Nəriman Həsənzadə - 80
   
   Hər bir şairin oxucu ürəyində öz yozumu olur. Eləcə də ədəbi tənqidin şairlərə müxtəlif istiqamətlərdən yanaşması və münasibəti var. Adətən onların ünvanlarına söylənilən fikirlərdə belə sözləri tez-tez eşidirik: xəlqi, vətəndaş şairdir; istiqlal və azadlıq aşiqidir; fikir, məna, yaxud da məhəbbət tərənnümçüsüdür və s. 
   
   Nəriman Həsənzadə poeziyasını ürəkdən sevən, daim oxuyan və onun yaradıcılığını müntəzəm izləyən qələm adamı kimi mən bu şairi başqa aynada görürəm. Əlbəttə, yuxarıda qeyd etdiyim məziyyətlərin, demək olar ki, hamısını onun yaradıcılığının ayrı-ayrı nümunələrinə aid etmək olar. Yəni hansı şeirində Nəriman Həsənzadə xəlqi şairdir, hansında daha çox fəlsəfidir, yaxud azadlıq carçısıdır.
   Bir oxucu kimi isə mənim qənaətim bambaşqadır. Nəriman Həsənzadə bütövlükdə etiraflar şairidir. Söhbətlərində də o, tez-tez öz xasiyyətini elə bu şəkildə dilə gətirir: «Bütün ömrüm boyu işim, peşəm üzr istəmək olub». Mənə elə gəlir ki, etiraf etməyi, bununla bərabər bağışlamağı da bacarmaq özü bir ucalıqdır və nə yaxşı ki, Nəriman Həsənzadə məhz bu möhtəşəmlikdə vüqarla dayanan, öz lətif, səmimi poeziyası ilə ürəklərdə lövbər salmağa qadir böyük sənətkarımızdır.
   Əməkdar incəsənət xadimi, Xalq şairi, «Şöhrət» ordenli, Prezident təqaüdçüsü Nəriman Həsənzadə illərdir ki, oxucuların həqiqətən çox sevdiyi və müntəzəm oxuduğu xoşbəxt qələm sahiblərindən biridir.
   
   Şöhrətin sevinci, yaşın kədəri,
   Tərs kimi ikisi bir vaxta düşür.
   
   - deyən Nəriman Həsənzadəyə öz imzası ilə üz tutmaq istərdik ki, «Ağ saçın hər başda yoxdu qiyməti, saça da qiyməti baş qazandırır». Bu baxımdan bir şair kimi yaşadığı ömür də, poetik dünyası da elə dərin və maraqlıdır ki, mənalı yaradıcılığının gətirdiyi şöhrət bütünlükdə hər yaşa qalibdir. İllər boyu zəhmət və istedadla qurduğu «söz» adlı möhtəşəm qalanın ucalığında 80 kərpic nədir ki?! Şair demişkən, ən uğurlu və gözəl illər qarşıdadır. Bu, sadəcə könül pıçıltısı deyil, həm də çox sevdiyim şairə dilədiyim ən saf arzularımdır.
   Vaxtilə Nəriman müəllimlə bir mərtəbədə ayrı-ayrı redaksiyalarda, amma qonşuluqda çalışmışıq. Baş redaktoru olduğu «Ədəbiyyat və incəsənət» qəzetində publisistik məqaləm dərc edilmişdi. Minnətdarlığımı bildirmək üçün yanına getdim. Elə qapının ağzındaca rastlaşdıq. Maraqlıdır ki, yazıma görə o, mənə təşəkkür etdi. Söz deməyə macal tapmamış «xahiş edirəm, bizə belə məqalələrdən tez-tez yazasınız» tapşırdı. Bəlkə də elə ilk baxışda burada elə də təəccüblü məqam yoxdur, amma əslində var və bu heyrəti də doğuran Nəriman müəllimin son dərəcə nəzakətli olması idi. Bəlkə də elə buna görədir ki, «ziyalı» sözü eşidəndə gözlərimin qarşısına həmişə birinci olaraq Nəriman Həsənzadə gəlir.
   Xalq yazıçısı Mirzə İbrahimov vaxtilə onun haqqında yazırdı: «İdeala, gözəlliyə, mənəvi saflığa sadiq olan, insanlıq və vətəndaşlıq hisslərini şeirlərinin canına, ruhuna hopduran bu şair daim axtarışdadır. Onun poetik fikri yorulmaq bilmir, oxucuya arası kəsilmədən yeni əsərlər təqdim edir».
   Nəriman Həsənzadə içində Azərbaycan harayı olan şairdir. O, vətənə üz tutaraq övladı kimi öz məhəbbətini belə dilə gətirir: «Ruhum mənim, laylam mənim, Azərbaycan!». Şairin yaradıcılığında bir Cənub həsrəti də müntəzəm olaraq dilə gəlməkdədir. Xüsusilə də «Təbriz günləri» silsiləsindən yazdığı şeirlərində bir vətən aşiqinin ürək çırpıntısı eşidilir:
   
