Bizim üçün əlamətdardır ki, Şuşa şəhəri məhz Türkiyənin Bursa şəhərində “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilib. Böyük Qarabağ Zəfərindən sonra Şuşa şəhərinin beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi bizi sevindirir. Əminik ki, Şuşa şəhəri Türk Dünyasının Mədəniyyət Paytaxtı missiyasını layiqincə yerinə yetirəcək.
Bu sözləri Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş ifadə edib.
“Şuşa Türk dünyasının incisi, fəxrimiz və iftixarımızdır!”, - deyən Alinur Aktaş bildirib ki, Bursanın Türk Dünyasının Mədəniyyət Paytaxtı estafetini Şuşaya verməsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir təzahürüdür. Hazırda Bursa Türk dünyasının birliyi və həmrəyliyinə yönələn böyük layihələrə ev sahibliyi edir. Azərbaycanın bu proseslərdə fəal iştirakından çox məmnunuq.
Qeyd edək ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının martın 31-də Türkiyənin Bursa şəhərində keçirilən fövqəladə iclasında Şuşa şəhəri 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilib.