I yazı

 

Təsadüfi deyil ki, Şuşaya Qarabağın döyünən ürəyi, şeir, sənət beşiyi deyirlər. “Qafqazın konservatoriyası” da adlandırılan qala-şəhərimiz bir çox milli sənət nümunələrin də intişar tapdığı ilk ünvanlardan, sənət alovunun çatıldığı ilk ocaqlardandır. Azərbaycan teatr sənətinin təşəkkül və inkişafında da Şuşa sənət mühiti ön planda olub.

Tarixən ölkəmizin bir çox bölgələrində geniş yayılan milli xalq ayin və oyunları, eləcə də dini tamaşalar Şuşada bir ayrı ovqatda təşkil edilib. Bununla bağlı maraqlı araşdırmalar, zaman-zaman Şuşada olmuş xarici səyyah və sənətkarların xatirələri də var.

XIX əsrin ortalarından etibarən Şuşada teatr tamaşaları yeni ictimai məzmun və forma kəsb etməkdə idi. Bunun da çox sadə səbəbi var idi: Şuşanın ziyalı zümrəsi.

Azərbaycanın, Şuşanın teatr tarixini tədqiq edən bir sıra mütəxəssislərin də qeyd etdiyi kimi, ilk vaxtlarda yerli və başqa millətlərin nümayəndələri ilə birlikdə Şuşada teatr və sirk tamaşaları göstərilməyə başlayır və bu proses elə də rəvan getmir.

XIX əsrin 40-cı illərində şuşalıların mədəni həyatı haqqında mərhum teatrşünas İnqilab Kərimov yazır: “Məlum olur ki, yerli əhali yalnız xalq teatrlarının tamaşaları, xanəndə və aşıqların çıxışları ilə kifayətlənməyib, müasir teatr tamaşalarına da baxırmışlar. Şuşada yerli kəndirbazların və səyyar sirk artistlərinin də çıxışları olurdu”.

Ümumiyyətlə, XIX əsrin ortalarında Şuşanın mədəni həyatında bir canlanma duyulmaqda idi. Belə ki, 1848-ci ildə artıq Şuşada tamaşaların oynanılması üçün teatr və sirk səhnələri var idi. Bu fakt dövrün görkəmli elm, mədəniyyət və ədəbiyyat xadimlərinin xatirələrində də öz əksini tapıb. Mənbələrdən məlum olur ki, Şuşa ziyalıları vaxtaşırı tamaşalar oynayır, ədəbi məclislər qurur, o zamanlar Cənubi Qafqazın mədəni mərkəzi olan Tiflisdəki mütərəqqi düşüncəli maarifçi ziyalılarla sıx əlaqə saxlayırdılar.

Yeri gəlmişkən, deyək ki, XIX əsrin 50-ci illərindən etibarən böyük dramaturq, mütəfəkkir Mirzə Fətəli Axundzadənin əsərləri Tiflisdə çap olunmağa, tamaşaya qoyulmağa başlayır. Təəssüf ki, müəllifin vətəni Azərbaycandan başqa. Sözsüz ki, bu fakt mütəfəkkiri narahat edir və əsərlərinin ölkəmizdə də çapına can atırdı. Bu məqsədlə o, Tiflisdən vətənə gəlir. Özü də Bakıya yox, məhz Şuşaya. 1852-ci ildə Şuşada xalq arasında yayılması üçün Qarabağ xanzadələrinin keçmiş müəllimi, Xoşnəvis Mirzə Əbdüllətif Molla Kəlbəli oğlunu yanına dəvət edir və qısa müddətdə əsərlər köçürülərək yayılır.

Xalqı maarifləndirməyin yolunu həm də teatrda görən yerli ziyalılar yanğı ilə onun təşəkkülünə, daha geniş auditoriyanın istifadəsinə verilməsinə can atırdılar. Lakin camaatın teatr tamaşalarına güclü axını heç də birmənalı qarşılanmır, daha doğrusu, buna ümumi maraq göstərilmirdi. Bir çox hallarda mane də olunurdu. Sözsüz ki, teatr, yenilikçi fikirlərin meydanı olan səhnə əksər din xadimlərinin və cahillərin xoşuna gəlmirdi. Bu mənada müxtəlif yollarla insanların teatra olan marağının qarşısını almaq istəyənlər, cahillər teatr tamaşaları və şeir-sənət məclisləri keçirmək üçün Şuşa ziyalılarının yaratdıqları teatr salonundan başqa məqsədlər üçün istifadə etmək istəyirdilər. Maarifə, təhsilə xor baxanların təhqir və təqiblərinə məruz qalan teatr həvəskarları bəzən öz həyatları bahasına olsa belə, tamaşa oynamaqdan çəkinmirdilər.

Şuşa teatrının araşdırıcılarından Yaqub Əlioğlu şəhərin ilk teatr fədailərindən olan müəllim, şair təbli aktyor Mirzə Muxtarın maraqlı bir xatirəsini diqqətə çatdırır: “45 il bundan qabaq (1874-cü ildə  – Y.Əlioğlu) Şuşada mərhum Mirzə Fətəli Axundovun əsəri “Hacı Qara”nı tamaşaya qoyduq. O vaxtda mətbəə-filan olmadığından qələm ilə 35 elan yazdım və payladım camaata. Axşam tamaşaçıların bəziləri “şəriətə zidd bir şey olsa, vay halına” deyib məni hədələdilər. Allaha şükür ki, dinə müxalif bir şey tapmayıb razı qaldılar”.

Təəssüf ki, sonralar teatr tamaşalarındakı çıxışlarına görə Mirzə Muxtar təqiblərə dözə bilməyib doğma şəhərini tərk etməli olmuşdu.

Dövrün qabaqcıl insanları, maarif və mədəniyyət xadimləri bütün qüvvələrini toplayaraq teatr tamaşalarının müntəzəm göstərilməsinə çalışırdılar. Xüsusilə şəhərin mütərəqqi ziyalıları hər yay tətilində birlikdə yeni-yeni tamaşalar göstərirdilər. Bu tamaşalar əsasən Axundzadənin komediyalarından ibarət olurdu. Elə iştirakçıları da təxminən eyni adamlar, sonradan hər biri böyük şöhrət tapmış elm, sənət fədailəri idi. Siyahıya nəzər salaq: Yusif bəy Məlikhaqnəzərov, Haşım bəy Vəzirov, Bədəl bəy Bədəlbəyov, Əbülfət Vəli, Firidun bəy Köçərli, Mirzə Muxtar Məmmədov, Həsənəli bəy Sarıcalinski, İsmayıl Şəfibəyov, Cabbar Qaryağdıoğlu və başqaları.

Onu da qeyd edək ki, bu tamaşalarda iştirak etmək üçün xüsusi musiqiçilər də dəvət olunurdu. Bu barədə Qulam Məmmədlinin “Azərbaycan teatrının salnaməsi” kitabında oxuyuruq: “Ümumiyyətlə, Şuşa musiqiçilərinə, xanəndələrinə teatr səhnəsi doğma idi. Belə ki, onların əksəriyyəti Tiflisdə keçirilən teatr tamaşalarının antraktı (fasiləsi) zamanı çalıb-oxuyurdular. Görünür, elə bu amilin özü, xanəndələrin teatr tamaşalarında çıxışı, gələcəkdə musiqi ilə oxunan (operanın) teatr tamaşalarının meydana gəlməsinə müəyyən mənada öz təsirini göstərə bilmişdir”.

Teatra həvəs göstərən ziyalıların sayı artdıqca onların arasında səhnə əsəri yazmağa həvəs göstərənlər də tapılırdı. Uşaqlıqda Şuşada teatr sənətinə vurğunluğunun necə baş verdiyini Ə.Haqverdiyev öz xatirə yazısında belə açıqlayır: “1884-cü ildə 14 yaşımda ikən bir dəfə teatra getdim. Mirzə Fətəlinin “Xırs-quldurbasan” pyesini oynayırdılar. Teatrda pərdə açılanda mən bu əqidədə idim ki, fokus göstərəcəklər. Pərdə açıldı, bir də baxdım ki, müəllimim Yusif bəy əynində çuxa, başında buxara papaq, belində xəncər, əlində tüfəng səhnədə dayanıb igidlikdən dəm vurur. Get-gedə tanıdığım müəllimlərimin birini arvad libasında görüb teatrın və komediyanın nə olduğunu anladım”.

