TÜRKSOY-da Xurşidbanu Natəvan və Fatma xanım Kəminə haqqında kitab təqdim edildi

 

İyulun 26-da Ankarada, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un qərargahında Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsi, Azərbaycanın Türkiyədəki Səfirliyi və Türk Ədəbiyyatı Fondunun birgə əməkdaşlığı ilə “Qarabağdan doğan Günəş və Ay. Xurşidbanu Natəvan. Fatma xanım Kəminə” kitabının təqdimat mərasimi keçirildi.

Təqdimatda TÜRKSOY-un Baş katibi Sultan Raev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) rəhbəri Aygün Attar, Ankara Keçiören Bələdiyyəsinin başqanı Turqut Altınok, digər qonaqlar iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan Sultan Raev qonaqları salamladı və sonra Azərbaycanla TÜRKSOY arasında işbirliyindən bəhs etdi. Bildirdi ki, TÜRKSOY qurulduğu gündən qardaş xalqlarımızın tanınmış şəxsiyyətlərinin irsinə xüsusi diqqət ayırır: “Azərbaycan söz və sənət adamlarının zəngin yaradıcılıq irsinin Türk dünyasında tanıdılması böyük əhəmiyyət kəsb edir. Belə tədbirlər Azərbaycanın Türk dünyası üçün necə böyük, dahi şəxsiyyətlər yetişdirdiyini göstərir. Bu gün isə Azərbaycanın iki görkəmli xanım şairi haqqında kitabın təqdimatını keçiririk. Nəşrin müəllifləri Qənirə Paşayeva və dəyərli alim Faiq Ələkbərliyə təşəkkür edir, türk mədəni irsini zənginləşdirən Xurşidbanu Natəvanı və Fatma xanım Kəminəni də hörmətlə anırıq...”.

Səfir Rəşad Məmmədov çıxışında öncə TÜRKSOY-un fəaliyyətinə toxundu və bildirdi ki, qurum Türk dünyasının ortaq mədəni dəyərlərinin tanıdılması və təbliğində önəmli işlər görür: “Belə deyim var, türklər tarix yaradır, amma yazmır. Düşünürəm ki, gec də olsa, tariximizi yazırıq. Bu kitab da bizim ortaq tariximizin, Şuşamız haqqında yazılan tarixin bir hissəsidir”.

Səfir Qarabağ xanının qızı Natəvanın ədəbi, eləcə də ictimai fəaliyyətindən söz açaraq bildirdi ki, onun yazdığı əsərlər ortaq dəyərimizə çevrilib. Natəvanın yaradıcılığı ilə biz həm də Şuşanın tarixini öyrənirik...

Təqdimatda çıxış edən Qənirə Paşayeva iki xanımın xatirəsinə həsr edilən tədbirin əhəmiyyətini vurğuladı. Bildirdi ki, dünyada qadınlara heç bir seçim hüququ verilmədiyi bir dönəmdə Xurşidbanu Natəvan Qarabağda ədəbiyyatı təbliğ etmək üçün “Məclisi-üns” qurur. Şuşa, Qarabağ Türk dünyasının bir mədəniyyət mərkəzinə çevrilir.

Azərbaycanın haqq savaşına dəstək verən Türk dünyasına minnətdarlığını bildirən millət vəkili Şuşanın işğaldan azad olunandan sonra “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsinin böyük rəmzi məna kəsb etdiyini dedi.

Qədim şəhərdə yetişən görkəmli şəxsiyyətlərdən bəhs edən Qənirə Paşayeva “Şuşa Azərbaycan ziyalılarının yetişdiyi mərkəz idi. Bu torpaqda həm də Türk dünyasının tanınmış şəxsiyyətlərindən olan Əhməd Ağaoğlu və Sürəyya Ağaoğlu yetişib” dedi.

Sonra “Qarabağdan doğan Günəş və Ay. Xurşidbanu Natəvan. Fatma xanım Kəminə” kitabının rəmzi lenti kəsildi və iştirakçılara təqdim olundu.

Qənirə Paşayeva Azərbaycanın Xalq rəssamı Sakit Məmmədovun “Türk dünyası qadınları” silsiləsindən üç tablonu TÜRKSOY-a hədiyyə etdi.

Baş katib Sultan Raev millət vəkili Qənirə Paşayevaya TÜRKSOY-un “Şərəf” medalını təqdim etdi.

TADƏHF rəhbəri, professor Aygün Attar, Keçiörən Bələdiyyəsi başqanı Turqut Altınok və başqa çıxış edənlər təqdim olunan kitabın əhəmiyyəti barədə fikirlərini bölüşdülər.

Sonra Milli Məclisin Mədəniyyət komitəsinin dəstəyi ilə hazırlanan Xurşidbanu Natəvan haqqında qısametrajlı film nümayiş etdirildi.

Tədbirin bədii hissəsində Azərbaycan Televiziyası “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində ərsəyə gələn filmin rejissoru Elnurə Kazımova Natəvanın məşhur “Qərənfil” şeirini söylədi, Elçin Hətəmlinin tarda ifası səsləndi.

Mehparə Sultanova
Ankara