Medianın İnkişafı Agentliyi tərəfindən iyulun 22-də Şuşa şəhərində təşkil olunacaq “Mediada qlobal trendlər, yeni çağırışlar” Beynəlxalq Media Forumunda iştirak məqsədilə Azərbaycana gəlmiş xarici qonaqlar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olublar.

Agentlikdən bildirilib ki, qonaqlara UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan abadlıq və bərpa işləri barədə məlumat verilib, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələrinin olduğu bildirilib.

Qonaqlar İçərişəhərdə yerləşən “Ədibin evi”nə də ekskursiya ediblər. “Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva qonaqlara fəaliyyət istiqamətləri barədə məlumat verib, Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrindən biri olan Mir Cəlal Paşayevin 20 il bu evdə yaşayıb-yaratdığını diqqətə çatdırıb.