“Şuşa İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa – Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir.

Muzeydən bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat Şuşada ilk musiqi məktəbinin yaradıcısı, xanəndə, şair Xarrat Quluya həsr olunub.

Qulu Məhəmməd oğlu (Xarrat Qulu) 1823-cü ildə Şuşa şəhərində anadan olub. O, bacarıqlı xarrat, həm gözəl səsli muğam ustası, həm də istedadlı şair idi. Sənətkar hər üç sahədə uğurlar qazanmışdı. Yusifi təxəllüsü ilə dini mövzuda, eləcə də lirik şeirlər, mərsiyələr, qəzəllər yazardı.

XIX əsrin sonunda Şuşa musiqi mərkəzinə çevrilmişdi. Burada 70-ə qədər sazəndə fəaliyyət göstərirdi. Xarrat Qulu Şuşada yaratdığı musiqi məclisinə gözəl səsi olan gəncləri cəlb edərək məhərrəmlik təziyəsini keçirmək üçün onlara muğamatı və oxumaq qaydalarını öyrədirdi. O zaman dini ənənələrdən başlıcası məhərrəmlik təziyəsi idi.

Xarrat Qulunun öz şagirdlərini dini mərasimlərdə çıxış etməyə sövq etdirməsinə baxmayaraq, onlara şərq musiqisinin əsaslarını – muğamları, Azərbaycan xalq nəğmələrini də öyrədərdi.

Onun məktəbində xanəndələrin oxumaq tərzləri belə bir ümumi qayda və ənənəyə əsaslanırdı: xanəndə dizi üstə oturub oxuyardı. Onlar çox gözəl qaval vurar, oxuyarkən tərpənməz, bəzən isə gözlərini də yumardılar.

Xarrat Qulunun musiqi məktəbi dinə xidmət məqsədi güdsə də, Azərbaycanda vokal və çalğı musiqisinin inkişafında mühüm rol oynamış, bir sıra ustad sənətkarların yetişməsinə səbəb olmuşdu. Şuşanın görkəmli xanəndələri Hacı Hüsü, Dəli İsmayıl, Şahnaz Abbas, Əbdülbaqi (Bülbülcan), məşhur tarzən Sadıqcan həmin məktəbin yetirmələridirlər.

Kərbəlayı Xarrat Qulu 1883-cü ildə 60 yaşında Şuşada vəfat edib və orada da dəfn olunub.