AMEA-nın 30-dan çox elmi müəssisəsi yeni nazirliyin, 3 muzeyi isə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

 

Prezident İlham Əliyev iyulun 28-də “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, Təhsil Nazirliyi bundan sonra Elm və Təhsil Nazirliyi adlandırılacaq. Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Elm və Təhsil Nazirliyinə həvalə edilir.

Nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılır.

Fərmana əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının siyahısı təsdiq edilib. Siyahıya AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi, Kimya Elmləri Bölməsi, Yer Elmləri Bölməsi və Biologiya və Tibb Elmləri Bölməsi, habelə akademiyanın Naxçıvan və Gəncə bölmələri üzrə ümumilikdə 30-dan çox elmi müəssisəsi – institutlar, elmi istehsalat birlikləri və s. daxildir.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev-Muzeyi əmlakları ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində Elm və Təhsil Nazirliyinin yeni əsasnaməsinin və strukturunun, habelə yeni yaradılan Agentliklərin əsasnamələrinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Elm və Təhsil Nazirliyinin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say həddini, habelə nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını təsdiq edərək bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Elm və Təhsil Nazirliyi tabeliyinə verilən qurumların sayının optimallaşdırılması və fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində təkliflərini altı ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.

Fərmana əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Ümumi Yığıncağında qəbul edilmiş yeni nizamnaməsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Həmçinin Mədəniyyət Nazirliyinə fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.