İyulun 21-də Bakıdakı Rus Evində (RİMM) Əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının dosenti, beynəlxalq festival və müsabiqələr laureatı Sahib Paşazadənin “Oxuyan tar” adlı solo konsert proqramı təşkil olunacaq.

RİMM-dən verilən məlumata görə, Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət konsertdə Sahib Paşazadəni pianoda Əməkdar artist Nərgiz Əliyeva müşayiət edəcək.

Qeyd edək ki, dünyanın 50-dək ölkəsində solo konsert proqramları ilə çıxış edən virtuoz tarzənin repertuarında Azərbaycan, Qərbi Avropa və Latın Amerikası bəstəkarlarının 500-dən çox əsəri yer alıb. Bu sıraya Azərbaycan bəstəkarlarının orkestrlə tar üçün yazdığı 30-dan çox konsert də daxildir. Bundan əlavə, bəstəkarlar məxsusi olaraq Sahib Paşazadənin ifası məqsədilə tar üçün əsərlər yazıblar. Onlardan birini braziliyalı bəstəkar Benjamin Taubkin yazıb.