Mahirə Quliyeva: “Erməni musiqiçinin atamdan oğurladığı kitabın illər sonra həqiqi müəllifin imzası ilə çapına nail oldum”
Mahirə Quliyevanın adı qəzetimizin oxucularına tanışdır. İllər əvvəl bu xanımla vətəninin əsrarəngiz təbiətini qurama, rəsm, karvinq (tərəvəz və meyvə üzərində bədii kəsmə sənəti) və s. bədii sənət sahələrində canlandıran təcrübəli insan kimi tanış olmuşduq. Daha sonra isə onu istedadlı musiqiçi və pedaqoq kimi tanıdıq. Sənətin bir neçə sahəsində özünü sınayan Mahirə Quliyeva ixtsasca musiqiçidir. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano və orqan sinfində təhsil alıb. Bir müddət Sumqayıt Musiqi Kollecində və Milli Konservatoriyada baş müəllim kimi çalışıb. Hazırda Türkiyənin Ərdahan Universitetində dərs deyir.
Yay tətili ilə bağlı Bakıda olan sənətkarla görüşüb musiqi dünyasına, sənət aləminə birgə səyahət etdik.
– Türkiyədə əsas fəaliyyətiniz nədən ibarətdir?
– Türkiyədən təklif alanda əsas məqsədim Azərbaycan musiqisini qardaş ölkədə təbliğ etmək idi. Bu mənim qanımdan keçən duyğulardır və harada olsam, çalışıram ki, milli musiqimizi, bəstəkarlıq məktəbimizi tanıdım. İfaçı, müşayiətçi olduğum üçün bu işi həm nəzəri, həm də praktik olaraq çatdırmağa çalışıram. Türkiyədə hazırda sənətlə məşğul olan insanlar bizim musiqini öyrənməyə çalışırlar.
– Qardaş ölkədə Azərbaycanla müqayisədə sənət, musiqi təhsilinə maraq hansı səviyyədədir?
– Mən ölkəmizdə uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuşam. Azərbaycanda musiqi təhsili musiqi məktəblərindən başlayaraq davam edir. Bu sahə bizdə daha çox inkişaf edib. Türkiyədə isə musiqi məktəbləri daha çox böyük şəhərlərdə fəaliyyət göstərir. Hazırda Türkiyədə musiqi təhsili alan gənclər 16 yaşından sonra musiqi ilə məşğul olmağa başlayırlar. Şəhərlərdə çoxlu musiqi kursları var ki, uşaqlar bu kurslarda hobbi kimi musiqini öyrənirlər. Bizdəki kimi solfecio, xor, alət üzrə təhsillər yoxdur. Amma gənclər universitetə daxil olduqdan sonra musiqini mükəmməl öyrənirlər. Hazırda dərs dediyim universitetdə tələbələrin türk və Azərbaycan musiqisinə böyük maraqları var və dərindən öyrənməyə çalışırlar. Azərbaycan musiqisini, tarixini onlara öyrətməyə çalışıram və bu mənim üçün çox önəmlidir.
– İki ölkə arasında təhsil və mədəniyyət layihələrinin reallaşması üçün planlarınız varmı?
– Dərs dediyim şəhərdə düşündüm ki, azyaşlı uşaqları cəlb edib onları təməl olaraq dünya musiqisi, not və xor dərsləri ilə tanış edim. Solfecio dərslərində xor dərsləri də keçim və onları 2-3 səsli əsərlərlə tanış etməyə çalışıram. Hətta elə olur dərs zamanı 5 səsli əsər də yazıb onlar üçün ifa edirəm ki, oxusunlar. Onlar çox böyük həvəslə qatılırlar. Bizdə olan musiqi təhsili təməli, əfsus ki, Türkiyənin bir çox bölgələrində yoxdur və uşaqlar bu təhsilə böyük həvəslə qatılırlar. Hazırda Türkiyədə təməl dərslərin keçirilməsinin reallaşdırılması yolunda fəaliyyətlər gedir və bu məni çox sevindirir. Azərbaycanda bu sahədə müsbət nə varsa, türk qardaşlarımızın da bundan yararlanmasını arzu edirəm. Eyni zamanda türk musiqisi və mədəniyyətini Azərbaycanda təbliğ etmək arzusundayam. Türk xalq rəqsləri var ki, bizim gənclərin bu sahə ilə tanış olması üçün çalışıram. İki ölkə arasında mədəni yaxınlaşmada, az da olsa, nə isə edə bilirəmsə, bu mənim üçün fəxrdir. Mən Türkiyəni Azərbaycandan, Azərbaycanı Türkiyədən ayırmıram. Həyata keçirmək istədiyim çoxsaylı layihələrdə böyük dəstəyə ehtiyac var.
– Ərdahan Universitetinə gedən yolunuz da maraqlıdır...
