Azərbaycan kino sənayesinin inkişafına dair fikir mübadiləsi aparılıb

 

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov iyulun 27-də dünya şöhrətli rejissor Timur Bekmambetovu qəbul edib.

Görüşdə Azərbaycan kino sənayesinin inkişafı və perspektivləri, mümkün birgə layihələrin həyata keçirilməsi, o cümlədən Azərbaycanda animasiya filmləri məktəbinin yaradılması ətrafında fikir mübadiləsi aparılıb.

Timur Bekmambetov nazir Anar Kərimova səmimi qəbula görə təşəkkürünü bildirib.

Qeyd edək ki, qazax əsilli Timur Bekmambetov Rusiyada, eləcə də Hollivudda bir sıra məşhur filmlərin rejissoru və prodüseridir.

Ona Rusiyada şöhrət gətirən ilk ekran işi 2004-cü ildə çəkdiyi “Gecə gözətçiləri“ (“Ночной дозор”) filmi olub. 2006-cı ildə onun davamı kimi “Gündüz gözətçiləri“ ekranlara çıxıb və həmin il Rusiyada kassa yığımına görə birinci film olub.

2005-ci ildə Hollivuda dəvət alan Timur Bekmambetov “Fox” Kinostudiyasında, “Universal Pictures”də bir sıra layihələr həyata keçirib. Hollivudda “Xüsusilə təhlükəlidir”, “Prezident Linkoln: vampirlər ovçusu”, “Ben Qur” və s. filmləri çəkib. Son illər özünün layihəsi skrinlayf (screenlife) formatında filmlər (bütün hadisələr kompüter və ya smartfon ekranında cərəyan edir) hazırlayır.