Barı filmlərimizin çəkilişində istifadə olunan avadanlıqların sərgisinə gələk...

 

“Bəyin oğurlanması” filmini sevməyən, bu filmdə obrazların dilindən səslənən bir sıra fikirləri yeri gələndə məsəl çəkməyən az adam var. İndi sözümüz həmin filmdə deyilən “Hələ çəkmədiyi filmin intervüsünü verir” məsəlinə bənzəməsin, amma hələ açılmayan, lakin yaxın günlərdə, yəni Milli Kino Günü (2 avqust) ərəfəsində təqdim olunacaq... yarıbədii, yarısənədli, etnoqrafik... bir sərgidən söz açmaq istərdim.

 

“Ay kişi, səni gah göyə qaldırır, gah arabaya mindirirlər...”

 

Bir neçə gün əvvəl səhər işə gələndə redaksiyamızın yerləşdiyi Dövlət Film Fondunun həyətində ala-bəzək bir rejissor kranı və əlavə bir neçə kino texnikasına rast gəldim. Düzü, ilk növbədə kran diqqətimi çəkdi. Ani olaraq “Bəyin oğurlanması” filmindəki kadr, unudulmaz aktyorlarımız Səməndər Rzayev və Həsənağa Turabovun dialoqu canlandı gözlərim qarşısında.

Fondun həyətinə çıxarılan bu avadanlıqlar, bir anlıq da olsa, bizi kinomuzun tarixi səhifələrinə səyahətə aparır. Hər film bir xatirə, bir aktyorun, rejissorun sənət taleyidir. Bu avadanlıqlar həmin sənət adamlarından yadigar qalan, onların fəaliyyətinin çətin, sevincli anlarından bizə əmanətdir. Eyni zamanda bu çəkisi ağır, üzü par-par parıldayan texnikalar sanki Azərbaycan kinosunun tarixindən, şedevr kino nümunələrimizin yaranmasında öz rollarından məmnunluqlarını ifadə edib qürurla dayanıblar...

Bütün bu düşüncələr fonunda Dövlət Film Fondunun şöbə müdiri Rəşad Qasımovla ayaqüstü söhbət edirik. Şöbə müdiri eksponatlar haqqında geniş məlumat verməklə yanaşı, onların hər birinin qısa tarixçəsini də danışır: “Milli Kino Günü ərəfəsində kino sahəsində çalışan, Azərbaycan kinosunda xidməti olan, kinonu sevən hər kəsi sərgiyə dəvət edəcəyik. Açıq sərgi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası və Dövlət Film Fondu ilə birgə təşkil edilir. Kinomuzun səssiz mərhələsindən başlamış sovetlər dönəmi bitənə qədər istifadə edilmiş texnikalar burada nümayiş olunacaq”.

Həmsöhbətim deyir ki, sərgiyə hazırlıq getdiyindən və küləkli hava şəraiti imkan vermədiyi üçün hələlik bütün eksponatları həyətə çıxara bilmirik. Qarşıdakı günlərdə nəzərdə tutulan bütün avadanlıqlar sərgi üçün hazır olacaq: “Burada gördüyünüz bu ştativ quraşdırılmış səhnələr üçün istifadə edilib. İndi çox adam baxanda bu ağır texnikanın nə olduğunu bəlkə də ağlına belə gətirə bilməz. Bu böyük işığı isə hazırda çox kiçik lampalar əvəz edir. Bu hündür lampalar isə kömürlə işləyir. Onun arxasında güzgü var ki, işlədilən zaman həm də ətrafa işıq saçır. Bu gün kino çəkilişlərində istifadə edilən kranların çəkisi gördüyünüz bu kranın çəkisindən bəlkə də 10 dəfələrlə azdır. Relslər də var, onlar da nümayiş üçün sərgiyə çıxarılacaq. Eləcə də ötən əsrin 60-cı illərində “Bir cənub şəhərində” və digər məşhur filmlərimizin lentə alındığı kameralar buradadır...”.

Hələ həyətə çıxarılmayan və fondun foyesində qorunan “BASF” səs avadanlığı da diqqətimi çəkir. Çəkisi çox, həcmi böyükdür. Bu səs aparatı ilə “Qızmar günəş altında” və digər filmlərimizdə açıq havada musiqi olan səhnələr üçün istifadə edilib. 300 kq olan səs aparatı çəkiliş meydanında filmdə istifadə edilən musiqini, mahnını səsləndirmək üçündür. Bu məqamda yenə “Bəyin oğurlanması”ndan Həsən Turabovun əzəmətli səsi sanki qulaqlarımda əks-səda verir: “Qızlar, bir az şən, həvəslə... Çəkirik!”. “Fonoqramı verin!”.

 

“Şəhərdən kinoçıxardanlar gəlib...”

 

Bəs bu eksponat, yaxud kino avadanlıqları bu günə kimi harada qorunurdu sualıma da cavab tapıram. Rəşad müəllim deyir ki, irihəcmli avadanlıqlar kinostudiyada qorunur. Amma digər əksəriyyəti isə şəxsi arxivlərdən fonda daxil olub: “Kombas” adlı kameranın Bakıya gəlişinin də maraqlı tarixi var. Bu kamera ilə vaxtilə “Brilyant əl” filminin səhnələri çəkilib. Kameranı Əməkdar incəsənət xadimi Aydın Kazımzadə filmin operatorunun ailəsindən satın alıb Bakıya gətirib. Digər çoxsaylı kino texnikaları da var ki, bunları görkəmli kino xadimləri Niyazi Bədəlovun qızı, Muxtar Dadaşovun oğlu və başqa kino xadimlərimizin ailə üzvləri fonda aktla veriblər...”.

Səssiz kinomuzun dövründən başlayaraq görkəmli kino xadimlərinin yaradıcılıq prosesindən kadrların da əks olunacağı sərgi, inanıram ki, maraq doğuracaq. Azərbaycan kinosunun tarixini əks etdirən fotosərgi, sovet dövrü filmlərimizin afişaları da bu sərgidə diqqət mərkəzində olacaq.

Əziz kino həvəskarları, əgər siz də kinomuzun maraqlı keçmişinə səyahət etmək istəyirsinizsə, avqustun 1-də açılacaq sərgini qaçırmayın.

Lalə Azəri