Kinorejissor Yalçın Əfəndiyevin xatirə gecəsi keçirildi

 

İyulun 24-də görkəmli kinorejissor, Xalq artisti Yalçın Əfəndiyevin (1937-2019) anadan olmasının 85-ci ildönümü tamam oldu.

Bu münasibətlə iyulun 22-də Azərbaycan Dövlət Film Fondunda sənətkarın yubileyi münasibətilə xatirə gecəsi keçirildi. Tədbirdə mədəniyyət və incəsənət xadimləri, sənətkarın ailə üzvləri iştirak edirdi.

Tədbir iştirakçıları əvvəlcə Yalçın Əfəndiyevin həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış oldular.

Giriş sözü ilə çıxış edən Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev öncə məşhur polyak astronomu Nikolay Kopernikin “Hər bir insan doğulanda yolunu onunla bərabər doğulan ulduz aparır” fikirlərini dilə gətirdi: “Mən bu fikirlə razıyam. Sanki Yalçın müəllimi günəş idarə edirdi. O, ətrafındakılara enerji verirdi, məftunedici bir insan idi. Onun həyat və yaradıcılıq yolu daima sevgi, məhəbbətlə zəngin idi. Bu sevgi və məhəbbət təkcə ailəsinə deyil, dostlarına, tələbələrinə də şamil olunurdu. Yalçın Əfəndiyev ömrünün son günlərinə qədər mütaliə etməyi sevirdi. Təəssüf ki, onun yazdığı bir neçə kitab işıq üzü görmədi. Mən arzu edirəm ki, bu kitablar nəşr olunsun”.

Cəmil Quliyev Yalçın Əfəndiyevin filmlərinin müxtəlif janrları əhatə etdiyini dedi:  “Mən onun unikal ekran əsərlərindən olan “Bakı haqqında 10 dəqiqə” sənədli filmi haqqında danışmaq istəyirəm. Film müşahidə formasında çəkilib. Rejissor filmdə Bakı şəhərinin bir gününü müşahidə edir. Filmdə Bakı mühiti o qədər gözəl təsvir olunmuşdu ki, bir çox rejissorlar bu gün də öz filmlərində sözügedən ekran əsərindən, xronikal materiallarından istifadə edirlər”.

Direktor Yalçın Əfəndiyevin 85 illik yubileyi ilə əlaqədar onun “Bakı haqqında 10 dəqiqə” və “Yusuf Məmmədəliyev” sənədli filmlərini bərpa etdiklərini diqqətə çatdırdı.

Xalq yazıçısı Natiq Rəsulzadə Yalçın Əfəndiyevlə uzun illər yaxın dost və qonşu olduğunu vurğuladı: “Mən Yalçından çox şeylər öyrənmişəm. Biz iki dəfə müxtəlif layihə üzrə işləmişik. Lakin təəssüflər olsun ki, bu layihələr həyata keçmədi. O, mənə deyirdi ki, eybi yox, ruhdan düşmə, biz hər halda cəhd göstərdik.

Əməkdar incəsənət xadimi, kinooperator Kənan Məmmədov söylədi ki, çəkdiyi ilk sənədli filmin rejissoru Yalçın Əfəndiyev olub: “Bəstəkarı Vaqif Mustafazadə olan filmin adı “Ceyran” adlanırdı. Zirə adasının lap ucunda bir ceyran qoruğu var idi. Filmdə əsas çəkiliş yerimiz məhz ora idi. Biz Yalçınla həftələrlə burada çəkiliş apardıq”.

Xalq artisti, kinorejissor Oqtay Mirqasımov bildirdi ki, bəzi insanlar rejissor sənətini peşə, texnika, bilik və təcrübə ilə bağlayırlar: “Mənim fikrimcə, rejissorluq heç də texniki bir məsələ deyil. Rejissor tərbiyə verən, cəmiyyəti qoruyan sənətkardır. Yalçın Əfəndiyev buna əsl bir örnəkdir. Mən çox istəyərdim ki, Yalçın Əfəndiyev haqqında kitab yazılsın”.

Əməkdar jurnalist Nadejda İsmayılova və Əməkdar artist, kinorejissor Elxan Qasımov Yalçın Əfəndiyevin yaradıcılığından söz açdılar, onunla bağlı xatirələrini bölüşdülər.

Çıxışlardan sonra rejissorun “Yusuf Məmmədəliyev” sənədli filmi nümayiş etdirildi. Filmdə dünya şöhrətli kimyaçı alim, akademik Yusuf Məmmədəliyevin (1905-1961) mənalı həyat yolu ekranda canlandırılır. Kinolentdə əsas diqqət Y.Məmmədəliyevin respublikamızda elmin inkişafındakı roluna, yüksəkixtisaslı kadrların hazırlanmasında xidmətlərinə yönəlib. Film 1987-ci ildə C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunub. Ekran əsərinin rejissoru Yalçın Əfəndiyev, ssenari müəllifləri Rəhman Bədəlov və Yalçın Əfəndiyev, operatoru Köçəri Məmmədov, səs operatoru isə Şamil Kərimovdur.

Filmin nümayişindən sonra Yalçın Əfəndiyevin əzizi Ceyhun Topçubaşov çıxış edərək sənətkarın xatirəsinə göstərilən diqqətə görə tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

Qeyd edək ki, Yalçın Əfəndiyev 1960-cı ildə Bakı Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsini, 1966-cı ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (indiki Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu) Rejissorluq fakültəsini bitirib. 1966-cı ildən “Azərbaycanfilm” Kinostudiyasında çalışıb. Kinostudiyada sənədli filmlər birliyinin direktoru, 1991-1994-cü illərdə “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin bədii rəhbəri işləyib. Onun 1969-cu ildə çəkdiyi “Cırtdan” cizgi-applikasiya filmi ilə Azərbaycan kinosunda bu sahənin inkişafında yeni mərhələnin əsası qoyulub. Azərbaycan kinematoqrafiyasında xüsusi yeri olan Yalçın Əfəndiyev uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. 2019-cu il dekabrın 10-da vəfat edib.

Nurəddin Məmmədli