Qoruqda bir sıra ölkələrin tədqiqatçıları ilə müştərək araşdırmalar aparılır

 

Ölkəmizi dünyada bəşər mədəniyyətinin ilk məskənlərindən biri kimi təqdim edən Qobustan abidələrinin öyrənilməsi Qobustan Milli Tarix-Bədii Qoruğunun əsas fəaliyyət istiqamətlərindən biridir. Elmi-tədqiqat müəssisəsi kimi qoruqda yerli mütəxəssislərin iştirakı ilə mütəmadi tədqiqatlar və arxeoloji işlər aparılır. Eyni zamanda qoruq tərəfindən Qobustan abidələrinin xarici mütəxəssislərlə birgə öyrənilməsi işi də diqqətdə saxlanılır, beynəlxalq tərkibli elmi ekspedisiyaların fəaliyyətinin təşkili üçün lazımi şərait yaradılır.

Hazırda Qobustan Milli Tarix-Bədii Qoruğu elmi-tədqiqat müəssisəsi kimi dünya mütəxəssislərinin diqqət mərkəzindədir. Son aylar bu məqsədlə qoruğa gələn əcnəbi mütəxəssislərin sayında artım müşahidə olunur.

İtaliyanın Turin Universitetinin doktorantı Simon Radçenko “Mədəni irs üçün texnologiyalar” proqramı çərçivəsində həyata keçirilən tədqiqat işi üçün 29 iyun – 12 iyul  tarixlərində Qobustan qoruğunda ezamiyyətdə olmuş, yeni elmi-texniki metodlardan istifadə etməklə Qobustan abidələri və qayaüstü təsvirlər mövzusunda araşdırma aparmışdır. Daş dövrünə aid edilən arxeoloji materiallarla tanışlıq məqsədilə Qobustan qoruğuna gələn Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, akademik Xizri Amirxanoviç səfəri çərçivəsində buradakı daş materiallarla, o cümlədən qayaüstü təsvirlərlə tanış olmuşdu. Eyni zamanda alimin Qobustan abidələrinin tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi işçisi Füruzə Muradova ilə görüşü təşkil edilmişdir. Görüş çərçivəsində qoruğun elmi işçilərinin iştirakı ilə geniş elmi müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

Qoruqda həmçinin xarici tərəfdaşlarla müştərək elmi tədqiqat layihələri həyata keçirilir. “Qərbi Asiyada ibtidai incəsənətin yaranması, inkişafı və yayılması: Qobustan” layihəsi də bu istiqamətdə reallaşdırılan diqqətəlayiq tədbirlərdəndir. Avqust ayında üçüncü mərhələsinə başlanılacaq layihənin icra müddəti üç ildir. Layihə çərçivəsində qoruq ərazisindəki Böyükdaş dağının yuxarı səki sahəsində yerləşən “Ana zağa” və “Ovçular” mağaraları, o cümlədən dağın aşağı səki sahəsində yerləşən səkkiz nömrəli qaya üzərindəki təsvirlər, həmçinin Qobustan Milli Tarix-Bədii Qoruğunda qorunub saxlanılan arxeoloji materiallar müasir elmi metodlarla öyrənilir.

Layihənin icrası Qobustanda ilkin məskunlaşma prosesinin tədqiqinə və qayaüstü təsvirlərin öyrənilməsində ən mühüm məsələlərdən olan xronologiya probleminə aydınlıq gətirilməsinə köməklik edəcək.

Layihədə Markos Qarsiya Diez (Madrid Komplutense Universiteti, İspaniya), Manuel Vaquero Rodriges (Rovira və Virgili Universiteti, İspaniya), Bianka Oçoa Freyl (Basklar Ölkəsi Universiteti, İspaniya), Dario Siqari (İtaliyanın Ferrara Universiteti, Portuqaliyanın Koimbra Universiteti) və Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşı Sevinc Şirinli iştirak edir.

İnanırıq ki, dünya alimləri apardıqları elmi tədqiqat işləri ilə Qobustanın öyrənilməsinə yeni töhfələr verəcək, eyni zamanda abidənin aktiv təbliğatçısına çevriləcəklər.

Qobustan Milli Tarix-Bədii Qoruğu bundan sonra da ərazidəki abidələrin qorunması, tədqiqi, təbliği kimi şərəfli işin məsuliyyətini qürurla daşıyacaq və xalqımızın qədim tarixinin, zəngin mədəniyyətinin təqdimat məkanı kimi çoxşaxəli fəaliyyətini layiqincə davam etdirəcək.

Vüqar İsayev
Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru