Statistik məlumatlara görə, Azərbaycanda yarım milyondan artıq insan sosial şəbəkələrdən istifadə edir. Mütəxəssislər hesab edirlər ki, sosial şəbəkələr hər hansı fəaliyyət sahəsində təbliğatın, piarın daha effektli və az vəsait xərcləyərək aparılmasına geniş imkanlar yaradır. Bu gün hər fərd, şirkət, təşkilat sosial şəbəkələrə çıxmaqla böyük auditoriya əldə edə bilər. Bəs sosial şəbəkələrdən turizmin təbliği baxımından yararlanmaq nə dərəcədə əhəmiyyətli ola bilər?
Qəbələnin turizm potensialı sosial şəbəkələrdə
Sosial şəbəkələrdən Facebook, Tvitter, odnoklasniki.ru Azərbaycanda daha çox yayılıb. Bu şəbəkələrdə turizmlə, mədəni aksiyalarla bağlı məlumatlara, dəvətlərə rast gəlmək mümkündür. “GabalaNet” layihəsinə ötən ilin əvvəllərində start verilib. Layihənin məqsədi internet vasitəsilə, daha dəqiq sosial şəbəkələrdə Qəbələ rayonunun turizm potensialını tanıtmaq, bölgədə baş verən hadisələri geniş auditoriyaya yaymaqdır. Layihənin koordinatoru, Sağlam Həyat Uğrunda İctimai Birliyinin icraçı direktoru Bahadır İbrahimlinin sözlərinə görə, bu cür layihələr turizmin təbliği baxımdan önəmlidir: “Fəaliyyətimizin əsas hissəsini sosial şəbəkələr təşkil edir. Hazırda biz Facebook və Twitterdə məlumatları paylaşırıq. Paylaşdığımız məlumatları www.gabalacity.com saytına istinad edirik. Bu sayt da layihənin bir parçasıdır. Facebookdakı səhifəmizin 2 minə qədər aktiv istifadəçisi var, Twitterdə isə 2 mindən çoxdur. Qəbələ rayonu haqqında məlumatların online ensiklopediyada (Vikipediya) geniş yayılmasına, rayonun turizm marşrutlarının tanıdılmasına çalışırıq.
Həmsöhbətim sosial şəbəkələrdə təbliğata üstünlük verilməsinin səbəbini belə izah edir: “Bu gün insanlar istirahət etmək üçün getmək istədikləri yerləri əvvəlcədən dəqiqləşdirirlər və müəyyən ibtidai məlumatlar toplayırlar. Buna görə də biz, insanların ən çox istifadə etdiyi sosial şəbəkələrdə məlumatlar paylaşmağa başladıq. Fəaliyyətimiz boyu çox hala rast gəlmişik ki, bizdən hotellər, istirahət mərkəzləri, kirayə evlər barədə məlumat soruşublar və biz istədikləri məlumatı göndərmiş və ya aidiyyəti şəxslərlə əlaqələndirmişik. Mən hotel və istirahət mərkəzlərinin də sosial şəbəkələrdə aktivləşməsinin tərəfdarıyam”.
Quba Turizm İnformasiya Mərkəzi Facebookda
Quba Turizm İnformasiya Mərkəzi son illərdə yaradılıb. Facebook sosial şəbəkəsində qurumun fəaliyyəti ilə tanış olmaq mümkündür. Mərkəzin böyük mütəxəssisi Rübabə Musayeva deyir ki, sosial şəbəkələrdən yararlanmaqla mərkəzin fəaliyyətinin daha geniş təbliğinə nail olmaq olar: “Düzdür, bizim saytımız da fəaliyyət göstərir. Lakin etiraf etməliyik ki, sosial şəbəkələrdə fəal təbliğat daxili turizm potensialının təbliğinə böyük töhfə verə bilər. Sosial şəbəkədə mütəmadi olaraq Qubanın gözəlliklərini əks etdirən fotolar, tarixi kəndlər, qədim tarixi abidələrlə bağlı məlumatlar yerləşdirir, paylaşırıq. Şəbəkə üzvlərini maraqlı təqdimatda dəvət edir, yazılan şərhlərdən Qubanın tarixi, mədəni irsi, rayonumuzun turizm imkanları ilə bağlı rəyləri öyrənirik. Bizə müraciət edən turistlərin əksəriyyəti Xınalığa maraq göstərir. Bunu nəzərə alıb son günlərdə Xınalıqla bağlı məlumatlar yerləşdirmişik”.
Sosial şəbəkələrdə arxeoloji turizm təbliğ olunur
“Miras” İctimai Birliyinin sədri Fariz Xəlilli hesab edir ki, müasir dövrdə sosial şəbəkələrdən düzgün istifadə etməklə geniş auditoriyada daxili turizmin təbliğinə nail olmaq mümkündür: “Sosial şəbəkələr bizə qruplar yaratmağa, geniş auditoriyaya vəsait xərcləmədən çıxmağa, məlumatları dostlarımızın dostları ilə də paylaşmağa imkan verir. Əgər hər hansı bir vətəndaş maraqlı təbiət hadisəsindən aldığı zövqü, fotoları, düşüncələri sosial şəbəkədə paylaşırsa, o, eyni zamanda bölgənin turizm təbliğatçısına çevrilir. Məsələn biz, sosial şəbəkə vasitəsilə mədəni irs turlarını elan edirik. “Miras” İctimai Birliyi olaraq arxeoloji turizmin Azərbaycanda olan potensialını müəyyən qədər təbliğ edə bilmişik. Təşkil etdiyimiz mədəni turların bir çoxunun iştirakçıları məhz Facebook şəbəkəsi istifadəçiləridir. Gənclər təşkilatları da çox vaxt mədəni turları əvvəlcədən sosial şəbəkələrdə elan edirlər”.
Kütləvilikdən turizmin xeyrinə yararlanmaq olar
Azərbaycan Turizm İnstitutunun Turizm biznesinin təşkili və texnologiyası kafedrasının müəllimi Qəhrəman Yusupov sosial şəbəkələrdə turizmin təbliğini vacib sayır. Onun sözlərinə görə, istənilən sosial şəbəkənin kütləviliyindən turizmin təbliği xeyrinə yararlanmaq mümkündür. Bundan əlavə, turizm təşkilatları bu yolla da öz fəaliyyətləri barədə müxtəlif rəyləri öyrənə, şərhlərdəki tənqidlərdən nəticə çıxara bilərlər. “Bu şəbəkələrdə çoxlu sayda insan getdiyi, gördüyü turizm obyektləri, istirahət mərkəzləri barədə şərhlər yazır. Bu rəylər nəticəsində bu və ya digər turizm bölgəsi haqqında rəy formalaşır”.
“Heritage Travel” turizm şirkətinin direktoru Rəşad İbrahimov da sosial şəbəkələrdən istifadənin əlverişli olduğu qənaətindədir: “Biz sosial şəbəkələrdən istifadə etməklə geniş auditoriyaya məlumatlar yaya bilirik. Bəzən turlarımızı sosial şəbəkələr vasitəsilə də elan edir, turlarla bağlı sorğular keçiririk. Sosial şəbəkələr vasitəsilə Ukrayna, Rusiya və digər ölkələrdən həmkarlarımızla əlaqələr qurmuşuq. Düşünürəm ki, gələcəkdə sosial şəbəkələrdən yararlanmaqla qarşılıqlı turist səfərləri təşkil etmək də mümkün olacaq”.
C.Zərbəliyev