2023-cü ildə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin Böyük Britaniyada keçiriləcəyi rəsmiləşib. Bu barədə Avropa Yayım Birliyi (EBU) məlumat yayıb.
Məlumatda bildirilir ki, 2022-ci ildə “Avroviziya”nın qalibi olan Ukrayna gələn il Böyük Britaniyada keçiriləcək yarışmada birbaşa finala vəsiqə qazanacaq.
Xatırladaq ki, ölkədəki mövcud vəziyyət səbəbindən Ukraynanın “Avroviziya-2023” mahnı müsabiqəsini təşkil edə bilməyəcəyi bu ölkənin “Kalush Orchestra” qrupunun İtaliyanın Turin şəhərindəki qalibiyyətindən (15 may) sonra ümumən bəlli idi.
Bir qədər sonra EBU bu barədə bəyanat da yaymışdı. “Ukrayna təmsilçisinin “Avroviziya”da qələbəsindən sonra EBU Ukrayna İctimai Televiziya şirkəti müsabiqənin gələn il keçirilməsi variantlarını öyrənib. Obyektiv təhlildən sonra referent qrupu təəssüf hissi ilə belə qərara gəlib ki, mövcud vəziyyət, təhlükəsizlik zəmanəti nəzərə alınaraq, yayımçı müsabiqənin qaydalara uyğun təşkili və keçirilməsi üçün zəruri olan şərtləri yerinə yetirə bilməyəcək”, - deyə müsabiqənin saytında dərc olunmuş bəyanatda bildirilirdi.
Xatırladaq ki, finalı bu ilin 14 mayında keçirilmiş “Avroviziya-2022”də ikinci yeri Böyük Britaniya təmsilçisi Sem Rayder tutub.
V.Kamal