Azərbaycanın musiqi ictimaiyyətinə itki üz verib. Görkəmli bəstəkar, Xalq artisti, professor Sevda İbrahimova iyulun 17-də, ömrünün 83-cü ilində vəfat edib.
Sevda İbrahimova 1939-cu il noyabrın 28-də Xalq yazıçısı Mirzə İbrahimovun ailəsində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının Piano (M.Brennerin sinfi) və Bəstəkarlıq (Q.Qarayevin sinfi) fakültələrində təhsil alıb.
Sevda İbrahimova iki operanın (“Nənəmin nağılları”, “Biri vardı...”), beş fortepiano konsertinin, orqan, tar və orkestr üçün konsertlərin, kantataların, kamera-instrumental və vokal kompozisiyalarının, fortepiano solo üçün çoxsaylı silsilələrin, uşaqlar üçün müxtəlif janrlı əsərlərin, filmlər və tamaşalar üçün musiqilərin müəllifidir. Əsərləri ABŞ, Fransa, İsveç, Almaniya və digər ölkələrin konsert salonlarında ifa edilib.
Bəstəkarın orqan və simli orkestr üçün konsert (1990), qoboy və piano üçün “Qəmginlik” pyeslər silsiləsi (1991), skripka və kamera orkestri üçün musiqi (1992), 2 piano üçün “Azərbaycan təranələri” pyeslər silsiləsi (1994), tar və simli orkestr üçün “Sənin üçün darıxıram, Şuşam” (1999), səs, tar və simli orkestr üçün “Qurbansız qalan tarım” (elegiya-xatirə, 2000), simli orkestr üçün “Vətən düşüncələri” (2001) və digər əsərləri musiqi mədəniyyətimizin diqqətəlayiq nümunələrindəndir.
O, N.Gəncəvi, M.Şəhriyar, S.Vurğun, B.Vahabzadə, M.Araz, H.Ziya, R.Zəka, M.Dilbazi, H.Bülluri və başqa şairlərin sözlərinə qəlbəyatan mahnı və romanslar bəstələyib. Nəğmələri tanınmış müğənnilərin ifalarında ürəklərə yol tapıb.
Unudulmaz bəstəkar, gözəl insan Sevda İbrahimovanın xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaq.
Allah rəhmət eləsin.