   Keçdim Culfadakı dəmir körpüdən,
   Orda fars dayanıb, burda rus durur.
   Qarşıda - ikiyə bölünmüş Vətən,
   Ortada - bir Araz, bir namus durur!
   
   Dövlət müstəqilliyimizi qazandıqdan sonra şairin yaradıcılığında vətənlə bağlı nisgilli şeirlərin sayı daha da çoxaldı. Bədnam qonşularımız tərəfindən torpaqlarımız işğal edildi, vətən oğulları azadlıq yolunda şəhidlik zirvəsinə yüksəldi. Müəllifin çəkdiyi haraylarda oxucu ürəyinin çox nisgilləri misra-misra süzülür:
   
   Dayanın, Şəhidlər xiyabanıdı,
   Yas toya qarışıb, toy yasa burda.
   Qızıl qumaşlarda qara xonçalar,
   Nişan gətiriblər bir qıza burda.
   
   Nəriman Həsənzadə nisgillər şairidir. Erkən atasını, şehli gəncliyində anasını, ömrünün təzətər günlərində ömür-gün yoldaşını itirib və bu dərdlər şeirlərində çəkilməz ağrıya dönüb:
   
   Yetim bir uşaqdı kişi qadınsız,
   Mən bir uşaq dedim... tək uşaq olmur.
   Zaman qorxuludu, ömür vəfasız,
   Dünyada tək qalıb yaşamaq olmur.

   
   Xalq şairi Bəxtiyar Vahabzadə Nəriman Həsənzadə yaradıcılığını çox sevirdi. Bir çox kitablarına da ön söz yazmışdı. Unudulmaz Bəxtiyar müəllimin fikirlərindən çəkilən bir ləçəkdə həqiqətən də Nəriman Həsənzadənin poetik portreti görünür: «Bu şairin şeirlərindən mən həmişə böyük həzz almışam. Nəriman Həsənzadənin şeirlərində həmişə ürək döyünür. Oxucu ilə də o, ürək dilində danışır. Ürəyin dili nədir? Səmimiyyət! Yalanın dili qışqırıq, gerçəyin dili hıcqırıqdır...»
   Nəriman Həsənzadənin elə şeirləri var ki, misralar özü bir hikmət dəryasıdır. Sanki uzun illər yol gələn atalar sözüdür. Dinlədikcə düşünürsən. Bu şairin mənəvi zənginliyi, ağsaqqallığı qarşısında həm heyrətlənirsən, həm baş əyirsən:
   
   Düşmən yarasının bir qəmi yoxdu,
   Vətən yaralansa, məlhəmi yoxdu.
   
   * * *
   Şairlə bir görüş, ya adi söhbət,
   Allaha xidmətdi, bəndəyə hörmət.
   
   * * *
   Qılınc götürməsə tarixdə bir xalq,
   Ayaqlar altında itib-batacaq.
   
