Sentyabrın 7-dən 11-dək Bakıda V “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

Festivalın seçim komissiyası müsabiqə proqramına daxil edilmiş filmlərin siyahısını elan edib. Siyahı festivalın www.animafilm.az saytında dərc olunub.

Builki festivala 50 ölkədən 230 film daxil olub. Seçim komissiyası müsabiqəyə 29 ölkədən 75 film qəbul edib. Filmlər 1 yerli və 6 beynəlxalq kateqoriya üzrə yarışacaq. Bundan başqa, bu il “Tamaşaçı seçimi” müsabiqəsi də elan olunur. “Tamaşaçı seçimi”nin qalibi film nümayişləri zamanı tamaşaçı səsverməsinin nəticələri üzrə müəyyənləşdiriləcək.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək builki festival “İqlim dəyişikliyi” mövzusuna həsr olunub. Festival çərçivəsində iqlim dəyişikliyi mövzusunda filmlərin nümayişi və müzakirəsi ilə yanaşı, geniş xeyriyyə aksiyası da keçiriləcək. Festivalın bilet satışından əldə olunan vəsait ölkə ərazisində ağac əkilməsinə sərf ediləcək.