Heykəltəraş İbrahim Zeynalovun yaradıcılığına qısa nəzər
O, paytaxt Bakıda və rayonlarımızda ucaldılmış bir çox monumental heykəltəraşlıq əsərlərinin və çoxsaylı dəzgah heykəltəraşlığı nümunələrinin müəllifi kimi tanınır. Uzun müddət pedaqoji fəaliyyətlə məşğul olub, heykəltəraşlıq sənətinin sirlərini gənclərə öyrədib.
Bu yazıda Xalq rəssamı İbrahim İsmayıl oğlu Zeynalov (1934-2003) haqqında söz açacağıq.
İbrahim Zeynalov Bakıda anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu (1956) və Xarkov Dövlət Rəssamlıq İnstitutunu (1962) bitirib. Müsahibələrindən birində deyirdi: “Hələ uşaq yaşlarından plastilindən, ağacdan heyvan fiqurları düzəltməyi çox sevirdim. Bu həvəs sonradan arzuya çevrilərək qəlbimdə kök saldı... İlk müəllimim Əməkdar incəsənət xadimi, heykəltəraş Həyat Abdullayeva olub. Mən ondan çox şey öyrənmişəm...”.
İ.Zeynalov Azərbaycanın tanınmış dövlət, elm, sənət adamlarının bədii-estetik təsir gücünə malik obrazlarını ərsəyə gətirib. Sənətkarın fərdi şəkildə və həmkarları ilə birgə hazırladığı monumental heykəltəraşlıq nümunələrindən “İmadəddin Nəsimi” (Xalq rəssamı Tokay Məmmədovla birgə, tunc, qranit, 1978, Bakı), “Mirzə Ələkbər Sabir” (tunc, qranit, 1989, Şamaxı), “Şah İsmayıl Xətai” (Əməkdar rəssam, heykəltəraş Zakir Mehdiyevlə birgə, tunc, qranit, 1990, Bakı), “Mücirəddin Beyləqani” (Əməkdar rəssam, heykəltəraş Zakir Mehdiyevlə birgə, tunc, qranit, 1991, Beyləqan), “İsmayıl bəy Qutqaşınlı” (Əməkdar rəssam, heykəltəraş Zakir Mehdiyevlə birgə, tunc, 1992, Qəbələ), “Nizami Gəncəvi” (tunc, qranit, 1993, Bakı), “Hacı Zeynalabdin Tağıyev” (tunc, qranit, 1994, Bakı) və başqa əsərləri qeyd etmək olar.
Heykəltəraşın obraz yaradıcılığı, monumentallığı və estetik təsir qüvvəsi ilə diqqətçəkən əsərləri seyrçidə xoş duyğular yaratmaqla yanaşı, mənəvi irsimizin zənginliyini nümayiş etdirir. Məşhur şair M.Beyləqani, satirik poeziyamızın böyük ustadı M.Ə.Sabir və yazıçı İ.Qutqaşınlının doğma yurdlarında ucaldılan abidələri öz bədii ifadə və işlənilmə xüsusiyyətlərinin dolğunluğu ilə nəzəri cəlb edir.
Bu yerdə qeyd etmək yerinə düşər ki, heykəltəraşlar İ.Zeynalovla Z.Mehdiyevi yaxın dostluq və yaradıcılıq telləri bağlayırdı. Sənətşünaslıq doktoru, professor Cəmilə Novruzova heykəltəraşın yaradıcılığı haqqında yazır: “İbrahim Zeynalovun abidələri və layihələri bir-birindən forma müxtəlifliyi, əldə olunmuş quruluşların təkrarlanmaması cəhdi ilə fərqlənir. Onun abidələrinin təsir effekti tamaşaçıya yaxınlıq, fiqur və postament ölçülərinin düşünülmüş uzlaşdırılmasındadır. Çox vaxt abidə hazırlanmazdan öncə portret üzərində iş gedir, heykəltəraş məhz burda gələcək monumental obrazın cizgilərini müəyyənləşdirir. Beləliklə, heykəltəraşın yaratdığı abidələr yüksək idealı, yaradıcı şəxsiyyətin möhtəşəmliyini və gözəlliyini təsdiqləyən monumental obrazın yaradıcılıq axtarışları ənənələrini izləməyə imkan verir. Bu ənənələrin ideya zəminindən onun formal əlamətləri də yaranır...” (“Heykəltəraş İbrahim Zeynalov”. Albom-monoqrafiya. Bakı, 1998).
İ.Zeynalovun büst-portret əsərləri surətlərin fərdi psixoloji xüsusiyyətlərinin professional işlənilməsi baxımından seçilir və obrazların daxili-mənəvi dünyalarını dəqiqliklə təcəssüm etdirir. “Mirzə Fətəli Axundov” (mərmər, 1963), “Xəyal. Gənc qız portreti” (mərmər, 1979), “Rəşid Behbudov” (tunc, 1986), “Mirzə Ələkbər Sabir” (tunc, 1989) “Habil Əliyev” (tunc, 1990) büstləri bu qəbildəndir.
Heykəltəraş həmçinin “Memar Əcəmi” (tunc, 1976), “M.L.Rostropoviç” (tunc, 1997) barelyeflərinin və H.Z.Tağıyevin xatirə lövhəsi (Əməkdar rəssam, heykəltəraş Zakir Mehdiyevlə birgə, tunc, 1996, Milli Azərbaycan Tarixi Muzeyinin binası), Məmməd Səid Ordubadinin qəbirüstü abidəsi (qranit, 1973) və başqa memorial xatirə nümunələrinin müəllifidir.
Görkəmli yazıçı M.S.Ordubadinin Fəxri xiyabandakı qəbirüstü abidəsi orijinal kompozisiya quruluşuna malikdir və ustalıqla həll edilib. Yazıçının mənalı surəti monolit qranit üzərində əks olunub. Digər qayalaşmış qranit daşlarda isə onun tarixi romanlarının adları – “Qılınc və qələm”, “Gizli Bakı”, “Dumanlı Təbriz”, “Döyüşən şəhər” – həkk olunub.
İ.Zeynalovun heykəltəraşlıq əsərləri orijinal kompozisiya quruluşu, professional işlənilmə xüsusiyyətlərinə malikdir və ayrı-ayrılıqda bədii təhlil predmeti olmağa layiq sənət nümunələridir.
Sənətkar məhsuldar yaradıcılıq fəaliyyəti ilə yanaşı iyirmi il Azərbaycan Dövlət Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri (1973-1993) işləyib, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru (1994-2003) vəzifəsində çalışıb. Əsərlərindən ibarət sərgilər təşkil olunub. Bədii yaradıcılıq nümunələri müxtəlif muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır.
İ.Zeynalovun yaradıcılığı və fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, respublikanın “Əməkdar incəsənət xadimi” (1977), “Xalq rəssamı” (1988) fəxri adlarına layiq görülüb, SSRİ (1972) və Azərbaycan SSR (1976) Dövlət mükafatlarının laureatı olub.
Əsəd Quliyev
sənətşünas, Rəssamlar İttifaqının üzvü