Prezident İlham Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində noyabrın 18-də beşulduzlu “Qafqaz Sport Hotel”in açılışında iştirak edib. Yeddimərtəbəli əsas korpusdan və kotteclərdən ibarət olan hoteldə 98 nömrə var. Nömrələrdə qonaqların yüksək səviyyədə istirahəti üçün hər cür şərait yaradılıb, otaqlar rəqəmli seyf, minibar, peyk televiziya və beynəlxalq telefon xətləri, simsiz internetlə təchiz edilib.
   Hotelin hər bir restoranına, barına və iclas zallarına qiymətli daşların adı verilib. 300 nəfərlik “Lapis” iclas zalı bütün lazımi texniki avadanlıqla təchiz olunub. Zalda konfransların, iclasların, seminarların, təqdimat mərasimlərinin keçirilməsi nəzərdə tutulur. 134 yerlik “Mirvari” restoranında əsasən səhər yeməyi veriləcək. Burada həmçinin sifarişlə işləyəcək 170 yerlik “Safir a la carte”, eləcə də konfranslar, seminarlar və el şənliklərinin təşkil ediləcəyi 180 yerlik “Firuzə” restoranları da var.
   Hotelin idman mərkəzində təlim-məşqlərin keçirilməsi mümkündür. Hoteldə ayrıca SPA və sağlamlıq mərkəzi, fitnes zalı, sauna, türk hamamı, masaj otaqları, bərbərxana, gözəllik salonu və vitamin-bar da yaradılıb.
   Hotelin ərazisində yüksək standartlara cavab verən, ailəvi istirahət üçün hər cür şəraitə malik 21 kottec inşa olunub. Burada həmçinin açıq havada hovuz, uşaq oyun meydançası da yaradılıb.
 

   Fəxriyyə Abdullayeva