Zamanın səhifələrində qalan olaylar, faktlar...
218 il əvvəl...
27 iyul 1804-cü ildə Rusiya-İran müharibəsində (1804-1813) ilk toqquşma – Üçmüədzin döyüşü olub. İrəvan xanlığının ərazisindəki Üçmüədzin kəndi (indiki Ermənistanın Eçmiədzin rayonu) yaxınlığında baş verən döyüşdə İran qoşunları rus qoşunlarını məğlub ediblər. Sentyabrın 4-də Qəmərli kəndi (indiki Ermənistanda Artaşat qəsəbəsi) yaxınlığında ikinci döyüşdə də məğlub olan ruslar geri çəkiliblər. Lakin 1805-ci ilin əvvəlində Şəki və Qarabağ xanlıqları istiqamətində yenidən yürüşə başlayan ruslar həmin ilin mayında (14 və 21 may) bağlanan Kürəkçay müqavilələri ilə hər iki xanlığı ələ keçiriblər.
192 il əvvəl...
27 iyul 1830-cu ildə Fransada növbəti inqilab başlanıb. Avqustun 7-dək sürən “İyul inqilabı” nəticəsində Kral X Karl taxt-tacdan əl çəkib, onun yerinə I Lui Filipp taxta çıxıb. Radikal çıxışlar Avropanın bir sıra ölkələrini, o cümlədən Almaniya, Avstriya-Macarıstan və İtaliyanı bürüyüb.
175 il əvvəl...
26 iyul 1847-ci ildə Afrika dövlətləri içərisində ilk dəfə Liberiya müstəqilliyini elan edib. Qərbi Afrikada Atlantik okeanının sahilində yerləşən Liberiyanın əhalisi əsasən ABŞ-dan gələn qaradərililərdən ibarətdir. 1847-ci ildə məhz onların səyi ilə Liberiya Respublikası elan olunub.
103 il əvvəl...
25 iyul 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin nizami ordu hissələri Muğan-Lənkəran bölgəsində üsyanı yatırıblar. 1919-cu ilin mayında bölgədəki rus əhalisi (çar Rusiyası dövründə köçürülmüş molokanlar) bolşeviklərin təşviqi ilə üsyan qaldırmış və “Muqan Sovet Respublikası” adlı qondarma qurumun yarandığını elan etmişdilər.
102 il əvvəl...
26 iyul 1920-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığının qərarı ilə “geniş zəhmətkeş proletar kütləsinin musiqi savadı” alması məqsədilə Bakıda musiqi təhsili müəssisəsi – Xalq Konservatoriyası açılıb. Bir il sonra Azərbaycan Dövlət Konservatoriyası yaradıldı.
84 il əvvəl...
26 iyul 1938-ci ildə Azərbaycan SSR-in yeni Konstitusiyasına uyğun olaraq respublikanın ərazi-inzibati bölgüsündə rayonlar şəbəkəsi qanunla təsbit edilib. Bir sıra rayon və qəsəbələrin adları dəyişdirilib: Qaradonlu rayonu İmişli, Hil – Qusar, Zuvand – Lerik, Biləsuvar – Puşkin, Nərimanov – Xanlar, Vəryadüz – Yardımlı rayonları adlandırılıb. Bundan əlavə, Zubovka kəndi Əli Bayramlı (indiki Şirvan) şəhəri, Goranboy kəndi Qasım İsmayılov qəsəbəsi, alman icmasının yaşadığı Annino qəsəbəsi Şamxor (indiki Şəmkir), Helenendorf qəsəbəsi isə Xanlar (indiki Göygöl) qəsəbəsi adlandırılıb.
69 il əvvəl...
27 iyul 1953-cü ildə Koreya müharibəsi başa çatıb. Beynəlxalq hərbi kontingentin (BMT bayrağı altında) komandanı ABŞ generalı Vilyam Harrison və Şimali Koreya generalı Ham İrin imzaladığı sülh sazişinə əsasən, Şimali Koreya qoşunları 1950-ci ilə qədər olan sərhədlərə qayıdıb, 38-ci paralel üzrə Şimali və Cənubi Koreya arasında demarkasiya zonası müəyyən edilib. İki Koreya arasında indiyədək sülh imzalanmayıb.
30 il əvvəl...
25 iyul 1992-ci ildə Gürcüstanın Abxaziya bölgəsində münaqişə alovlanıb. Muxtar respublika rəhbərliyinin Gürcüstanın tərkibindən çıxmaq və müstəqilliyini elan etmək barədə qərarından sonra aparılan siyasi dialoq nəticə verməyib və gürcülərlə abxazlar arasında hərbi toqquşmalar başlanıb. Bu, Dağlıq Qarabağ, Dnestryanı və Cənubi Osetiya münaqişəsindən sonra postsovet məkanında dördüncü belə konflikt idi.
Hazırladı: V.Orxan