Qarabağda ən qədim zamanlardan müxtəlif sənət sahələri təşəkkül tapıb, zaman keçdikcə inkişaf edib və təkmilləşib. Qarabağda memar, xəttat, misgər, dəmirçi, zərgər, toxucu, xalçaçı və naqqaşlar milli-mədəni dəyərlərin bənzərsiz nümunələrini yaradaraq sənət xəzinəsini özünəməxsus və nadir dəyərlərlə zənginləşdiriblər.
Tədqiqatçı-jurnalist Vasif Quliyevin qələmə aldığı məqalədə bu barədə söhbət açılır.
Xalq memarı Kərbəlayı Səfixan Qarabaği XIX əsr Qarabağ memarlıq məktəbinin banisi olub. Nadir şah Əfşarın dövründə valideynləri Qarabağdan İrana sürgün olunub. Səfixan da Təbriz yaxınlığındakı Əhər şəhərində doğulub, uşaqlıqdan atasının yanında bənnalıq sənətini öyrənib. Dərin zəkaya, ağıllı düşüncəyə malik olub, hələ gəncliyində tikəcəyi binaların layihəsini müstəqil surətdə özü verib. Kərbəlayı İmam Hüseynin məqbərəsini ziyarət etdiyinə görə Kərbəlayı Səfixan Qarabaği kimi məşhurlaşıb. Memarlıq və inşaat sənətini Təbrizdə öyrənib. XIX əsrin birinci yarısında Şuşaya köçüb, ömrünün sonuna qədər burada yaşayıb. Özü ilə Qarabağa sənət adamlarını da gətirib.
Kərbəlayı Səfixanın Qarabağ memarlıq məktəbinin inkişafında mühüm xidmətləri olub. Onun inşa etdiyi binalarda, xüsusilə məscidlərdə Şərq memarlıq ənənələri Azərbaycan memarlıq ənənələri ilə əlaqələndirilib. Bərdədə Cənubi Qafqaz üzrə yeganə dördminarəli “İmamzadə” kompleksinin yenidən qurulması (1868), Ağdam (1870), Şuşada Yuxarı və Aşağı Gövhər ağa məscidləri (XIX əsr), eləcə də Odessa şəhərində “Tatarlar” (1870), Aşqabadda “Qarabağlılar” (1880) məscidləri memarın ən yaxşı işlərindəndir. Onun Şuşada tikdiyi Uğurlu bəy, Hacı Bəşir, Bəhmən Mirzə Qacar, Mehmandarovlar, Hacı Dadaş və Zöhrabbəyovların yaşayış kompleksləri özünəməxsusluğu ilə seçilir. Malıbəyli, Abdal-Gülablı, Bəhmənli, Qoçəhmədli, Azad Qaraqoyunlu, Qarabulaq, Horadiz və s. yerlərdə inşa etdiyi tikililər də Azərbaycan memarlığının gözəl nümunələrindəndir.
XIX əsrdə yaşayıb-yaratmış məşhur el sənətkarı, rəssam, dekorativ boyakarlıq və ornament ustası Usta Qənbər Qarabağı Şuşada və Şəkidə bir sıra yaşayış evlərinin daxilini bəzəyən müxtəlif dekorativ panno və kompozisiyaların müəllifidir. Şuşada Mehmandarovların yaşayış kompleksindəki ornamentli və süjetli pannolar Usta Qənbər Qarabağinin ilk əsərlərindən, İsgəndər bəy Rüstəmbəyovun evindəki divar rəsmləri isə son işlərindən hesab olunur.
Şəki Xan sarayında çəkdiyi divar və tavan rəsmləri bədii-estetik dəyərinə görə ən kamil əsərlərdəndir. Sarayın bədii tərtibatı zamanı çəkdiyi bu rəsmlər məzmun və kompozisiya müxtəlifliyi, gül və çiçək, quş və heyvan təsvirlərinin realistliyi ilə seçilir. Rəssamın əsərlərində miniatür boyakarlığından gələn ənənəvi şərti dekorativ üslubda, yeni realist təsvir xüsusiyyətləri üzvi surətdə əlaqələndirilib. Rəssamlıqla yanaşı dekorativ tətbiqi sənətin müxtəlif sahələrində də çalışmışdır. Hazırladığı dekorativ biçimli güzgülər, əlvan bəzəkli məcməyilər, naxışlı sandıqlar, döymə nümunələri, zərif şəbəkələr, ağacdan yonduğu heykəllərin bəziləri son illərə qədər salamat qalmışdı. XIX əsrdə xəttat Əsədulla Ağahadı oğlunun şikəstə-nəstəliq xətlə fars dilində yazdığı 200 səhifəlik “Nuşafərin Gövhərtac və Sultan İbrahim” dastanının əlyazmasındakı müxtəlifölçülü 23 miniatürün müəllifi də Usta Qənbər Qarabağidir.
Onun gənc rəssamların yetişməsində mühüm xidmətləri olub. Yetirmələrindən oğlu Şükür Qurbanəli, Əliqulu, Abbasqulu, Səfər və başqa rəssamlar Azərbaycan monumental-dekorativ boyakarlığının inkişafında əhəmiyyətli rol oynayıblar.
Məhəmməd Şükuhi Təbrizi XIX əsrdə yaşayıb. Əsrin birinci yarısında məşhur memar Kərbəlayı Səfixan Qarabaği Cənubi Azərbaycandan Şuşaya köçərkən özü ilə müxtəlif sənət adamlarını da gətirmişdi. Məhəmməd Şükuhi Təbrizi də onların arasında idi. O da öz ustadı kimi Şuşada məskunlaşıb, ömrünün sonunadək burada yaşayıb-yaradıb. 1868-1870-ci illərdə tikilmiş Ağdam məscidinin kitabəsindən məlum olur ki, onun mehrabındakı bəzək işləri Məhəmməd Şükuhi Təbriziyə məxsusdur. Qarabağda bir çox iri binalardakı nəqqaşlıq işlərinin müəllifi də odur.