***

Şuşada teatra maraq, tamaşaçıların sayı sürətlə artırdı. Təkcə 1885-ci ilin avqustunda Şuşadakı teatr həvəskarları M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah”, “Hacı Qara”, “Vəziri-xani-Lənkəran” komediyaları uğurla oynanılır. Nümayişlərdən əldə edilən vəsait isə xeyriyyə məqsədilə şəhərdəki sənət məktəbinə verilir.

Yeri gəlmişkən, Şuşada XIX əsrin 40-cı illərindən rus dilində də tamaşalar göstərilirdi. Əsrin sonlarında teatrda rus truppası da fəaliyyətə başlayır. Bu truppanın repertuarında daha çox dünya dramaturgiyasından nümunələr oynanılırdı. Deməli, yerli teatr həvəskarları həm də əcnəbi müəlliflərin əsərləri ilə tanış olmaq imkanı qazanırdılar.

Getdikcə Şuşanın mədəni həyatında teatr qaynar bir məkana çevrilirdi. Amma yerli ziyalı gənclərin teatra daha çox diqqət yetirməsi ruhaniləri bərk narahat edirdi. Ona görə teatr çıxardanlar tez-tez onların qəzəbinə tuş gəlirdilər. Bəzən də ziyalılar ilə din xadimləri üz-üzə gəlməli olurdular. Bununla bağlı “Novoe obozrenie”dəki bir başqa məlumat diqqəti çəkir: “Bu günlərdə həvəskarların iştirakı ilə iki pyes səhnələşdirilmişdir. Bu pyeslərdən biri, hələ indiyədək heç yerdə oynanmamışdır. Biri “Evlənmək su içmək deyil”, o birisi isə birpərdəli “Qocalıqda yorğalıq” əsəridir. Tamaşanın sabahı şəhərə səs yayıldı ki, onun müəllifi (Haşım bəy Vəzirov – Y.Əlioğlu) bu əsərinə görə öldürüləcəkdi. Xüsusilə, ruhanilər bərk qəzəblənmişdilər. Ziyalılar isə müəllifə havadar çıxmışdılar”.

Ümumiyyətlə, Şuşada teatr tamaşası qurmaq, oynamaq heç də həmişə asan olmayıb. Xüsusilə, bu işlə böyük arzu və istəklə məşğul olan Ə.Haqverdiyevin başı çox bəlalar çəkib. Görkəmli yazıçımız Abdulla Şaiq öz xatirələrində yazır: “Ə.Haqverdiyevə Şuşada “Şəbihgərdan” adı qoyulmuşdur. 1896-cı ildə Şuşa şəhəri müəllimlərinin və Nikolayevski məktəbi tələbələrinin iştirakı ilə “Dağılan tifaq” faciəsi tamaşaya qoyulur. Tamaşanın rejissorluğunu Ə.Haqverdiyey özü edirmiş. Rollar müəllimlərlə tələbələr arasında paylanır. Üçüncü bəyin rolunu - S.S.Axundov, qumarda uduzan bəyin arvadının rolunu tələbələrdən Rza Mirzəyev oynayır. Məktəblilər nəğməsini Ü.Hacıbəyov və başqaları oxuyurlarmış. Tamaşanın sabahı arvad rolunu oynayan R.Mirzəyevin anası məktəbə gəlib hay-küy qopararaq “Hanı o Şəbihgərdan? Mənim oğluma arvad paltarı geyindirib xalqın qabağına çıxardan o Əbdürrəhim hardadır? Onun başına bir oyun açım ki...” deyə Haqverdiyevi hədələyirmiş”.

Həmin dövrə nəzər salarkən ən çox səhnəyə qoyulan müəlliflər sırasında, təbii ki, M.F.Axundzadə başda gəlir. Onun “Hacı Qara” komediyası ikinci dəfə 1897-ci ildə Şuşada tamaşaya qoyulub. Həmin illərdə tamaşaların təşkili və rejissorluğu N.Vəzirov və Ə.Haqverdiyevin üzərinə düşürdü. Qadın rollarının ifaçıları da təxminən eyni adamlar idi: Rəsul Tahirov və Salah bəy Zöhrabbəyov. Hacı Qara rolunu H.Sarıcalinski, Əsgər bəy rolunu Cavad bəy Vəzirov, Səfər bəy rolunu F.Köçərli, Kərəməli rolunu isə H.Vəzirov ifa edirdi.

