“Suraxanı” gəmi-muzeyində qrup sərgisi

 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Suraxanı” gəmi-muzeyinin və “Chagh Art Platform”un təşkilatçılığı ilə “Dənizə doğru” adlı qrup sərgisi keçirilib. İyulun 16-da baş tutan sərgidə iştirakçılar üç məfhumu – səma, dəniz və gəmilərin lövbər saldığı limanı təsvir edən rəssamların əsərləri ilə tanış olublar.

Sərginin mövzusu hər kəsin müxtəlif səbəblərdən üz tutduğu Xəzər dənizidir. Kimi neft buruqlarına çalışmağa, kimi sadəcə, istirahətə, kimi ucsuz-bucaqsız mavi səma və dənizin seyrinə dalmaq üçün Xəzəri ziyarət edir.

Sərginin ziyarətçiləri tanınmış rəssamlar Eldar Qurbanov, İntiqam Ağayev, Rafail Əliyev, Vüqar Əli, Rəşad Cabarov, Mir Azər Abdullayev, Anar Hüseynzadə, Elşən Karaca, Leyla Altunay, Milena Nəbiyeva, Emin Qəhrəmanov, Elçin Hüseyn, Məmməd Rəşidov, Günel Ravilova, Abbas Məmmədov, Diana Əliyeva, Səbinə Səfərova, Aqil Həşimov, Rəşad Rzayev, Sahib Yaqubov və digər rəssamların marina janrında təsvir etdikləri əsərlərə nəzər yetirmək imkanı qazanıblar. Qeyd edək ki, “marinistika” (italyanca “marina” – su), dəniz görünüşü, dənizdə döyüş səhnəsi və digər dəniz hadisələrini təsvir edən janrdır.

Sərginin açılışında dünyada ilk tanker muzey olan “Suraxanı” gəmi-muzeyinin direktoru Tural İbrahimov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov, muzeyşünas Azadə Hüseynova iştirak ediblər.

Sərginin əhəmiyyətini yüksək qiymətləndirən Qalib Qasımov rəssamlar üçün belə bir platformanı və imkanı yaratdıqları üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə və “Suraxanı” gəmi-muzeyinə təşəkkürünü bildirib.

İki gün davam edən sərgidə 40-a yaxın rəsm əsəri nümayiş olunub. Nümayiş olunan əsərlər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Xatırladaq ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi mədəniyyətimizin inkişafı, təbliği, eləcə də yaradıcı gənclərin dəstəklənməsi məqsədilə müxtəlif layihələr gerçəkləşdirir. 2018-ci ildə şirkət yaranmasının 160 illik yubileyi münasibətilə gənc rəssamlar arasında təsviri incəsənət müsabiqəsi təşkil etmişdi. Daha sonra isə həmin müsabiqəyə təqdim olunan 100-dən çox əsərin Muzey Mərkəzinin sərgi qalereyasında sərgisi keçirilmişdi. Bu cür layihələr gələcəkdə də davam etdiriləcək.

L.Azəri