“Şuşa İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa – Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir.

Layihə çərçivəsində növbəti təqdimat unudulmaz tarzən, bəstəkar Məşədi Cəmil Əmirova həsr olunub.

Məşədi Cəmil Əmirov 1875-ci ildə Şuşa şəhərində anadan olub. İlk təhsilini mədrəsədə alıb, on iki yaşında ikən atası vaxtsız vəfat etdiyindən o, ailələrini dolandırmaq üçün təhsilini yarımçıq qoyub. Ağır ailə vəziyyəti Cəmili məktəbdən ayırsa da, qəlbindəki musiqi sevgisini bitirməmişdi. Onu hər şeydən əvvəl tar aləti maraqlandırırdı. 1911-ci ildə o, musiqi təhsili almaq üçün Türkiyənin İstanbul şəhərinə gedir. Bu müddət ərzində həm musiqi təhsili alır, not savadına yiyələnir, həm də Avropa musiqisi ilə yaxından tanış olur.

Məşədi Cəmil Türkiyədə olduğu illərdə Azərbaycan musiqisinin qızğın təbliğatçısı kimi çıxış edir. Türklər tarı sinə üstə tutub çalmağı ilk dəfə Məşədi Cəmilin ifasında görmüşlər. Azərbaycan musiqisi tarixində ilk dəfə muğamları nota salanlardan biri məhz Məşədi Cəmil olub.

Zəngin sənət təcrübəsi ilə vətənə qayıdan sənətkar Gəncənin musiqi həyatında aktiv fəaliyyət göstərir. Şəhərdə musiqi məktəbi açmaq istəyən Məşədi Cəmilə icazə verilmir. Lakin o, öz şəxsi maddi imkanı ilə “Muğamat kursu” açır və buraya gənc istedadları dəvət edərək onların musiqi təhsili ilə məşğul olmağa başlayır.

Seyid Şuşinski, Bülbül, Zülfü Adıgözəlov və bir çox xanəndələrin bir sənətkar kimi tanınmasında Məşədi Cəmilin müəyyən rolu olub.

1921-ci ildə Məşədi Cəmil Gəncədə dram truppası yaradır. Truppa iki ilə yaxın bir müddətdə Gəncə, Şəki, Qazax mahallarında musiqili dramlar, opera tamaşaları ilə çıxış edib.

1923-cü ildə isə Məşədi Cəmil, nəhayət, Gəncədə musiqi məktəbi açmaq üçün icazə alır və elə ilk ildə məktəbə 39 tələbə qəbul edilir.

Sənətkar 1928-ci ildə Gəncə şəhərində vəfat edib.