2022-ci ilin yarısını geridə qoyduq. Ötən dövrdə teatr və konsert müəssisələri, muzeylər və qalereyalar pandemiya məhdudiyyətlərinin aradan qaldırılması ilə normal fəaliyyətini bərpa etməyə çalışdılar.

COVID 19-dan əvvəl muzeylərin ziyarətçiləri arasında əcnəbi qonaqlar da bəlli bir yerə sahib olurdular. Lakin hələ də ölkələrin quru sərhədləri bağlı olduğundan turist axınında da müəyyən durğunluq hiss olunur. Bunu Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir neçə muzeydən aldığımız statistik məlumat da təsdiqlədi.

Ölkəmizin aparıcı muzeylərindən olan Azərbaycan Milli Xalça Muzeyinin mətbuat katibi Ülvinə Fərzəliyeva dedi ki, ilin birinci yarısında kompleksin 30 minə yaxın ziyarətçisi olub. Bunlardan 17 000-ə qədəri yerli, 12 000-dən çoxu isə xarici ölkədən gəlmiş ziyarətçidir.

***

İlin I yarısında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə və onun filiallarına 5668 ziyarətçi gəlib. Muzeyin əsas binasını ziyarət edənlərdən 3253 nəfərdən 3116-sı yerli, 137-si isə xarici qonaq olub.

Muzeyin filialları – Niyazinin Mənzil-Muzeyi, Qara Qarayevin Ev-Muzeyi, Vaqif Mustafazadənin Ev-Muzeyi və Xalq çalğı alətləri daimi sərgisinə 2415 ziyarətçi baş çəkib. Onlardan 72-si xarici qonaqdır.

Musiqi Mədəniyyəti Dövlət Muzeyindən ilin ikinci yarısında keçiriləcək tədbirlər haqqında da məlumat aldıq. Direktor, Əməkdar mədəniyyət işçisi Alla Bayramova qeyd etdi ki, avqustun 17-də görkəmli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin 80, bir gün sonra isə böyük dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyazinin 110 illiyinə həsr olunmuş tədbirlər keçiriləcək. Sentyabr ayında Milli Musiqi Günü, Beynəlxalq Sülh Günü və Vətən müharibəsində həyatını itirənlərin Anım Günü münasibətilə müxtəlif tədbirlər təşkil ediləcək. Oktyabrda Beynəlxalq Musiqi Günü, Xalq artisti, tarzən Əhməd Bakıxanovun 130 illiyi, noyabrda Xalq artisti, bəstəkar Emin Sabitoğlunun 85 illiyi, Zəfər Günü münasibətilə konsert, Fikrət Əmirovun 100 illiyi, dekabrda isə “Unudulmayanlar” rubrikasında Xalq artistləri Şövkət Ələkbərova və Sara Qədimovanın 100 illik yubileyləri, həmçinin “Heydər Əliyev – müasir Azərbaycan dövlətinin əbədiyaşar memarı” adlı tədbirin keçirilməsi nəzərdə tutulur.

***

Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli bildirdi ki, ilin I yarısında muzeyə ümumilikdə 4630 ziyarətçi gəlib. Bunlardan 4330-u yerli vətəndaş, 300-ü isə xarici qonaqdır. Bu ilin əvvəlindən həyata keçirilən və “Şuşa İli”nə həsr olunan “Şuşa – Qarabağın dünəni, bu günü, sabahı”, vətənpərvərliyin təbliği və Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə ötən ildən reallaşdırılan “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihələr ilin sonuna qədər davam etdiriləcək. Bununla yanaşı, ötən əsrin 30-cu illər repressiya hadisələrinin 85 illiyi və repressiya qurbanlarından olan istiqlal şairi Əhməd Cavadın 130 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsi planlaşdırılır.

***

Azərbaycan Milli İncəsənət Muzeyi bu ilin altı ayında ən çox ziyarətçi (həm də xarici ölkələrdən) qəbul edən muzeylərdəndir. Yanvar-iyun aylarında muzeyi 15 767 nəfər ziyarət edib. Bunlardan 13 785-i yerli, 1982-si isə əcnəbi qonaqlardır.

Muzeyin Elmi-kütləvi işlər şöbəsinin müdiri Rəfiqə Quliyeva vurğuladı ki, sentyabr ayından başlayaraq “İncəsənətimizin qaynaqları. Əbədi simvollar, səyyar naxışlar”, “İslam incəsənəti”, “Mədəniyyətlərin dialoqu. Azərbaycan Şərq və Qərbin qovşağında”, “Avropa ölkələrinin tətbiqi sənəti Milli İncəsənət Muzeyində” və “Qafqaz mövzusu rus rəssamlarının yaradıcılığında” adlı mühazirələr keçiriləcək. Həmçinin hər ay muzeydə uşaqlar üçün maarifləndirici, əyləncəli proqramlar, tədbirlər həyata keçirilir.

Muzeydə hazırda iki böyük sərgi davam edir. Bunlar “Mədəniyyətimizin incisi – Qarabağ” və “Həyata sevgi ilə: Mikayıl Abdullayev” sərgiləridir. “Həyata sevgi ilə” sərgisi yaxın zamanda sona çatacaq. “Mədəniyyətimizin incisi – Qarabağ” sərgisi isə ilin sonunadək davam edəcək.

Nurəddin Məmmədli