Türkiyənin ilk qadın vəkili, azərbaycanlı Sürəyya Ağaoğlu yad edildi
Avqustun 1-də Ankaradakı Azərbaycan Evinin “Şuşa” konfrans salonunda “Qarabağdan Birləşmiş Millətlər tribunasına gedən yolda qabaqcıl qadın Sürəyya Ağaoğlu” adlı beynəlxalq simpozium keçirildi.
Tədbirə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri Aygün Attar, Azərbaycanın Türkiyədəki Səfirliyinin müşaviri Elçin Allahverdiyev, Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Azərbaycanın Rusiyadakı Səfirliyinin mədəniyyət müşaviri, Əhməd bəy Ağaoğlu Araşdırmalar Birliyinin sədri Nigar Axundova, AKP İstanbul millət vəkili Zeynep Yıldız, digər qonaqlar qatılmışdı.
Açılış nitqi söyləyən TADİV başqanı professor Aygün Attar görkəmli ziyalı Əhməd Ağaoğlu (1869-1939) və qızı Sürəyya Ağaoğlunun (1903-1989) fəaliyyətlərinin Türkiyə cəmiyyəti üçün əhəmiyyətindən bəhs etdi.
Sonra Sürəyya Ağaoğlu haqqında sənədli film nümayiş etdirildi.
Azərbaycanın Türkiyədəki Səfirliyinin müşaviri Elçin Allahverdiyev Sürəyya Ağaoğlunun həyat yolundan söz açdı, onun, çətin şəraitdə də olsa, böyük əzm göstərərək təhsil aldığını söylədi. Bildirdi ki, 1920-ci illərdə qadınların təhsildən uzaq olduğu vaxtlarda Sürəyya Ağaoğlu İstanbul Darülfünunun (sonralar İstanbul Universiteti) Hüquq fakültəsinə daxil olur: “O, ilk mərhələdə üç rəfiqəsi ilə fakültədə hüquq təhsili alsa da, daha sonra təkidlə oğlanlarla eyni sinifdə dərs almağa nail olur. Yəni Sürəyya xanımın təsiri ilə Türkiyə Avropanın bir çox ölkəsindən əvvəl qadın və kişilərin birgə, eyni siniflərdə təhsil aldığı ölkəyə çevrildi...”.
Müşavir çıxışında səfirliyin Ağaoğlu ailəsinin fəaliyyətləri ilə bağlı gördüyü işlərə də toxundu.
Toplantıda çıxış edən Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları ilə İş üzrə Baş İdarəsinin (YTB) rəhbəri Abdullah Eren Azərbaycanın qədim şəhəri Şusada doğulan Sürəyya Ağaoğlunu və ailəsini Azərbaycan-Türkiyə münasibətlərində simvollardan biri kimi xarakterizə etdi: “Qaranlıq zamanlarda millətləri bir-birinə yaxınlaşdıran, əməlləri ilə gələcəyə işıq tutan adlar var. Bu iki qardaş xalqı uzun müddət birləşdirən adlardan biri də Ağaoğlu ailəsi olub. Onların əməyi sayəsində Türk dünyasının birliyindən, həmrəyliyindən danışmaq olar”.
Ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva qeyd etdi ki, Sürəyya Ağaoğlu həm qadın, həm də uşaq hüquqlarını müdafiə edən ziyalı olub: “O, oğlan və qızların bir yerdə oxumasını təmin edirdi. Bu prinsiplərə önəm verən Sürəyya xanım getdiyi hər yerdə böyük hörmət və sevgi görüb. Ankaradan sonra İstanbul Vəkillər Kollegiyasına keçdi və həmin kollegiyanın Beynəlxalq Vəkillər Kollegiyasına üzv olmasına şərait yaratdı. O, Türkiyə Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi olub. Öz peşəsində qazandığı uğurlar Sürəyya xanımın üzünə beynəlxalq qapıları da açıb...”.
Millət vəkili Şamil Ayrım da çıxışında Əhməd Ağaoğlu və Sürəyya Ağaoğlunun Türkiyədə fəaliyyətindən bəhs etdi.
Tədbirin bədii hissəsində Azərbaycanın Əməkdar artisti, virtuoz skripkaçı Elvin Hoca Qəniyev və TADİV musiqi qrupunun ifaları maraqla qarşılandı.
Mehparə Sultanova
Ankara