Tanınmış kinorejissor, pedaqoq Yalçın Əfəndiyevin 85 illiyinə

 

Milli kino sənətimizin tanınmış nümayəndələrindən biri, zəngin yaradıcılıq yolu (sənədli kinoda) keçmiş kinorejissor, Xalq artisti Yalçın Əfəndiyevin (24.07.1937 – 10.12.2019) anadan olmasından 85 il ötür. İstedadlı rejissor, həmkarlarının yaddaşında müsbət şəxsi keyfiyyətə malik insan kimi qalan sənətkarın yubileyi ərəfəsində xatirəsini dərin ehtiramla yad edir, yaradıcılığına nəzər salmağı özümüzə borc bilirik.   

Kino xüsusi bilik, bacarıq, həmçinin intuitiv yanaşma tələb etdiyinə görə yaradıcılıq təfsirində heç də asan peşə növü olmadığını dəfələrlə təsdiqləyib. Buna rəğmən böyük məsuliyyət tələb edən kinoya tükənməz sevgiylə gələnlər, onu həyatının ayrılmaz  parçasına çevirənlər az deyil. Azərbaycan sənədli kinosunun inkişafında böyük rolu olan Yalçın Əfəndiyev kimi...

Yalçın Əfəndiyev 1937-ci il iyulun 24-də Bakıda ziyalı ailəsində anadan olub. Bakıdakı 6 nömrəli məktəbi bitirib. Erkən yaşlarından kinonun vurğunu olub. Hələ orta məktəbdə oxuyarkən kinematoqrafçı olmağı qarşısına məqsəd qoyub. Lakin valideynlərinin istəyinə əsasən Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Geologiya-coğrafiya fakültəsinə daxil olur və 1960-cı ildə təhsilini başa vurur. Tale elə gətirir ki, bir müddət sonra Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ilk dəfə alitəhsilli qrup təşkil olunacağı xəbərini alır və bu şansdan yararlanmaq qərarına gəlir. 1962-1967-ci illərdə institutun Rejissorluq fakültəsində oxuyur. Tanınmış rejissorlar Lev Kuleşov və Boris Belokurovdan bu sənətin sirlərini öyrənir. Diplom işi kimi “Azərbaycanın palçıq vulkanları” elmi-kütləvi filmini çəkir.

İnstitutu bitirdikdən sonra vətənə qayıdaraq “Azərbaycanfilm”də rejissor assistenti kimi fəaliyyət göstərib. Sonra isə ardıcıl olaraq müxtəlif mövzulu sənədli filmlər ekranlaşdırıb.   Kinostudiyadakı ilkin fəaliyyəti dövründə “Səməd Vurğun” (1966; Eldar Quliyevlə birgə), “Bakı haqqında 10 dəqiqə”, “Azadlıq məşəli” (1967), “Qayıdacağına inanırdı” (1968), “Azərbaycan, Azərbaycan” (1970), “Odla təmasda” (1972) və digər sənədli filmlərin müəllifi olub.

Azərbaycanın elm və mədəniyyət tarixinin görkəmli simalarına, xalqımızın mədəni irsinə, mənəvi dəyərlərimizə həsr etdiyi bədii, sənədli ekran əsərləri rejissora geniş şöhrət qazandırıb. “Naxışların yaddaşı” (1973) filmi 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq Kinofestivalında nümayiş etdirilib, qısametrajlı elmi-kütləvi filmlər bölməsi üzrə II mükafat və diplom qazanıb. 1976-cı ildə “Nə yaxşı ki, dünyada Səməd Vurğun var”  (1976) bioqrafik sənədli filminin yaradıcı heyəti – ssenari müəllifi İsmayıl Şıxlı, rejissor Yalçın Əfəndiyev və operator Zaur Məhərrəmov Azərbaycan Komsomolu mükafatına layiq görülüb. Həmçinin film 1977-ci ildə Riqada keçirilən X Ümumittifaq Kinofestivalında diploma layiq görülüb. Ümumilikdə yaradıcılıq filmoqrafiyasında 30-dan çox film olan Yalçın Əfəndiyev həm də çəkdiyi ekran əsərlərinin əksəriyyətinin ssenari müəllifidir.

Mövzu və məzmun baxımından diqqətçəkən, sənədli kino estetikasının incəliklərini yaradıcılığında bəyan edən rejissor müraciət etdiyi hər hansı bir materialın mahiyyətini dərindən açıb göstərməyə müvəffəq olub, maarifpərvər yaradıcılığına görə də tamaşaçı rəğbəti qazanıb.

Əməkdar incəsənət xadimi, kinooperator, rejissor Amin Novruzovun xatirələrində sənət dostunun məsləyinə olan məhəbbəti daha aydın görünür: “Yalçın Əfəndiyevlə birlikdə pambıq ustası, SSRİ Ali Sovetinin deputatı olmuş Tərlan Musayeva haqqında sənədli film çəkmişəm. Çəkilişlər üçün biz Bərdə rayonuna yollanmışdıq. Orda bir neçə gün mehmanxanada qalmalı olduq. Hər gün səhər tezdən durub, pambıqçılarla birlikdə əraziyə daxil olurduq və Tərlan Musyevanın iş prosesini çəkirdik. Yalçın müəllim mövzuya müəllif rejissor olaraq dərindən təmas edir, hər bir kadrın yaxşı alınmasına səy göstərir və işinə böyük məsuliyyətlə yanaşırdı. Sənətinin vurğunu idi.

Mən Azərbaycan Dövlət İncəsənət Universitetində kafedra müdiri işləyəndə o da bizim kafedrada çalışırdı və kurs rəhbəri idi. Onun dərslərini mütəmadi olaraq  müşahidə edirdim və kursu aparmasını çox bəyənirdim. Tələbələri bacarıqlarına görə həmişə seçilirdi. Dərin məna kəsb edən, düşündürücü mövzuları seçib ekranlaşdırırdı. Bu özü də Yalçın müəllimin hər zaman öz üzərində işləməsindən irəli gəlirdi...” .

Yalçın Əfəndiyev sənədli kinoda mühüm əhəmiyyət kəsb edən mövzulara toxunmaqla cəmiyyət üçün gərəkli, əhəmiyyətli, maarifləndirici filmlər ərsəyə gətirib. Onun yeganə tammetrajlı bədii filmi “Xatirələr sahili” kino dramıdır. Filmdə İkinci Dünya müharibəsi illərində arxa cəbhədəki insanların ağır həyat tərzindən bəhs edilir, uşaqlığı çətin illərə təsadüf edən insanların düşüncəsi, cəmiyyətdəki mövqeyi təhlil obyektinə çevrilir.

Yalçın müəllimin yaradıcılığına 1969-cu ildə Azərbaycan xalq nağılının motivləri əsasında çəkdiyi “Cırtdan” cizgi-applikasiya filmi də daxildir. 

1982-1986-cı illərdə “Azərbaycanfilm” Kinostudiyasında Xronikal-sənədli filmlər birliyinin direktoru vəzifəsində çalışan Yalçın Əfəndiyev 1991-1994-cü illərdə Azərbaycan Dövlət Radio və Televiziya Şirkətinin “Azərbaycantelefilm” yaradıcılıq birliyində bədii rəhbər və rejissor kimi fəaliyyətini davam etdirib. 1994-2002-ci illərdə yenidən  “Azərbaycanfilm”də ali dərəcəli rejissor kimi fəaliyyət göstərib.

Əməkdar incəsənət xadimi, kinorejissor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Cəmil Quliyevin xatirələrində Yalçın Əfəndiyevin sənətkar xüsusiyyətləri ilə yanaşı, müsbət şəxsi keyfiyyətləri ilə də tanış oluruq: “Azərbaycanın görkəmli kinorejissoru Yalçın Əfəndiyev haqqında danışmaq mənim üçün həm şərəflidir, həm də çətin. Yalçın müəllimlə ilk tanışlığımız 1982-ci ildə “Azərbaycanfilm”də oldu. O, sənədli filmlər studiyasının direktoru idi. Eşidəndə ki, mən Moskvada Kinematoqrafiya İnstitutunu bitirmişəm, kinostudiyada məni tapdı, öz otağına dəvət etdi və bir neçə film üzərində işləməyi təklif etdi. İlk gündən mən gördüm ki, Yalçın müəllim xeyirxah, təvazökar, sadə, nəcib və intellektual bir insandır. Sonra uzun illər biz kinostudiyada qarşılaşırdıq, səmimi dostluq münasibətimiz oldu.

90-cı illərin ortalarından Mədəniyyət və İncəsənət Universitetində bir yerdə çalışmağa başladıq. Mən universitetə 1987-ci ildə gəlmişdim, o isə 1995-ci ildə. Universitetdə çalışdığı illərdə o, bir ilə yaxın kafedra müdiri oldu, sonra isə xaricdə dərs deməyə getdi. Bir müddət sonra yenidən qayıtdı və universitetdə fəaliyyətini davam etdirdi. Uzun illər bir yerdə işlədik. Universitetdə kino ixtisası üzrə ən istedadlı, bacarıqlı pedaqoqlardan biri idi, ömrünün sonuna qədər də burada çalışdı. Tələbələrlə mehriban ünsiyyət qurmağı çox gözəl bacarırdı. Tələbələri də onu çox sevirdi, maraqlı kurs, diplom işləri hazırlayırdılar. O, heç vaxt öz imkanlarını tələbələrindən əsirgəmirdi. Daima onlarla birlikdə olurdu. Hətta dərslər bitəndən sonra da tələbələrinə dərs keçməyə davam edirdi, müəyyən mövzuları onlara aşılayırdı. 

Yalçın müəllim çox istedadlı rejissor idi. Azərbaycan sənədli kinosunun inkişafında onun müstəsna xidmətləri var. Bir çox sənədli filmlər, oçerklər, xüsusilə Bakı haqqında gözəl filmlər ona məxsusdur. “Bakı haqqında 10 dəqiqə” sənədli filmi Yalçın Əfəndiyevin unikal filmlərindəndir. Film müşahidə formasında çəkilib. O, filmdə Bakı şəhərinin bir gününü müşahidə edir. Bir çox rejissorlar öz filmlərini çəkərkən bu gün də bu filmdən yararlanırlar, xronikal materiallardan istifadə edirlər. Yalçın Əfəndiyevin müxtəlif sənədli kino janrında çəkdiyi filmlər Azərbaycan kino salnaməsini bəzəyir.

Biz Yalçın müəllimlə uzun illər ünsiyyətdə olmuşuq. Buna görə də onun haqqında danışmaq mənim üçün çətindir. Hiss edəndə də ki, o, aramızda yoxdur, telefonun dəstəyini götürüb ona zəng edə bilmirəm, mən özümü pis və tənha hiss edirəm. Onun yoxluğunu həmişə hiss edirəm. O, hər zaman bizim qəlbimizdədir. Allah ona rəhmət eləsin...”.

Göründüyü kimi, ömür illərlə deyil, əməllərlə ölçülür. Tanınmış kinorejissor, səmimi insan, peşəkar pedaqoq Yalçın Əfəndiyev də qazandığı nailiyyətlərə, həyatda göstərdiyi insanpərvərliyə görə sənətsevərlərin və onu tanıyanların qəlbindədir...

Şəhla Əmirli
kinoşünas