəniyyətdən ədəbiyyata, incəsənətdən elmədək. Söz mülkünün sultanları, musiqi, teatr, kino, təsviri sənət korifeyləri haqqında yazıları təkcə Azərbaycanla məhdudlaşmır, Şərqli-Qərbli dünya mədəni irsini əhatə edirdi. Konfutsidən Uluqbəyə, Şopendən Daliyə, Tolstoy və Dostoyevskidən Hüqo və Balzakadək bir çoxlarının ədəbi-bədii portretlərini fərqli çalar və rakursdan oxuculara tanıtmışdı...
Onun uzun illər çalışdığı “Mədəniyyət” qəzetində dərc edilmiş Azərbaycan söz-sənət irsi ünvanlı yazılarından seçmələr bu günlərdə, vəfatının ildönümü ərəfəsində kitab halında nəşr olunub.
Tahir Abbaslının ustad jurnalist, mütəfəkkir yazar olduğunu onu tanıyanlar, yazılarını oxuyanlar yaxşı bilirlər. Bilməyənlər isə bu kitabdan biləcəklər...
Oxucusunu fikir dəryasına qərq edən, söz ümmanında batıran qələm sahibinin yaddaşıma ilk həkk olunmuş yorğun gözlərini, dərin düşüncəli simasını bir də könlünə yatan məclislərdə, redaksiyadakı əlamətdar tədbir-toplantılarda seyr etmək vardı. Belə zamanlarda onun məclisi dərhal ələ almağı bacaran, ekspromt mizanlar quran bir rejissor təbində də görürdük...
Redaksiyaya hər gəldiyində salamlaşdığımız kimi, gedəndə də sağollaşırdıq. Həmin cümə günü sağollaşmadan getmişdi. Amma yeni yazısını təhvil vermişdi. Bazar ertəsi gələcək və səhifəyə çıxandan sonra bir də gözdən keçirəcəkdi... Səhifələndi, növbəti həftə dərc olundu. Amma onun xəbəri olmadı...
Tanrının ona yazdığı ömür payının son bir ayını xəstəxanada – reanimasiya palatasında keçirdi. “Taclı” xəstəlik zamanının ağır dönəmində, qapalı xəstəxana rejimində, təəssüf ki, bizim də ondan faktiki xəbərimiz olmadı. Həkimlərin verdiyi iki-üç kəlməlik növbətçi məlumatlardan savayı...
2021-ci il iyulun 18-də onun bu dünyadan köçdüyü xəbərini aldıq.
...Son yazısı Cahangir Cahangirov haqqında idi. Taleyin söz qismətinə bax ki, axırıncı abzasda bəstəkarın “Füzuli” kantatasından duyduğu feyzi qələmə alaraq yazını bu sözlərlə bitirmişdi: Allah rəhmət eləsin... Tahir Abbaslının mətbu yaddaşda qalan son sözləri...
Bu dünyadan sağollaşmadan getsə də, yazdığı axır cümlə Allahın adı və rəhmi ilə bağlı oldu.
Allah rəhmət eləsin...
Vüqar Əliyev