Mədəniyyət naziri Anar Kərimov iyulun 19-da Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavlyeviçlə görüşüb.

Qonağı salamlayan nazir ölkələrimiz arasında mövcud mədəni  əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə inamını ifadə edib. Kitabxana, kinematoqrafiya, muzeyşünaslıq və digər humanitar sahələrdə təcrübə mübadiləsinin, həmçinin sərgilərin təşkilinin  önəmi vurğulanıb.

Anar Kərimov Mədəniyyət Nazirliyi tərəfindən ötən il bəyan edilən “Mədəniyyət naminə sülh” (Peace for Culture) qlobal çağırışının əhəmiyyətindən də bəhs edib. Bildirib ki,  bu kampaniya çərçivəsində də Serbiya Respublikası ilə əməkdaşlığa hazırıq.

Səfir qeyd edib ki, gerçəkləşdirilən birgə layihələr nəinki mədəni əlaqələrimizin, eləcə də xalqlarımızın yaxın münasibətinin göstəricisidir.

Görüş zamanı ölkələrimizin tarixi irsini gələcək nəsillərə ötürməyin əhəmiyyətindən bəhs edilib. Arxeologiya və etnoqrafiya sahəsində birgə layihələrin həyata keçirilməsinin mümkünlüyü də müzakirə olunub.