Rafiq Nəsirov: “Baxmayaraq ki, yüzdən artıq filmdə çalışmışam, amma hər yeni iş mənim üçün yeni bir məsuliyyət və həyəcan deməkdir”

 

“Bəyin oğurlanması”, “Cavad xan”, “Həm ziyarət, həm ticarət”, “Yaramaz”, “Bəxt üzüyü”, “Otel otağı” kimi filmlərimizi yəqin xatırlayırsınız. Kino sintez sənət olduğu üçün bu filmlərin hər birinin tamaşaçı rəğbəti qazanmasında rejissor işi ilə yanaşı, kino rəssamının da böyük rolu var.

Tanınmış kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə kino rəssamlığı haqqında danışarkən deyir: “Kino rəssamlığı teatr tərtibatı, dekorativ-tətbiqi, dəzgah boyakarlığı, qrafika, memarlıq və heykəltəraşlıq sənətləri ilə qarşılıqlı əlaqədə yaranmış və kino istehsalı prosesində formalaşmışdır. Ona görə də kino rəssamı hərtərəfli biliyə – inşaat layihəsinə, tikinti texnikasına, memarlığın tarixinə və üslub müxtəlifliyinə yaxşı bələd olmalıdır”.

Rəssamlar obrazların, hadisələrin dolğun və təbii alınması, keçmişi hərtərəfli öyrənmək üçün tədqiqatçı kimi axtarışlar aparmalı olurlar. Filmlərə baxarkən dekorasiyalar, aktyorların geyimləri və digər nüanslar bizi ciddi maraqlandırır. Rəssamın kinoda iştirakı filmlərin daha canlı və emosional alınmasına mühüm təsir göstərir. Həm tarixi, həm də digər janrlarda ekranlaşdırılan filmlərdə rəssam işinin uğurlu həlli ekran əsərini daha da baxımlı edir.

Xalq rəssamı, Prezident təqaüdçüsü, onlarla filmimizin bədii tərtibat müəllifi olan Rafiq Nəsirov da sənətdə iz qoymuş peşəkarlardandır.

Bu il 75 illiyini qeyd edən sənətkarla Milli Kino Günü ərəfəsində, elə iş başında görüşdük. Yeri gəlmişkən, qeyd edək ki, Xalq rəssamı bu il Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatına layiq görülüb.

Çəkiliş pavilyonunda ayaqüstü söhbətimizdən bəzi məqamları diqqətinizə çatdırmaq istədik.

 

– Rafiq müəllim, ilk növbədə Sizi qarşıdan gələn Milli Kino Günü, yubileyiniz və mükafat münasibətilə təbrik edirik. Mükafata layiq görülməyiniz xəbərini necə qarşıladınız?

– Düzü, gözlənilməz oldu. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə heyətinin üzvü olaraq iclasda iştirak edirdim. Kino Günü ərəfəsində layihə və məsələləri müzakirə edirdik. Bir də eşitdim dedilər ki, Milli Kino Mükafatı yekdilliklə Rafiq Nəsirova verilir.

 

– Kino rəssamlığına gəldiyiniz yol necə başladı?

– Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti – red.) Memarlıq fakültəsini bitirmişəm. İnstitutu bitirəndən sonra görkəmli memar Mikayıl Hüseynov məni Azərbaycan Elmlər Akademiyasına işləməyə dəvət edirdi. Kinorejissor dostum Oqtay Mirqasımov dedi ki, niyə gedib idarə işçisi kimi çalışmalısan. Gəl gedək, kinostudiyaya. 1969-cu ildən “Azərbaycanfilm” Kinostudiyasında memar kimi çalışmağa başladım. Daha sonradan görkəmli sənətkarlar Nadir Zeynalov, Elbəy Rzaquliyevlə birlikdə işləyərək kino rəssamlığına bələd oldum. Onu da qeyd edim ki, xarici ölkələrdə kino rəssamı deyə bir ixtisas yoxdur. Orada bu işlə memarlar məşğul olurlar. Çünki kino rəssamı filmi fəzada görməlidir. Bu iş həcm işidir. Bu səbəbdən də mənim bu sahəyə gəlişim asan oldu. Elbəy Rzaquliyev, Rafiq İsmayılov kimi sənətkarlarla işləyərək sonradan artıq fərdi rəssam kimi çalışmağa başladım. Bilirsiniz, mən memaram, bunun üstünlüyü odur ki, memar məkanı üç ölçüdə görə bilir. Xarici filmlərdə titrlərdə memar-rəssam yazırlar. Bir müstəvidə işləyən rəssamdan fərqli olaraq o, vizual məkanı daha dəqiq görə bilir.

 

– İlk müstəqil işlədiyiniz film hansı oldu?

– Mərhum rejissorumuz Tofiq İsmayılovla “Əzablı yollarla” filmində işlədik.

 

– “Məlikməmmədin nağılları”nın motivləri əsasında lentə alınan film. Nağıl-filmdə çalışmaq çətin deyildi ki?