– 2020-ci ildə universitetdən dəvət aldım və düşündüm ki, əgər gedəcəyəmsə, iş və müəllimlik xətrinə deyil, iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə olaraq bu təklifi qəbul etməliyəm. Məqsədimə çatmaq üçün bu gün əlimdən gələni edirəm. Musiqi sahəsində fəaliyyət göstərən insanlar arasında əlaqələri genişləndirməyə çalışıram.
– Atanız Ələkbər Əsgərov nəfəs çalğı alətlərinin novator və virtuoz ifaçısı olub. Fəaliyyətinizin bir istiqaməti də atanızın irsini təbliğ etmək, Azərbaycanda bu ifaçılıq tarixini gənc nəslə çatdırmaqdır. Ötən il “Ələkbər Əsgərovun balaban aləti üçün köçürmələri və işləmələri” kitabını da ictimaiyyətə təqdim etdiniz.
– 1966-cı ildə atam Sumqayıt Musiqi Texnikumunda balaban sinfi açır, eyni zamanda balaban, tütək, zurna və ney haqqında ikicildlik kitab hazırlayır. Fotoşəkillərlə onların quruluşu və diapazonu, texniki imkanları və aplikatura haqqında məlumat verir. Kitabın ikinci hissəsinə isə işlədiyi əsərləri daxil edir. Həmin əsərlər alətlərə uyğun işlənib hazırlanmışdı. Ən çox da balabana aid olan nümunələr var idi. Balabanın diapazonu hansı imkanlara malik idisə, ona uyğun olaraq Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Fikrət Əmirov, Süleyman Ələsgərov, Ağabacı Rzayevanın, eləcə də rus bəstəkarlarının əsərlərini işləyib daxil etmişdi. Atam Rəşid Behbudovun ansamblı ilə dünyanı gəzdiyi üçün xarici ölkə bəstəkarlarının, klassiklərin də əsərlərini balaban üçün işləmişdi. 1970-ci ildə atam bu kitabın hazır variantını metodiki kabinetə təqdim edir, amma əlyazma naməlum şəkildə yoxa çıxır. 1976-cı ildə kitabın birinci, 1977-ci ildə isə ikinci hissəsi atamın həmkarı, Bakıda çalışan erməni balaban ifaçısı Enok Köçərov tərəfindən xəlvətcə nəşr edilir. Atam bu haqda xəbər tutanda infarkt keçirir, daha sonra isə insult olur.
Mən uzun illər çalışıb bu kitabı yenidən Azərbaycanda nəşr etdirmək istədim. Mənə deyildi ki, bu kitab artıq nəşr olunub. İllər keçdikcə barışa bilmirdim ki, atamın zəhməti olan bu kitab başqa imza ilə tanınır. Milli Konservatoriyada elmi iş üzərində çalışarkən bu kitabı tapdım, atamın əlyazmaları ilə tutuşdurdum və 95 faizinin atamın əlyazması ilə üst-üstə düşdüyünü gördüm. Atamın arxivindəki əlyazmasının bir səhifəsi həmin erməni müəllifin əlinə düşmədiyi üçün texniki çalışmalar kitaba düşməyib. Bütün bunları aşkar etdikdən sonra AMEA-ya müraciət etdim. Kitabın atamın zəhmətinin bəhrəsi olduğunu sübut etmək üçün bütün əlyazmaları təhvil verdim. Sağ olsun, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənubər Bağırova bütün sənədləri aldı və E.Köçərovun yazdığı kitabla atamın əlyazmaları üzərində yoxlamalar aparıldı, müqayisə edildi. 2021-ci ildə atamın müəllifliyi ilə kitab nəşr edildi. Qeyd edim ki, rus dilində “Erməni saxtakarlığının “şah əsəri” adlı balabana həsr edilmiş və sosial şəbəkələrdə yayımlanan filmdə bu kitabın da oğurluq olduğu haqqında geniş məlumat verilib.
– Bildiyim qədər, beynəlxalq müsabiqə və festivallarda münsif olaraq iştirak edirsiniz...
– Bəli, 10 ildən artıqdır ki, dünyanın bir sıra ölkələrində təşkil olunan musiqi festival və müsabiqələrinin münsif heyətində yer alıram. Musiqimizi, gənclərimizi bu festival və müsabiqələrə cəlb edirəm. Pandemiya zamanı, xüsusilə Vətən müharibəsi vaxtı gənclərimizi onlayn müsabiqələrə cəlb edirdim ki, həm mənəvi güc alsınlar, həm də musiqimizi təbliğ etsinlər. Bu istiqamətdə işim təkcə Türkiyə və Azərbaycanı əhatə etmir. Digər türk respublikalarının gənclərini də diqqətdən kənarda qoymuram.
– Mahirə xanım, yorulmaz fəaliyyətinizdə sizə uğurlar arzulayıram.
– Mən də “Mədəniyyət” qəzetinə diqqətə görə təşəkkür edirəm.
Lalə Azəri