Zamanın səhifələrində qalan olaylar, faktlar...
299 il əvvəl...
28 iyul 1723-cü ildə Çar I Pyotrun göndərdiyi rus qoşunları Bakını işğal edib. Bakı hakimi Məhəmmədhüseyn bəy sürgünə göndərilib. Bu, Rusiyanın Azərbaycan üzərinə birinci işğalçılıq yürüşü idi. 1735-ci ildə ruslar Səfəvi dövləti ilə bağlanmış müqavilənin şərtlərinə görə, Azərbaycan torpaqlarını tərk etdilər. Rusiya imperiyasının Azərbaycan üzərinə ikinci və həlledici yürüşü XIX əsrin əvvəlində başlandı.
201 il əvvəl...
28 iyul 1821-ci ildə Cənubi Amerikada İspaniya müstəmləkəçiliyinə qarşı davam edən mübarizədə Peru dövlət müstəqilliyini elan edib. Peru XVI əsrdə İspaniyanın müstəmləkəsinə çevrilmişdi.
108 il əvvəl...
28 iyul 1914-cü ildə I Dünya müharibəsi (1914-1918) başlanıb. “Antanta bloku” (Rusiya, Fransa, Böyük Britaniya) və “Dördlər ittifaqı” (Almaniya, Avstriya-Macarıstan, Osmanlı, Bolqarıstan) arasında müharibə Avstriya-Macarıstanın Serbiyaya savaş elan etməsi ilə alovlanıb. 1 avqustda Serbiyanın müdafiəçisi kimi Rusiya müharibə qoşulub. Ardınca Almaniya, avqustun 3-də Fransa, 4-də Britaniya, sonra Osmanlı dövləti müharibəyə qatılıb. Dörd il (11 noyabr 1918-ci ilədək) sürən müharibədə ümumilikdə 38 dövlət iştirak etmiş,12 milyondan çox insan həlak olmuşdu. Müharibə nəticəsində dörd imperiya (çar Rusiyası, Osmanlı, Avstriya-Macarıstan, kayzer Almaniyası) süqut etdi.
104 il əvvəl...
30 iyul 1918-ci ildə Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə çar Rusiyası işğalından (1805) sonra Gəncə şəhərinə verilmiş Yelizavetpol adı ləğv olunub, şəhərin tarixi adı bərpa edilib. 1935-ci ildə Gəncənin adı yenidən dəyişdirilib və sovet liderlərindən olan Sergey Kirovun adı ilə Kirovabad adlandırılıb. 1989-cu ildə təkrar tarixi adı özünə qaytarıldı.
84 il əvvəl...
29 iyul 1938-ci ildə Yaponiya qoşunlarının Xasan gölü ətrafında (Koreya ilə sərhəd) SSRİ ərazisinə müdaxiləsi ilə hərbi toqquşmalar başlanıb. Avqustun 18-də yaponlar tutduqları ərazilərdən çıxarıldı. Döyüşlərdə nə qədər sovet döyüşçüsünün həlak olduğu açıqlanmasa da, 6 mindən çox hərbçiyə orden və medallar verilmişdi.
40 il əvvəl...
29 iyul 1982-ci ildə Şuşa şəhərində görkəmli şairə Xudşidbanu Natəvanın abidəsinin (heykəltəraş – Həyat Abdullayeva) açılışı keçirilib. Mərasimdə respublikanın rəhbəri – Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev iştirak edib.
33 il əvvəl...
29 iyul 1989-cu ildə Azərbaycandan Ermənistana gedən dəmiryolu xətti Ermənistan ərazisində qatarlara edilən hücumlar nəticəsində bağlanıb. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən blokadaya alınması başlanıb. Bundan sonra Bakı-Naxçıvan dəmiryolu xətti qeyri-müntəzəm olaraq, uzun fasilələrlə fəaliyyət göstərib. 1991-ci ilin payızında dəmiryolu xətti tamamilə kəsilib.
32 il əvvəl...
31 iyul 1990-cı ildə Yuqoslaviya federasiyasının subyekti olan Bosniya-Herseqovina müstəqilliyini elan edib. 6 respublikanı birləşdirən Yuqoslaviyanın dağılması ağır müharibə ilə müşayiət olundu. Ən qanlı savaş üç etnik qrupun – müsəlman bosniyalılar, katolik xorvatlar və pravoslav serblərin yaşadığı Bosniya-Herseqovinada baş verdi. 1995-ci ildə ABŞ-ın səyləri ilə tərəflər arasında sülhü təmin edən sənəd (“Deyton sülhü”) imzalandı.
31 il əvvəl...
31 iyul 1991-ci ildə erməni terrorçu qrupu Azərbaycana qarşı növbəti qanlı aksiya həyata keçirib. Moskva-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarının Dağıstanın Temirtau stansiyası yaxınlığında partladılması nəticəsində 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdı.
29 il əvvəl...
29 iyul 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinin genişlənməsi və erməni silahlı qüvvələri tərəfindən Ağdam rayonunun işğalı ilə bağlı 853 saylı qətnamə qəbul edib. Qətnamədə erməni silahlı qüvvələrinin Ağdamdan və Azərbaycanın daha öncə işğal olunmuş bütün ərazilərindən çıxarılması tələb olunurdu. Bundan öncəki 822 saylı (Kəlbəcər) və sonrakı 874, 884 saylı qətnamələr kimi bu sənədin də müddəaları kağız üzərində qaldı. Azərbaycan 2020-ci ilin 44 günlük müharibəsində BMT qətnamələrinin icrasını öz gücü ilə təmin etdi.
Hazırladı: V.Orxan