   * * *
   Söz var, o, dillərə ağızdan düşür,
   Ağız var - söz orda nüfuzdan düşür!

   
   Nəriman Həsənzadə söyləyir: «Həmişə qarşıma yaxşı insanlar çıxıb. Bu qədər ağır itkinin, sarsıntının içində mən məhz o böyük insanların sayəsində yaşayıb, yaradıb bugünümə çatmışam. Ömrüm boyu Heydər Əliyevi, Nazim Hikməti, Mir Cəlalı minnətdarlıqla xatırlayıram. Onların mənə etdiyi yaxşılıqları, göstərdikləri qayğını bəlkə oğul atadan görər. Hələ Məmməd Arazla keçirdiyim günlər ömrümün ən bəxtəvər çağları idi. Məmmədə ünvanladığım şeirlərim də var». Onlardan birində deyilir:
   
   İllər bir-birilə qol-boyun gedir,
   Neçə qol ayrılır boyundan belə.
   Dünyada dünyayla bir oyun gedir,
   Baş aça bilmədim oyundan belə.
   
   Filologiya elmləri doktoru Buludxan Xəlilovun bir fikri ürəyimdən xəbər verdi. Professor söyləyir ki, Nərimanın şeirlərinə Nizaminin, Füzulinin, Vaqifin, Yunis İmrənin, Sabirin, Cavidin, Hadinin, Vurğunun... ruhları sığal çəkir. Maraqlı fikirdir. Bəlkə də elə buna görədir ki, Nəriman Həsənzadənin şeirləri dillər əzbərinə çevrilir. Nəğmə libası geyinmiş misraları dillərdən düşmür:
   
   ...Məhəbbət...
   Nə deyim bu ülvi ada,
   Hamıya bir gözlə baxmayır o da.
   Birinə ömür-gün yoldaşı verir,
   Başqa birisinə göz yaşı verir.
   
   Nəriman Həsənzadə həm də görkəmli dramaturqlardan biridir. Onun əsərləri respublikanın müxtəlif teatrlarında tamaşaya qoyulub: Bakıda, Sumqayıtda, Naxçıvanda və başqa yerlərdə. Haqqında dünyanın bir çox mətbuat orqanlarında maraqlı fikirlər söylənib. Uzun illər müxtəlif vəzifələrdə çalışan Nəriman Həsənzadə pedaqoji fəaliyyətlə də məşğul olub. Bir müddət Bakı Dövlət Universitetində müəllim işləyib. Hazırda Milli Aviasiya Akademiyasında kafedra müdiridir. Azərbaycanın görkəmli müğənniləri onun sözlərinə yazılmış mahnıları məhəbbətlə ifa edirlər. Xalq artisti Zeynəb Xanlarovanın böyük şövqlə oxuduğu «Sən bağışladın» şərqisi retro mahnılarından birinə çevrilib.
   Etiraf edək ki, biz nəslin gənclikdə ən çox oxuduğu, bloknotlarımıza şeirlərini yazdığımız şairlərdən bir məhz Nəriman Həsənzadə olub. Bu şeirlərin qüdrəti duyğulu kəsləri tez-tez əlçatmaz günlərə çəkir. «Deyirlər, tanış ol», «Fikir eləmə», «Yalan de», «Yanına gəlmişəm», «Nağıl» və bu qəbil şeirlərindən duyğularımıza ələnən həzinlikdə, liriklikdə, gəncliyə uzanan arzularımızın, sevgilərimizin ünvanı görünür:
   
   Elə dayanırsan, elə baxırsan,
   Elə bil qarşında quru bir daşam.
   İpək saçlarını bir vaxt oxşayan
   Elə bir hardasa mən olmamışam.
   
   Səni dostlarımla, tanışlarımla,
   Mən tanış edərdim nə vaxtsa bir-bir.
   İndi özgələri yad ehtiramla,
   Deyirlər tanış ol, nə qəribədir!
   
   Flora Xəlilzadə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar