Bu il Azərbaycan bədii fikrinin görkəmli siması, şairə, xeyriyyəçi Xurşidbanu Natəvanın (1832-1897) anadan olmasının 190 illiyidir.

Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarındandır. İncəsənətin ayrı-ayrı növlərinə dərindən bələd olan sənətkar Şərq poetik ənənələrini yaşadıb, insanları mənəvi saflığa çağıran və məhəbbət, həqiqətə inam hissi aşılayan, zərif lirizmə malik və parlaq bədii boyalarla zəngin bir irs qoyub gedib. Onun başçılıq etdiyi “Məclisi-üns” ədəbi məclisi öz ətrafında dövrün qabaqcıl ziyalılarını, şairlərini toplayıb və Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərib. Şairə ədəbi yaradıcılığını xalqa məhəbbət nümunəsinə çevrilən xeyriyyəçilik fəaliyyəti ilə ahəngdar şəkildə birləşdirib, yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün böyük əmək sərf edib.

Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında dövlət başçısının 14 mart 2022-ci il tarixli sərəncamı və bu sərəncamın icrası ilə bağlı Mədəniyyət Nazirliyinin tərtib etdiyi Tədbirlər planına uyğun olaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Xurşidbanu Natəvan – 190” adlı elektron daycest hazırlanıb.

Daycestdə (“digest” – ingilis dilindən tərcümədə “xülasə”, “toplu” mənasını verir) Xurşidbanu Natəvanlə bağlı 2018-2022-ci illərdə dövri mətbuat səhifələrində dərc edilmiş məqalələr seçilərək istifadəçilərin ixtiyarına təqdim olunub.

Daycestin hazırlanmasında əsas məqsəd geniş istifadəçi kütləsini şairənin həyat və yaradıcılığı, ölməz irsi haqqında dərc olunmuş materiallarla tanış etməkdən ibarətdir. Daycestdə məqalələr illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə verilib.

Elektron daycestlə tanış olmaq istəyənlər http://anl.az/down/X.Natevan.pdf linkindən istifadə edə bilərlər.

***

Bu il həmçinin milli poeziyamızda fəlsəfi lirikanın təkrarsız nümunələrini yaratmış mütəfəkkir ədib Hüseyn Cavidin (1882-1941) anadan olmasının 140 illik yubileyidir.

H.Cavid mənzum faciələri və tarixi pyesləri ilə Azərbaycan dramaturgiyasında yeni mərhələ yaradıb. Onun yaradıcılığı Şərqin estetik fikir tarixi və dünya romantizm ənənələri ilə sıx bağlıdır.

Ulu öndər Heydər Əliyev 1982-ci ildə Cavidin nəşinin Sibirdən Bakıya qaytarılmasına nail olub. Şairin cənazəsi doğulduğu Naxçıvan şəhərində torpağa tapşırılıb. Lakin ümummilli lider bundan sonra da ədibə mənəvi hamiliyini əsirgəməyib, sanki şairə ikinci bəraətini qazandırıb. Daha sonra Naxçıvanda və Bakıda Cavidin ev-muzeylərinin yaradılması, məqbərəsinin ucaldılması, külliyyatının çap edilməsi, 100, 120 illik yubiley tədbirlərinin keçirilməsi də məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Prezident İlham Əliyevin də hakimiyyəti dövründə H.Cavid adının uca tutulması, xatirəsinin daim hörmət və ehtiramla yad edilməsi, yaradıcılığının dövlət səviyyəsində təbliği sahəsində bir çox işlər görülüb. “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” dövlət başçısının 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən, Cavidin əsərləri 5 cilddə latın qrafikası ilə nəşr olunub. Prezidentin müvafiq sərəncamları ilə şairin 125, 130, 135 illik yubileyləri yüksək səviyyədə qeyd olunub, Bakıdakı Ev-Muzeyi tərəfindən Cavidin bir çox əsərləri Azərbaycan dilində və bir çox xarici dillərdə hazırlanaraq nəşr edilib. Ədibin həyat və yaradıcılığı barədə materialları əks etdirən 30 cildlik “Cavidşünaslıq” araşdırmalar toplusu ərsəyə gətirilib. Bundan əlavə, Ərtoğrol və Turan Cavidlərin həyat və yaradıcılığından bəhs edən kitablar da işıq üzü görüb.

Görkəmli ədibin yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Hüseyn Cavid – 140” adlı elektron daycest hazırlanıb.

Elektron topluda dramaturqun həyat və yaradıcılığından bəhs edən, 2020-2022-ci illərdə ölkəmizin müxtəlif dövri nəşrlərində dərc edilən məqalələrdən seçmə nümunələr oxuculara təqdim olunur. Daycestdə məqalələr illər üzrə, daxildə isə əlifba düzülüşü ilə verilir.

Elektron daycestlə http://anl.az/down/H.Cavid.pdf linki vasitəsilə tanış olmaq mümkündür.