IV yazı

 

Mədəniyyət paytaxtımız Şuşa şəhəri təkcə musiqi, söz-sənət beşiyi kimi deyil, həm də tarixi abidələri ilə məşhurdur. “Şuşanın abidələri” rubrikasında mədəniyyət paytaxtımızın tarixi-mədəni tikililəri haqqında söz açmağa davam edirik.

 

Şuşa Real məktəbi

 

XIX əsrdə Azərbaycanda yeni tipli məktəblər meydana gəlməyə başladı. Məktəblərin təsiri və maarifin inkişafına cəhd baxımından Azərbaycanın Qarabağ bölgəsi bir qədər irəlidə gedirdi. Bu ənənə XIX əsrin sonlarında daha da güclənmişdi.

Mənbələrdə qeyd olunur ki, XIX əsrin 80-ci illərində Azərbaycan üzrə Bakıda bir real məktəb (almanca “realschule” – XVIII əsrdən Almaniyada və digər  Avropa  ölkələrində, XIX əsrdən çar Rusiyasında təsis edilən orta və natamam orta təhsil müəssisələri – red.) vardı. Gəncədə isə klassik progimnaziya (oğlan və ya qızlar üçün natamam orta məktəb) fəaliyyət göstərirdi. Bu, şübhəsiz, sənaye və ticarətin inkişaf etdiyi bir mühitdə ehtiyacları qarşılamağa yetmirdi.

Bu tələb və ehtiyac Şuşada özünü xüsusilə büruzə verirdi. Şuşada progimnaziya təsisi ilə bağlı tələbin nəticəsiz qalmasını görən şəhər əhalisi 1880-ci ildə Peterburqa – Qafqaz komitəsinə müraciət edir. Müraciətdə deyilirdi: “Şuşa şəhər sakinlərinin təhsilə olan cidd-cəhdinə (şəhər məktəbində 400-dən artıq şagirdin oxuması bu cəhdi bir daha təsdiq edir) və şəhər ictimaiyyətinin arzusuna əsaslanan Gəncə qubernatoru Şuşa şəhərində 6 sinifli real məktəb açmağı xahiş edir. Şəhər ictimaiyyəti həmin məktəbi müvafiq bina ilə təmin etməyi və ildə 7500 manat pul ilə kömək etməyi öhdəsinə götürür”.

Beləliklə, 1881-ci il sentyabrın 20-də Şuşada ilk orta məktəbin – 6 sinifli real məktəbin əsası qoyulur. Hazırlıq və üç əsas sinifdən ibarət məktəbə ilk dəfə 159 şagird qəbul edilmişdi. Şuşa real məktəbi dövrünün nümunəvi maarif ocağı sayılırdı.

Məktəbdə tanınmış maarifçilərdən Haşım bəy Vəzirov, Mirzə Salah bəy Zöhrabbəyov, Yusif bəy Məlikhaqnəzərov dərs deyib. Vaxtilə bu məktəbdə təhsil almış Əbdüləli bəy Muxtarov, Həsən bəy Bağırbəyov, İsmayıl bəy Şəfibəyov, Muxtar bəy Muradov, Yusif  Vəzir Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev, Qara bəy Əliverdilər, Cabbar bəy Vəlibəyov, Rüstəm bəy Axundov, Xan Şuşinski sonradan ölkəmizdə ədəbiyyatın, maarif və mədəniyyətin inkişafına töhfə veriblər...

1992-ci ilin may ayında Şuşa işğal edildikdən sonra erməni vandalları real məktəbin binasını da yandıraraq xarabazara çevirmişdiər.

2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsindən sonra, digər tarixi tikililər kimi, Şuşa real məktəbinin binasının da bərpa və yenidən qurulması işlərinə başlanılıb. 2022-ci mayın 20-də Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb, məktəbin binasının layihələndirilməsi və bərpası məqsədilə Təhsil Nazirliyinə vəsait  ayrılıb.

 

Şor bulaq

 

Şuşanın memarlıq abidələri içərisində onun bulaqları xüsusi yer tutur. Şəhərdə hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı olub. Araşdırmalarda qeyd olunur ki, bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar, ümumiyyətlə, məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər. Ən izdihamlı küçələrdə və yol ayrıclarında salınan bulaqlar onlara müəyyən şəhərsalma ifadəliliyi verirdi.

Şuşa bulaqlarının əksəriyyəti yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verirdi.

Şuşadakı məşhur bulaqlardan olan Şor bulaq 1854-cü ildə şəhərin varlı sakinlərindən Rəsibala Zəkəriyyə tərəfindən çəkilib. Şəhərin Axundov küçəsində yerləşən bulağın suyu bir qədər şor olduğundan əhali arasında ona belə ad verilib.

Yerli əhəmiyyətli abidələr sırasında olan Şor bulaq Şuşanın ermənilər tərəfindən işğalına qədər fəaliyyət göstərib. Şəhər azad edildikdən sonra bulağın dağıdıldığı məlum olub.

 

Sadıqcanın evi

 

Sadıqcan (Mirzə Əsəd oğlu Sadıq) Azərbaycan tar ifaçılığı sənətində xüsusi yeri olan sənətkarlardan biridir. Onun evi Şuşa şəhərinin Merdinli məhəlləsində yerləşir.

1846-cı ildə Şuşada anadan olan Sadıqcan tarı təkmilləşdirərək ona cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. Sadıqcan ilk dəfə tarı sinədə ifa etməyə başlayıb. Məhz onun təkmilləşdirdiyi Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş yayılaraq milli musiqimizin rəmzinə çevrilib. Sadıqcan həm də istedadlı bəstəkar olub. O, “Orta segah” və “Bayatı-Şiraz” muğamlarına bir neçə rəng bəstələyib. Dövründə “Qafqazın birinci tarzəni” hesab olunan sənətkar 1902-ci ildə Şuşada vəfat edib.

Musiqiçinin doğulduğu birmərtəbəli ev iki otaqdan ibarət idi. Daha sonra sənətkar kimi şöhrəti və qazancı artıqdan sonra Şuşanın ən yaxşı küçələrindən birində üçmərtəbəli bir ev tikdirir və özü də bir neçə gün tikinti işlərində iştirak edib.

Sadıqcanın evi işğal zamanı ermənilər tərəfindən dağıdılıb, hazırda tikilinin xarabalıqları qalıb. İşğaldan öncə evin divarında Mədəniyyət Nazirliyi tərəfindən qoyulmuş xatirə lövhəsi olub.

Hazırda Sadıqcanın evində bərpa və yenidənqurma işləri aparılır.  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya növbəti səfəri zamanı bu evin bərpası işləri ilə tanış olublar. Musiqiçinin evi ilkin görkəmini 80 faizə qədər itirib. Binanın qalan hissələrində isə konstruktiv çatlar müşahidə olunur və qəzalı vəziyyətindədir. Sadıqcanın evində bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, Sadıqcanın evi ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb.

Hazırladı: N.Məmmədli