Artıq Şuşada teatr mütərəqqi ideyaların təbliğatçısı kimi xalqın şüuruna təsir etməkdə və daha geniş müstəvidə yayılmaqda idi. Bunu Şuşa teatrının 1903-1910-cu illər repertuarına nəzər salarkən aydın görürük. Janr müxtəlifliyi və müəllif rəngarəngliyi oturuşmuş repertuar siyasətinin formalaşdığına işarə idi. Nümunələr sırasında Axundzadənin “Hacı Qara”, V.Şekspirin “Otello”, Ə.Haqverdiyevin “Dağılan tifaq”, “Hacı Daşdəmir”, “Ac həriflər”, N.Vəzirovun “Hacı Qəmbər”, “Dad yarımçıq əlindən”, “Daldan atılan daş topuğa dəyər”, S.Qənizadənin “Xor-xor”, “Axşam səbri xeyir olar”, N.Nərimanovun “Nadir şah”, Z.Hacıbəyovun “Evliykən subay”, “Əlli yaşında cavan”, Y.Kənanın “Evlənmək” və başqa müəlliflərin əsərləri Şuşanın teatr həvəskarları Y.Məlikhaqnəzərov, H.Vəzirov, Zülfüqar Seyidbəyov, Məmmədəli Orucov, Z.Hacıbəyov, Həmid Axundov, Musa Şuşinski, Surxay Abdullayev, Mirzə Ələkbər Axundov, Xosrov və Hüsü Mamayevlər tərəfindən uğurla oynanılır, tamaşaçılar tərəfindən alqışlanırdı.

***

Şuşanın teatr mühitinə Bakı artistləri də öz sənət töhfəsini bəxş edir, yerli həvəskarlar və tamaşaçılarda teatr tamaşalarına marağı daha da artırırdılar. Həmin dövrlərdə artıq xalq arasında məşhur artist kimi tanınan Hüseyn Ərəblinski və Sidqi Ruhulla tez-tez şuşalı teatrsevərlərin qarşısında çıxış edirdilər.

Teatrşünas Y.Əlioğlu Şuşa və onun teatr mühitini təsvir edərkən maraqlı bir paralel aparır: “XIX əsrdən fərqli olaraq XX əsrin əvvəllərində artıq Şuşada teatr tamaşalarına və aktyorlara münasibət dəyişərək yeni müsbət fikirlər formalaşmağa başlamışdır. Təbii, bu müsbət fikir, hər cür təzyiq və təqiblərə baxmayaraq, Şuşa teatrının tamaşaları sayəsində mümkün olmuşdur”.

Görkəmli yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin də yaradıcılıq taleyində Şuşanın öz əhəmiyyətli izi var. Onun şuşalı ziyalılarla sıx ünsiyyəti olub. Bunun nümunəsi olaraq 1916-cı ilin 17 avqustunda Mirzə Cəlilin “Ölülər” tragikomediyası Şuşada, Xurşidbanu Natəvanın qızı Xanbikənin evində yerləşən məktəbdə tamaşaya qoyulub. Bu tamaşadan sonra Mirzə Cəlil də bir sıra din xadimlərinin qəzəbinə tuş gəlib. Amma Şuşada hamı mollalar kimi düşünmürdü. Şuşada, ümumiyyətlə, sənətə və sənətkara bütün dövrlərdə hörmət və ehtiram olub...

XX əsrin əvvəllərində Şuşada oturuşmuş teatr mühiti sovetləşmə zamanında da, sənətin ideologiya maşınına çevrilməsi dönəmində də özünəməxsusluğunu, belə demək mümkünsə, müstəqilliyini, milli xüsusiyyətlərini qoruyub saxlaya bilmişdir. Bunu müstəqil, milli ziyalıların yaratdığı Şuşa teatrının sütunları üzərində qurulan “Şuşa kolxoz-sovxoz teatrı”nın, sonrakı mərhələdə Ü.Hacıbəyli adına Şuşa Dövlət Musiqili Dram Teatrının, eləcə də Şuşa Musiqili Xalq Teatrının, elə indiki Şuşa Dövlət Musiqili Dram Teatrının da ana ideyası kimi görə bilirik.

Həmidə Nizamiqızı