Şəhid Milli Qəhrəman haqqında filmin təqdimatı

 

Mədəniyyət Nazirliyinin “Salnaməfilm” studiyasında “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən sənədli filmlərin çəkilişi davam etdirilir. Silsilənin növbəti ekran əsəri şəhid Milli Qəhrəman, polkovnik İlqar Mirzəyevə (1973-2020) həsr olunan “Artilleriyanın atası” sənədli filmidir.

İyulun 14-də Nizami Kino Mərkəzində filmin təqdimat mərasimi keçirildi. Tədbirdə iştirak edənlər arasında mədəniyyət və incəsənət nümayəndələri, Vətən müharibəsi iştirakçıları, şəhid Milli Qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları da var idi.

İlk olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadə çıxış edərək bildirdi ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında 2010-cu ildən başlayaraq “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən sənədli filmlər çəkilir. İndiyədək bu silsilədən 100-dən artıq film lentə alınıb: “Bu gün təqdimatına toplaşdığımız sənədli film də həmin silsilədəndir. Bildiyiniz kimi, Tovuz döyüşlərinin ikinci ildönümüdür. Polkovnik İlqar Mirzəyev 2020-ci ilin iyul ayında baş verən döyüşlər zamanı Tovuz rayonu istiqamətində 3-cü Ordu Korpusunun komandir müavini, general-mayor Polad Həşimovun tabeliyində olan bir qrup hərbçi ilə bir yerdə qəhrəmancasına şəhid olub”.

K.Musazadə bildirdi ki, İlqar Mirzəyevin keçdiyi döyüş yolu bir rejissor kimi onu çox heyrətləndirib: “Onu da qeyd edim ki, İlqar Mirzəyev Aprel döyüşlərində göstərdiyi şücaətdən sonra döyüşçü dostları ona “Artilleriyanın atası” ləqəbini veriblər. Buna görə də şəhidimizin bu ləqəbi filmin adı olaraq seçildi. Mənim üçün şəhid qəhrəmanlarımızdan əziz, dəyərli bir mövzu yoxdur. Çünki onlar ərazi bütövlüyümüz uğrunda öz həyatlarını fəda elədilər. Bizim də missiyamız onların qəhrəmanlıqlarını gələcək nəsillərə ötürməkdir”.

Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev vurğuladı ki, Vətən müharibəsindəki böyük Qələbə bütün sənət sahələrində öz əksini tapmalıdır: “Mən bu filmə görə Kəmalə Musazadəyə təşəkkürümü bildirirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Xətai Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov söylədi ki, şəhidlərimizin adının əbədiləşdirilməsi üçün belə layihələr böyük əhəmiyyət daşıyır: “Biz də bu istiqamətdə müxtəlif tədbirlər keçiririk. Bununla yetişən gənc nəslə öz qəhrəmanlarını tanıtmaq niyyətindəyik. Xətai Rayon İcra Hakimiyyəti olaraq hər zaman şəhidlərimizin bizə miras qoyduğu əmanətlərin qayğısına qalacağıq”.

Daha sonra İlqar Mirzəyevin anası Gülnarə Mirzəyeva və Milli Qəhrəmanın qardaşı Rəfael Mirzəyev çıxış edərək filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərini bildirdilər.

Çıxışlardan sonra “Artilleriyanın atası” sənədli filmi nümayiş etdirildi.

Qeyd edək ki, filmin rejissoru və ssenari müəllifi Kəmalə Musazadə, operatorları Soltan Abdullayev və Murad Nəzərli, montajçıları K.Musazadə və Sabir Əskərzadə, icraçı prodüseri Azad Axundov, prodüseri Nazim Hüseynovdur.

Xatırladaq ki, dövlət başçısının 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə İlqar Mirzəyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Nurəddin Məmmədli