Avqustun 2-də görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı maestro Niyazinin (1912-1984) vəfatının 38-ci ildönümü münasibətilə sənətkarın məzarı ziyarət olunub.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşları, mədəniyyət xadimləri Fəxri xiyabana gələrək maestronun məzarı önünə gül dəstələri düzüblər.
Muzeyin kollektivinin hər il Niyazinin doğum və vəfat günlərində xatirəsini yad etdiyi, həmçinin sənətkarın mənzil-muzeyində onunla bağlı tədbirlərin keçirildiyi diqqətə çatdırılıb.
Maestronun Azərbaycanın musiqi mədəniyyətinin inkişafında xidmətləri vurğulanıb. Qeyd edilib ki, Niyazi nəinki Azərbaycanın, eyni zamanda Türk dünyasının musiqi mədəniyyətinin inkişafında xidmətləri olan şəxsiyyətdir.
Qeyd edək ki, avqustun 2-də Niyazinin anım günü münasibətilə sənətkarın mənzil-muzeyində “açıq qapı” elan olunub. Aksiya çərçivəsində qonaqlara maestro haqqında sənədli filmlər, onun konsertlərindən, “Rast” muğam-baleti və “Çitra” baletindən videogörüntülər təqdim olunub.