Şəhidlik ünvanı əbədiyyət olan uca bir zirvədir. Şəhidlər isə şüurlu şəkildə ölümü gözə ala bilən qəhrəmanlardır. Onlar Vətənin dar günündə son damla qanlarına qədər döyüşüb şəhadət şərbətini içən mərd oğullardır. Böyük şairimiz Hüseyn Cavidin dediyi kimi, “Ölüm var ki, həyat qədər dəyərli...”.

Vətən müharibəsində torpaqlarımızın düşməndən azad edilməsində şəhidlik zirvəsinə ucalan igidlərimizdən daha biri – 18 yaşlı Rəşadət Vüqar oğlu Musayev haqqında söz açacağıq.

O, 2002-ci il iyunun 20-də Şəkinin Baş Göynük kəndində dünyaya göz açmışdı. Orta təhsilini doğulduğu kəndin 1 saylı tam orta məktəbində alır. 2020-ci ildə təhsilini başa vurub Vətən qarşısında borcunu ödəmək üçün həqiqi hərbi xidmətə yollanır. Ancaq 2020-ci il digər illərə bənzəməyəcəkdi. Tariximizin yeni şan-şöhrət səhifəsi məhz həmin ildə yazılacaqdı. 27 sentyabr günündə 30 ilə yaxın bir müddətdə düşmən tapdağı altında olan Qarabağımızın azadlığının ilk addımları atılacaqdı...

Artıq qisas günü yetişmişdi. Xalqımızın mərd, igid oğulları yağının ayağını torpaqlarımızdan kəsmək üçün ölüm-dirim savaşına qalxmışdı. Uşaqlıqdan bu arzu ilə yaşayan Rəşadətin də istəyi gerçəkləşmişdi. O, döyüşlərin ilk günündən ön sıralarda yerini almış, silahdaşları ilə qorxmadan düşmən üzərinə gedirdi. Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl uğrunda döyüşlərdə adı kimi böyük rəşadət göstərirdi. Ta ki Füzuli istiqamətində düşmənin xain gülləsinə tuş gələnədək...

Anası Samirə xanımla telefon əlaqəsi saxlayanda döyüşün ən qaynar nöqtələrində olsa da, “Narahat olmayın, yaxşıyam, irəliləyirik. Qarabağ bizimdir, az qalıb!” – deyirmiş.

Şəhid atası, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin ehtiyatda olan kapitanı Vüqar Musayev Rəşadətin özündən böyük bacısı və kiçik qardaşı üçün nümunə olduğunu bildirir: “O, kiçik yaşlarında çılğın, dəcəl olsa da, sözəbaxan, ürəyiyumşaq idi. Oyuncaq tapança, avtomatla oynamağı xoşlayırdı. Əlində oyuncaq silahlarla şəkilləri də var. Yaşıdlarından çevikliyi ilə seçilirdi. İdmana və hərbi dərslərə marağı daha çox idi. O, bayraqla şəkil çəkdirməyi xoşlayırdı. Hərbi xidmətə getməyinə az vaxt qalsa da, tələsirdi ki, birinci çağırışla getsin. Həmişə deyirdi ki, Qarabağı biz azad edəcəyik. Axır ki, arzusuna çatdı. Elə təsəllim də budur...”.

Samirə xanım oğlu haqqında qürurla danışır: “Rəşadət hələ balaca yaşlarından böyük ağaclara çıxmağı sevərdi. Ev işlərində mənə kömək edərdi. Mən harasa gedəsi olsam, balaca qardaşını arxayınlıqla ona tapşırıb çıxardım. Çox məsuliyyətli idi. Böyüdükcə sözlərinə, hərəkət və davranışına daha çox diqqət yetirərdi. Onun adı Rəşadət idi, 18 yaşında adı kimi əməli də rəşadətli oldu...”.

Oktyabrın 24-də Füzuli istiqamətində gedən ağır döyüşdə şəhid olan Rəşadət Musayev bir gün sonra Baş Göynük kəndinin “Qəssablı” qəbiristanlığında torpağa tapşırılıb. Prezidentin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Ruhu şad olsun.

Nurəddin