– Xeyr, əksinə, filmin çəkilişləri zamanı maraqlı məqamlarla rastlaşdıq.

 

– Ən çox əmək sərf etdiyiniz film hansı olub?

– Düzünü deyim ki, əmək və məsuliyyət tələb etməyən filmləri qəbul etmirəm. Çalışıram o filmləri işləyim ki, orada çoxlu iş və yaratmaq imkanı olsun. Məsələn, “Cavad xan”, “Yeddi gözəl” film-baleti və çalışdığım digər filmlər.

 

– Siz həm də memarlıq nümunələrinin müəllifisiniz...

– Bakı şəhərində bir neçə iaşə müəssisəsinin müəllifiyəm. Hazırda Gədəbəy rayonunda layihəm əsasında böyük bir hotel inşa olunur. XI-XII əsr memarlıq məktəbimizi əks etdirir. Mərakeş və Azərbaycan memarlığının sintezini yaratmışam bu layihədə. Xəzər rayonunun Qala kəndinə dönən yolda məşhur “Qala bazar” deyilən layihə də mənə məxsusdur.

 

– 40 ildən artıq bu sahədə çalışan insan kimi kino sizin üçün nə deməkdir?

– Janrından asılı olmayaraq hər yeni film mənim üçün yeni bir məsuliyyət və həyəcan deməkdir. Baxmayaraq ki, bu günə kimi 100-dən artıq filmə bədii tərtibat vermişəm.

 

– Bildiyim qədər, Azərbaycandan kənarda da filmlərə quruluş vermisiniz...

– Rusiya kanalları ilə bir çox filmlər işləmişik. Beş ilə yaxın Rusiyanın Birinci kanalı və NTV ilə çalışdım. Bədii filmlər və tarixi seriallar çəkmişik. Rusiyanın NTV kanalı ilə yayımlanan “Dronqo”, “Jurnalist”, “Qraf Kristovski” və s. teleseriallarının rəssamı olmuşam. Polşa, Fransa kinematoqrafçıları ilə, tanınmış aktyor Jerar Depardye ilə birgə işlərim olub.

 

– Hazırda çəkiliş meydançasındayıq...

– Bəli, “Mehmandarovlar” filmi üzərində çalışırıq. Rejissoru Yavər Rzayevdir. Bədii-sənədli filmdir. Əsas çəkilişlər Bakıda olacaq. Filmin bir hissəsini isə Şuşada “Mehmandarovların evi”ndə lentə aldıq. Hazırda malikanə Heydər Əliyev Fondu tərəfindən restavrasiya olunur deyə tikilinin həyətində çəkilişlər apardıq.

 

– Bu il işlədiyiniz başqa film oldumu?

– Bundan əvvəl Asif Rüstəmovun “Mərmər soyuğu”  filmində çalışmışam.

 

– Qısa və konkret danışırsınız...

– Bilirsiniz ki, müsahibə verməklə aram yoxdur. İşimi görüm, vəssalam. Durum özümü tərifləyim, nə mənası var. Bu mənim xasiyyətimə uyğun deyil. İşimi xalq görür, bu mənə bəs edir. Sadəcə, biz illərdir tanışıq deyə, ona görə də yarızarafat-yarıgerçək söhbət üçün yeddi dəqiqə vaxtımız var dedim. Amma 17 dəqiqə keçib...

 

– Elə isə bu günlük son sual. Yaradıcılıq fəaliyyətində dekorasiya ilə bağlı başınıza gələn maraqlı və unudulmaz hadisə yəqin ki, olub.

– Əlbəttə, olub. Belə bir hadisə elə “Əzablı yollarla” filminin çəkilişləri zamanı baş verdi. Biz filmin çəkilişi üçün Naxçıvandakı “Əshabi-kəhf” mağarasını məkan olaraq seçdik. Ərazidə cinlərin imarətini tikmək qərarına gəldik. Bu mərhələdə çəkiliş qrupu avtomobil qəzasına düşdü. Heyətin, mən də daxil, 70 faizi zədələr aldı. Ağır travmalarla xəstəxanaya yerləşdirilənlər oldu. Amma hərdən düşünürəm ki, mənim yüngül xəsarət almağımın bir səbəbi də var. O vaxt ziyarətçilər “Əshabi-kəhf”ə nərdivanla qalxırdılar və sona kimi nərdivan yox idi. Mən çəkilişə hazırlıq ərəfəsində orada daşdan nərdivan tikdirdim. Düşünürəm ki, bəlkə də bu savab işim məni həmin qəzada ağır xəsarətdən xilas etdi... Onu da deyim ki, orada çəkilişlərimiz alınmadı, qayıdıb Bakıda pavilyonlarda filmi ərsəyə gətirdik.

 

– Bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edir, bir daha yubileyinizi və qarşıdan gələn peşə bayramınızı təbrik edirik.

– Çox sağ olun.

L.Azəri